...

Bir sıra partiyaların YAP-a qoşulması hakim partiyaya olan etimada dəlalət edir - Deputat

Siyasət Materials 9 Mart 2021 19:29 (UTC +04:00)
Bir sıra partiyaların YAP-a qoşulması hakim partiyaya olan etimada dəlalət edir - Deputat

Bakı. Elçin Mehdiyev - Trend:

Ölkəmizin ictimai-siyasi həyatında aparıcı mövqeyə sahib olan Yeni Azərbaycan Partiyasının martın 5-də keçirilmiş VII qurultayı olduqca əlamətdar bir dövrə təsadüf etdi. Ölkəmizin həyatında keyfiyyətcə yeni bir mərhələ yaşanmaqdadır. 2018-ci il prezident seçkilərindən sonra dövlət başçımız İlham Əliyevin rəhbərliyi ilə başladılan və bütün sahələri əhatə edən sistemli islahatlar, o cümlədən Vətən müharibəsində qazandığımız şanlı zəfər qarşımızda yeni reallıqların yaranmasını şərtləndirmişdir. Əlbəttə, hadisələrin sürətli inkişafı hədəf və məqsədlərimizə də yenidən baxmağı və bu xüsusda daha çevik addımlar atmağı tələb edir. Bu mənada, Yeni Azərbaycan Partiyasının VII qurultayı həm partiyamızın, həm də dövlətimizin qarşısında duran vəzifələrin müəyyən olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Trend-in məlumatına görə, bunu deputat Elşad Mirbəşiroğlu deyib.

O qeyd edib ki, Cənubi Qafqazın ən böyük siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyası ölkəmizdə gedən ümumi inkişaf tendensiyalarından kənarda qala bilməzdi: "Nəzərə alaq ki, islahatların mühüm istiqamətlərindən birini də məhz siyasi islahatlar təşkil edir. YAP isə öz təcrübəsinə və zəngin dövlətçilik ənənələrinə görə bu prosesin önündə dayanmalıdır. Bir sıra partiyaların YAP-a qoşulması da bu mənada, əlamətdar hadisə olmaqla ölkəmizin siyasi palitrasında hakim partiyaya olan inam və etimada dəlalət edir. Bu, onu göstərir ki, Yeni Azərbaycan Partiyasının təbliğ etdiyi ideya və dəyərlər universaldır, cəmiyyətin bütün təbəqələrinin maraqlarını əhatə edir və Azərbaycan güclənməsini istəyən bütün siyasi qüvvələr onun ətrafında birləşərək öz məqsədlərini realizə edə bilərlər. Beləliklə, partiyamızın məramı, proqramı, fəaliyyəti və əldə etdiyi nailiyyətlər dost partiyalar üçün də cəlbedicidir.

Bildiyiniz kimi, bu gün xalq olaraq qarşımızda dayanan əsas hədəf Böyük Qayıdış proqramı çərçivəsind məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına nail olmaqdır. Yeni Azərbaycan Partiyası isə ölkənin aparıcı siyasi təşkilatı olaraq bu prosesin də önündə dayanaraq öz olunu oynamalıdır. YAP təşkilatı təcrübəsi və ətrafında birləşdirdiyi böyük insan resursunun sayəsində bu ali məqsədimizin reallaşmasında önəmli töhfələr verə bilər".

Deputat vurğulayıb ki, qurultayda YAP-ın sədri, Prezident İlham Əliyev partiyaya 3 aya yeni proqram hazırlamağı tapşırdı: "Bu da ondan irəli gəlir ki, artıq reallıqlar dəyişib. Vətən müharibəsindəki qələbədən sonra qarşıda yeni hədəflər, yeni missiyalar var. Yaşadığımız hibrid müharibə çağının reallıqlarına uyğun olaraq, YAP Azərbaycana qarşı aparılan informasiya hücumlarına qarşı mübarizədə ön sıralarda dayanmalı, bir sipər funksiyasını yerinə yetirərək dövlətimizə yönəlmiş hibrid təhdidlərin zərərsizləşməsində önəmli rol sahibi olmalıdır.

Struktur dəyişikliyi edilərək Partiyanın Mərkəzi Aparatının formalaşdırılması yeni hədəflər uğrunda çevik qərarların qəbulu və innovativ həll mexanizmlərinin tətbiqinə şərait yaradacaq.

Bir sözlə, YAP-ın həm struktur, həm də proqram baxımından özünü yeniləməsi, habelə rəhbər vəzifələrə edilmiş uğurlu kadr təyinatları, bütövlükdə ölkənin siyasi həyatına dinamizm gətirəcək".

Xəbər lenti

Xəbər lenti