...

Ermənistanın yalanları İsveçrənin milli və beynəlxalq səviyyədə ən böyük radiosu “RTS”-də ifşa olundu (FOTO)

Siyasət Materials 16 Oktyabr 2020 17:15 (UTC +04:00)
Ermənistanın yalanları İsveçrənin milli və beynəlxalq səviyyədə ən böyük radiosu “RTS”-də ifşa olundu (FOTO)

Bakı. Trend:

Ermənistanın siyasi rəhbərliyinin yalanları İsveçrənin milli və beynəlxalq səviyyədə ən böyük radiosu “RTS”-də ifşa olunub. (“Armenia is an aggressor and occupant in Nagorno-Karabakh” başlıqlı müsahibə
https://www.rts.ch/play/radio/tout-un-monde/audio/conflit-du-haut-karabakh-linterview-de-lambassadrice-hanum-ibrahimova?id=11664624)

Azərbaycanın İsveçrədəki səfirliyindən Trend-ə verilən məlumata görə, bu ilin 16 oktyabr tarixində Azərbaycanın İsveçrədəki səfiri Xanım İbrahimova milli və beynəlxalq səviyyədə İsveçrənin ən böyük radiosu hesab edilən “RTS” radiosuna Ermənistanın Azərbaycana qarşı təcavüzü və hazırda gedən döyüşlər barədə müsahibə vermişdir. Müsahibə radionun “Əsas vaxt”ında efirə çıxmışdır.

Müsahibədə ilk öncə, isveçrəli jurnalistin sualı əsasında Moskvada cari ilin 10 oktyabr tarixində əldə olunan humanitar atəşkəsə toxunuldu. Səfir Azərbaycan ərazisinin 20 faizinin- Dağlıq Qarabağ və ətraf 7 rayonun- 30 ilə yaxındır ki, Ermənistanın işğalı altında olduğunu, bu münaqişədə Ermənistanın təcavüzkar və işğalçı dövlət kimi qəbul edilməsinin vacibliyini dinləyicilərə çatdırdıqdan sonra bildirmişdir ki, Azərbaycan tərəfi Moskva görüşündə konstruktiv şəkildə iştirak etmiş, atəşkəsə hörmət edəcəyi ilə bağlı öhdəlik götürmüşdür. Azərbaycanın ən qısa zamanda danışıqlara başlamağa hazır olduğunu bildirən səfir X.İbrahimova Ermənistanın tamamilə fərqli mövqe tutduğunu və əldə edilən humanitar atəşkəsdən bir neçə saat sonra ölkəmizin ikinci böyük şəhəri hesab edilən Gəncənin ballistik raketlə vurduğunu və nəticədə 10-dan çox mülki əhalinin qətlə yetirildiyini, çox sayda insanların yaralandığını bildirmişdir. Oktyabrın 14-nə olan statistikaya əsasən yaşlılar və uşaqlar daxil olmaqla 43 mülki şəxs öldürülmüş, 214 nəfər müxtəlif xəsarətlərlə xəstəxanalara yerləşdirilmişdir.

Səfir vurğulamışdır ki, dinləyicilərin Ermənistanın işğalçı və təcavüzkar olmasını anlamaları çox vacibdir. Qeyd olunmuşdur ki, Azərbaycanın konstruktiv münasibətinə baxmayaraq Ermənistanın BMT Təhlükəsizlik Şurasının “Erməni silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarında tamamilə, dərhal və qeyd şərtsiz” çıxarılmasını tələb edən qətnamələrini, eləcə də əldə olunmuş atəşkəsi pozması məyusedicidir və Ermənistan beynəlxalq birlik tərəfindən ciddi şəkildə qınanılmalıdır. 30 ilə yaxın davam edən danışıqların, habelə beynəlxalq təşkilatlar tərəfindən qəbul edilən sənədlərin heç bir nəticə vermədiyini qeyd edən səfir Ermənistanın məqsədinin status-kvonu saxlamaq və işğalı etdirmək olduğunu diqqətə çatdırmışdır.

Azərbaycanın ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqlara həmişə sadiq qaldığını vurğulayan səfir X.İbrahimova Ermənistan rəhbərliyinin bu prosesi alt-üst etdiyini, Ermənistan ordusu tərəfindən cari ilin iyul, avqust və son olaraq sentyabr aylarında ölkəmizə qarşı təxribatların həyata keçirilməsi barədə ətraflı məlumat vermiş, eləcə də bu kontekstdə Azərbaycanın öz xalqını, ərazilərini qorumaq üçün əks-hücuma keçdiyini ifadə etmişdir.

Müsahibə zamanı Türkiyənin müharibədə iştirakı ilə bağlı məqamın müzakirəsində səfir Türkiyənin müstəqilliyimizin möhkəmləndirilməsində, ərazi bütövlüyümüzün qorunmasında və iqtisadi potensialımızın həyata keçirilməsində əsas rol oynadığını diqqətə çatdıraraq, Türkiyədən heç bir hərbi yardımın alınmadığını və buna ehtiyacın da olmadığını qeyd etmişdir. Qeyd olunmuşdur ki, Türkiyə sadəcə mənəvi, diplomatik və siyasi dəstək verir. Bu barədə yayılan məlumatların erməni təxribatlarından başqa bir şey olmadığını bildirilmişdir.

Türkiyə vasitəsilə suriyalı muzdluların ölkəmizə göndərilməsi yalanlarını da canlı yayımda ifşa edən səfir İbrahimova bu iddianın hərbçilərimiz üçün təhqir olduğunu dilə gətirərək Azərbaycanın kifayət qədər güclü və təcrübəli ordusunun mövcudluğunu qeyd etmiş və Azərbaycan torpaqlarında nə Türk qoşunlarının, nə də hər növ muzdluların olmadığını bildirmişdir. Bu xəbərlərin Ermənistan rəhbərliyi və diasporası tərəfindən yayılan uydurma, saxta xəbərlər olması vurğulanmışdır. Sonra Ermənistanın xarici muzdlulardan “könüllü döyüşçülər” adı altında istifadə etməsi qeyd olunaraq bu faktın sosial şəbəkələr vasitəsilə sübut edilə biləcəyi dinləyicilərin diqqətinə çatdırılmışdır.

Radio aparıcısının Azərbaycanın İsveçrədən indiki məqamda nə gözləməsi ilə sualına cavab olaraq səfir X.İbrahimova İsveçrənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsini, işğal edilmiş ərazilərimizdə yaradılan “qondarma” rejimi tanımadığını vurğulamışdır. Eyni zamanda dinləyicilərin diqqətinə çatdırılmışdır ki dünyanın heç bir dövləti “qondarma” rejimi tanımır. O bildirmişdir ki, İsveçrə bir neçə dəfə sülh danışıqları üçün platforma təqdim etmişdir və bu xüsusda, İsveçrənin oynaya biləcəyi rollardan biri də Ermənistana beynəlxalq hüquqa və Təhlükəsizlik Şurasının qərarlarına hörmət göstərilməsi ilə bağlı mövqenin çatdırılması olardı.

https://www.rts.ch/play/radio/redirect/detail/11664624

https://www.rts.ch/play/radio/redirect/detail/11662183

Məqalədə:
Xəbər lenti

Xəbər lenti