...

Fransa senatının qətnaməsi qərəzlidir - Deputat

Siyasət Materials 26 Noyabr 2020 19:54 (UTC +04:00)
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat

Bakı. Elçin Mehdiyev – Trend:

Fransa senatı bu ölkə üçün utancverici və qərəzli qətnaməni qəbu etdi. Qətnamədə senat Fransa hökumətinə qondarma Dağlıq Qarabağ qurumunun tanınmasını tövsiyə edir. Həm də Azərbaycanı Qarabağa qarşı hərbi aqressiyada ittiham edirlər. Azərbaycan dünya tərəfindən tanınmış öz ərazi bütövlüyünü bərpa edir. 28 il icra olunmayan BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü icra edir, bəzi fransız siyasətçilər isə bizi aqressor adlandırır.

Bunu Trend-ə Milli Məclisin deputatı Azər Badamov deyib.

Deputat bildirib ki, ermənilər Azərbaycan torpaqlarının 20%-ni işğal edəndə, 1 milyon soydaşımızı qaçqın-köçkün edəndə, mülki insanların əmlaklarını məhv edəndə, bizə qarşı soyqırımlar törədəndə, işğal etdiyi torpaqlarda ekoloji fəlakətlər törədəndə Fransa senatının gözü bunları görmürdü, yoxsa, fransızlar bizi insan hesab etmirlər?:

“Əlləri afrikalıların qanına batmış, milyonlarla insanı soyqırımına məruz qoymuş fransızların bu hərəkəti bir daha onu deməyə imkan verir ki, onlar özlərini hamıdan üstün hesab edirlər. Fransızlar bilməlidirlər ki, Azərbaycan üçün onlar heç kimdir. Xüsusilə, o senatorların ermənilərin girovuna çevriliməsi Fransa senatının oyuncaq qurum olduğunu sübut etdi və bizim üçün o qətnaməyə imza atanlarla ermənilər arasında heç bir fərq yoxdur. Erməni lobbisinin əsirinə çevrilmiş Fransa senatından ayrı bir hərəkət gözləmirdim.

Çünki, Fransa bu illər ərzində Minsk Qrupunun həmsədri olaraq münaqişənin sülh yolu ilə həll olunmasına töhfə verməli idi. Amma biz bunun əksini gördük. Fransa çalışdı ki, münaqişə donmuş vəziyyətdə qalsın və işğal həmişəlik saxlamaqla Azərbaycanı mövcud status-kvoyla razılaşdırsın. Təbii ki, bu, Fransanın indi bilinən mövqeyidir. Qəbul olunmuş qətnamə heç də Fransa hökumətinin müəyyənləşdirəcəyi siyasət demək deyil. Əgər Fransa hökuməti senatın qəbul etdiyi qətnaməsinə uyğun addım atmalı olarsa, Azərbaycan da öz beynəlxalq hüququndan istifadə edərək Fransanın həmsədrliyindən imtina etməlidir. Fransa-Azərbaycan əlaqələrinə yenidən baxmalı olduğumuzu düşünürəm. Biz fransızlarsız da yaşaya bilərik”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti