...

Elman Məmmədov: Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır

Siyasət Materials 30 Aprel 2020 10:16 (UTC +04:00)
Elman Məmmədov: Əhali ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdır

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Azərbaycan əhalisi ölkədə yumşaldılan xüsusi karantin qaydalarından arxayın olmamalıdırlar.

Bunu Trend-ə açıqlamasında millət vəkili Elman Məmmədov deyib.

Onun sözlərinə görə, əhalinin arxayınlığı daha ağır nəticələrə səbəb ola bilər:

"Biz ən azından İtaliya, Rusiya kimi ölkələrdən nəticə çıxarmalıyıq. Bu ölkələrdə karantin qaydalarına əməl olunmaması böyük faciələrə səbəb oldu. Azərbaycan dövləti koronavirusdan müdafiə üçün bütün lazımi tədbirlər gördü, əhalini özünütəcridə çağırdı, vətəndaşlar xüsusi karantin qaydalarına əməl etdi və nəticədə Azərbaycanda hələ ki, bu virus səbəbindən daha az itki oldu. Amma bu o demək deyil ki, ölkəmizdə bu virusun yoluxma təhlükəsi yoxdur. Bu təhlükə hələ də var. Karantin başa çatandan sonra əhali səhlənkarlıq edərsə, ölkədə daha pis vəziyyət yarana bilər. Artıq karantin qaydaları yumşaldılıb, küçələrdə gediş-gəlişlər artmaqdadır, bəzi obyektlərin fəaliyyətinə icazə verilib. Bu prosesdə vətəndaşlar daha diqqətli olmalı, özünütəcridə daha çox önəm verməlidirlər".

Millət vəkili bildirib ki, insanlar Azərbaycanda virusun qarşısının tam alındığını düşünərək sərbəst hərəkət etsə, gigiyenik qaydalara əməl etməsə nəticə çox pis ola bilər:

"Biz Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına diqqət yetirməliyik, dünyada baş verən proseslərə nəzər salmalıyıq. Dünyanın böyük gücləri sayılan dövlətlərdəki vəziyyət göz qabağındadır. Amerika Birləşmiş Ştatları (ABŞ), Avropanın qocaman dövlətləri pandemiyadan nə qədər itkilər verdilər. Bunlardan nəticə çıxarmaq lazımdır. Azərbaycanda son iki günün statistikasına baxanda görünür ki, artıq yoluxanların sayı yenə sağalanların sayını üstələyib. Bu, insanlarda yaranan arxayınçılıqla bağlıdır. Biz karantin qaydaları yumşaldılandan, karantin müddəti başa çatandan sonra daha çox ehtiyatlı olmalıyıq. 65 yaşdan yuxarı insanların küçələrə çıxmasına imkan verməməliyik, insanlarla təmasda ən azı 2 metr sosial məsafə saxlamalıyıq, vacib işimiz olmadığı halda evdə qalmalıyıq. Bu yalnız özümüzün və yaxınlarımızın qorunması üçündür. Hər birimiz bu qaydalara əməl etməli və evdə qalmaqla virusa tam qalib gəlməliyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti