...

Qarabağla bağlı üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır - Putin

Siyasət Materials 11 Yanvar 2021 15:33 (UTC +04:00)

Bakı. Orxan Nəbiyev - Trend:

Qarabağla bağlı üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır.

Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyanla üçtərəfli görüşü zamanı deyib.

O bildirib ki, atılan addımlar müntəzəm olaraq ATƏT Minsk qrupunun həmsədrləri ilə nəzərdən keçirilir:

"Bu gün əminliklə demək olar ki, üçtərəfli razılaşmalar ardıcıl olaraq reallaşdırılır. Əminik ki, bu, münaqişənin həm erməni, həm də Azərbaycan xalqı maraqları çərçivəsində ədalətli əsasda uzunmüddətli və tamformatlı nizamlanması üçün zəruri şərtlər yaradır".

V.Putin qeyd edib ki, təmas xəttində və Laçın dəhlizində atəşkəsə nəzarət üçün Azərbaycan və Ermənistan tərəflərinin xahişi ilə rusiyalı sülhməramlı kontingenti yerləşdirilib:

“Rusiyalı sülhməramlı kontingentinin məsuliyyət zonasında 23 müşahidə postu fəaliyyət göstərir, daha 4 post dəhliz boyunca hərəkət təhlükəsizliyinə nəzarət edir. Rusiyanın vasitəçiliyi ilə əsirlərin və həlak olanların mübadiləsi həyata keçirilib. 479 hektar ərazi, 182 kilometr yol, 710 bina və tikilir minalardan təmizlənib, 22 mindən çox partlayıcı maddə tapılıb və zərərsizləşdirilib. Fikrimcə, bu gün tənzimləmənin əsas istiqamətləri üzrə növbəti addımları müəyyənləşdirmək lazımdır. Mən rusiyalı sülhməramlı kontingentin fəaliyyəti, demarkasiya xətlərinin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin mühafizəsi ilə bağlı məsələləri nəzərdə tuturam. İqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpa olunması, sərhədlərin açılması məsələləri də xüsusi diqqət tələb edir. Bu məsələlərlə Rusiya, Azərbaycan və Ermənistan baş nazir müavinlərinin sədrliyi ilə işçi qrup məşğul olacaq”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti