...

Şərəfli yolun 145-ci dayanacağı

Siyasət Materials 21 İyul 2020 17:34 (UTC +04:00)
Şərəfli yolun 145-ci dayanacağı

Bakı. Trend:

Olduğumuz dayanacaqdan bir daha geriyə boylanaq və keçdiyimiz şərəfli yola nəzər yetirək…

Görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan milli mətbuatı 145 illik yubileyini qeyd edir. Bütün dövrlərdə həqiqət carçısı olan Azərbaycan milli mətbuatı cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirərək, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Milli mətbuatımızın 145 illik şərəfli salnaməsinə qısa nəzər yetirək.

“Əkinçi”dən başlanan şərəfli yol

XIX əsrin II yarısında Azərbaycanın iqtisadi və ictimai inkişafı milli mətbuatımızın yaranmasını zəruri edirdi. Bu zərurəti dərk edənlərdən biri də maarifçi Həsən bəy Zərdabi idi. Ancaq o dövrdə qəzet buraxmaq elə də asan məsələ deyildi. Lakin Həsən bəy Zərdabi böyük çətinliklər bahasına qarşısına qoyduğu hədəfə nail olaraq, qəzet nəşr edilməsi üçün hökumətdən icazə ala bilir. Beləliklə 1875-ci il 22 iyul tarixində “Əkinçi” nəşrə başlayır. "Əkinçi" qəzetində dərc edilən informasiyalar oxucuya məlumat verirdi və bu informasiyalar, müəyyən mənada, tarix hesab edilməlidir. Məhz buna görə “Əkinçi” həm də tarix salnaməsidir.

İnformasiyalar məzmunu etibarilə həm də vətənpərvərlik hisslərinin gücləndirilməsinə istiqamətlənirdi. Dövlətə, dövlətçiliyə çağırış təsirində qəbul edilməli belə informasiyalar, müəyyən mənada, təbliğati xarakteri ilə səciyyəvidir. Köhnə həyat tərzini pisləyən qəzet xalqı yeniliyə səsləyir, onları elmə çağırırdı. Azərbaycan mətbuat tarixinə şərəfli səhifələr açmış "Əkinçi" qəzeti məhz bu missiyanın daşıyıcısı idi. Təəssüf ki, “Əkinci” uzun müddət yaşaya bilmədi. Lakin onun missiyasını "Şərqi-rus", “Kaspi”, "Təkamül", "Yoldaş", "Molla Nəsrəddin", "Dəvət-Qoç", "Bakinski raboçi", "Dəbistan", "Hilal", "Tərəqqi", "Tuti", "Kəlniyyət", "Babayi Əmir" və s. qəzet və jurnallar davam etdirdi.

Milli Mətbuatın Cümhuriyyət dövrü

Mətbuatımız Cümhuriyyət dövrü öz ideya-məzmun zənginliyi ilə fərqlənirdi. O dövrdə Azərbaycan Xalq Cümhuriyyəti ideyalarını təbliğ edən milli mətbuatla yanaşı, bolşevik, eser-menşevik, erməni-daşnak mətbuatı və heç bir siyasi partiyaya mənsub olmayan informatik qəzetlər, jurnallar nəşr olunurdu. Cümhuriyyət dövründə "Azərbaycan", "İstiqlal", "Övraqi-nəfisə", "Müsəlmanlıq", "Qurtuluş", "Gənclər yurdu", "Şeypur", "Zənbur" və s. kimi milli ruhlu qəzet və jurnallar işıq üzü görüb. O dövrdə əsas mətbuatın əsas vəzifəsi Cümhuriyyəti qoruyub saxlamaqdan, daxili və xarici təhlükələrə qarşı ideoloji mübarizə aparmaqdan ibarət idi.

Sovet dövründə Azərbaycan mətbuatı

23 aylıq Cümhuriyyət dövründən sonra mətbuatımızın yeni bir mərhələsi başlayır. Təssüf ki, Sovet dövründə totalitar rejimin senzura maşını milli mətbuat ənənəsinin inkişafını dayandırır. Amma peşəkarlıq baxımından xeyli yol qət edilir. Xüsusilə 1969-cu ilin 14 iyulunda Ümummilli Lider Heydər Əliyevin Azərbaycana siyasi hakimiyyətə gəlişi, bütün sahələrdə olduğu kimi, mətbuatın inkişafına da böyük təkan verir. Ulu Öndər Heydər Əliyev Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində ixtisaslı kadrların hazırlanması istiqamətində əhəmiyyətli addımlar atılmasına nail olur. Məhz həmin illərdən etibarən Azərbaycan mətbuatında milli adət-ənənələrimiz, tariximiz, mədəniyyətimiz, dilimiz haqqında geniş yazılar dərc olunmağa başladı. Xüsusi vurğulanmalı məqam odur ki, Ümummilli lider Heydər Əliyev milli kimliyimizi yaşadan ana dilimizin inkişafını da xüsusi diqqət mərkəzində saxlayırdı. Xalqımızın böyük oğlu tarixdə misligörünməmiş cəsarət, siyasi müdriklik nümayiş etdirib, Azərbaycan Dövlət Universitetinin 50 illiyinə həsr olunan təntənəli toplantıda Azərbaycan dilində çıxış edərək ana dilimizə, milli dəyərlərimizə sahib çıxacağını nümayiş etdirdi. Məhz bu kimi amillər milli mətbuatımızın, xüsusilə ana dilli mətbuatın inkişafına böyük təkan verdi.

Müstəqilliyin ilk illərində milli mətbuatımız

Azərbaycan Respublikası 1991-ci il 18 oktyabr tarixində öz müstəqilliyini elan etsə də, müstəqillik formal xarakter daşıyırdı. Yarıtmaz idarəçilik sayəsində bütün istiqamətlərdə xaos, anarxiya, özbaşınalıq baş alıb gedirdi. Azərbaycanda həmin dönəmdə söz və mətbuat azadlığını təmin edən qanunvericilik bazası olmadığından həmin müstəqil qəzetlərin də fəaliyyətinə qeyri-qanuni müdaxilələr olurdu. Bir çox qəzetlərdə hələ də partiya ab-havası, totalitar rejimin ünsürləri özünü göstərirdi, senzura nəzarəti qalırdı. Bu dövrdə senzuranın da olması müstəqil mətbuatın fəaliyyətini bərbad vəziyyətə salırdı. Bir sözlə, müstəqil mətbuat orqanları olsa da, onlar müstəqilliklərini reallaşdıra, azadlığı fəaliyyətlərində sərgiləyə birmirdilər. Bir sözlə 1993-cü ilə qədər müstəqil mətbuat normal fəaliyyət göstərə və ictimai-siyasi proseslərdə iştirak edə bilmədi.

Müasir Azərbaycan mətbuatı

Ötən dövr ərzində keşməkeşli, eyni zamanda, şərəfli yol keçən milli mətbuatımız bu gün özünün müasir inkişaf mərhələsindədir.

1993-cü il 15 iyun tarixindən sonra Azərbaycan bütün bəlalardan qurtulmağa başladı. Elə buna görə də Ulu Öndər Heydər Əliyevin 15 iyun 1993-cü ildə Azərbaycanda yenidən hakimiyyətə gəlişi tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Bütün sahələrdə inkişaf, tərəqqi bərqərar olmağa başladı. O cümlədən mətbuatımız. Milli Qurtuluşla azad mətbuatın inkişafına əngəl yaradan süni məhdudiyyətlər aradan qaldırılmağa başlandı. Ümummilli lider Heydər Əliyev 6 avqust 1998-ci il tarixdə imzaladığı "Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında" fərmanı ilə kütləvi informasiya vasitələrinə senzura nəzarətini tamamilə ləğv etdi. Bunlarla yanaşı qanunvericilik təkmilləşdirildi və müasir dünya standartlarına uyğunlaşdırıldı. Kütləvi informasiya vasitələrinin maddi-texniki bazası möhkəmləndirildi. Ən əsası mətbuat üçün çoxsaylı güzəştlər müəyyən olundu.

Bu gün də Azərbaycan mətbuatı yeni dövrün tələblərinə əsasən inkişaf edir. Xüsusilə Prezident İlham Əliyev azad mətbuatın prioritetliyini önə çəkərək bu istiqamətdə zəruri addımlar atır. Ölkə başçısının 2003-cü ildən başlayaraq ardıcıl, qətiyyətli, uzaqgörən qərarları həm də mətbuatımızın inkişafını stimullaşdırır. Bu dövrdə mətbuatın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, jurnalist peşəkarlığının və məsuliyyətinin artırılması dövlət siyasətində prioritet istiqamətlərdən birini təşkil edir. 2005-ci ildə dövlət başçısı tərəfindən “Azərbaycan mətbuat işçilərinin təltif edilməsi haqqında”, “Azərbaycan mətbuat işçilərinə fəxri adların verilməsi haqqında”, “Kütləvi informasiya vasitələrinə maliyyə yardımı göstərilməsi haqqında” sərəncamların imzalanması jurnalist əməyinə nə qədər böyük dəyər verildiyini təsdiqləyir. Bu dövrdə milli mətbuatımızın 130, 135, 140 illik yubileyləri dövlət başçısı İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq paytaxt və bölgələrdə yüksək səviyyədə qeyd olundu. Möhtərəm Prezidentimizin Sərəncamı ilə KİV-lərin İnkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiqlənməsi, bu sənədə uyğun olaraq cənab İlham Əliyevin 3 aprel 2009-cu il tarixli Sərəncamı əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da dövlətimizin diqqət və qayğısının əsas tərkib hissəsidir. Belə bir Konsepsiyanın təsdiqlənməsi mətbuatın problemlərinin həllində keyfiyyətcə yeni bir mərhələnin əsasını qoydu. Son 16 ildən artıq müddətdə mətbuatla bağlı ən ümdə məqsədlərdən biri də dövlət orqanları ilə KİV arasında əməkdaşlıq münasibətlərinin inkişaf etdirilməsi olub. Məhz bu kimi addımlar dövlətimizin başçısı İlham Əliyevin son 16 ildən artıq dövrdə 3 dəfə “Jurnalistlərin dostu” mükafatına layiq görülməsini şərtləndirib. Mətbuata diqqət və qayğı bu gün də davam edir. Ötən dövr ərzində jurnalistlər üçün 3 bina tikilib. Onlardan artıq ikisində jurnalistlər yaşamaqdadır. Hazır olan üçüncü bina isə yaxın müddətə jurnalistlərə hədiyyə olunacaq. Bəli məhz hədiyyə olunacaq. Dünyanın heç bir yerində görülməyən nadir hədiyyələrdən biri.

Məlumdur ki, bütün dünya bu gün COVID-19 adlı bəşəri düşmənlə üz-üzədir. Ancaq buna baxmayaraq ölkə başçısı Azərbaycan Respublikasında milli mətbuat ənənələrinin qorunması və təbliğ edilməsi məqsədilə, kütləvi informasiya vasitələrinin ölkəmizin ictimai-siyasi həyatındakı yerini və müasir cəmiyyət quruculuğu prosesində rolunu nəzərə alaraq, Azərbaycan milli mətbuatının 145 illik yubileyinin geniş qeyd olunması haqqında sərəncam imzalayıb.

Son söz

Milli mətbuatımız müasir dövrün tələblərinə uyğun şəkildə durmadan inkişaf edir. İnternetin mövcud olduğu zamanda mətbuat da özünü yeni çalarlarla zənginləşdirir. Ənənəvi media ilə yanaşı, internet media da mövcuddur. Azərbaycanda internetin azad olduğunu və ölkə əhalisinin mütləq əksəriyyətinin ona çıxışı olduğuni nəzərə alasaq, informasiya təhlükəsizliyi anlayışı actual səslənir. Ona görə də məhz milli mətbuatdan - milli informasiya məkanının təhlükəsizliyini qorumaq, dövlətin, xalqın maraqlarını daim uca tutmaq, peşə etikasına riayət etmək, obyektivlik, qərəzsizlik prinsipini daim fəaliyyətində əsas götürmək kimi gözləntilər var. Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində yaşayan dövlətdir və düşmənlə yalnız cəbhədə deyil, informasiya müstəviyində savaşırıq. Bu çətin və şərəfli yolda bütün mətbuat nümayəndələrinə uğurlar arzulayıram. 145 illik yubileyin qutlu olsun Milli Mətbuatım.

Ülviyyə Abdullayeva
"Milli Məclis" jurnalının Baş redaktoru, Əməkdar jurnalist

Məqalədə:
Xəbər lenti

Xəbər lenti