...

Prezidentimizin bayram tonqalını Cıdır düzündə alovlandırması qəhrəman xalqın öz yurduna qayıdışının təsdiqidir - Pərvin Kərimzadə

Siyasət Materials 20 Mart 2021 13:59 (UTC +04:00)
Prezidentimizin bayram tonqalını Cıdır düzündə alovlandırması qəhrəman xalqın öz yurduna qayıdışının təsdiqidir - Pərvin Kərimzadə

Bakı. Trend:

Əsrlərin sınağından çıxmış mənəvi dəyərlərimizi, adət-ənənələrimizi özündə yaşadan Novruz bayramını bu il Azərbaycan xalqı böyük sevinc və yüksək əhvali-ruhiyyə ilə qarşılayır. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Müzəffər Ordumuzun gücü ilə işğaldan azad edilən əzəli-əbədi torpaqlarımızda 30 ildən sonra Novruz sevinci yaşanır, bayram tonqalları çatılır. Düşmənin dağıdıb viran qoyduğu, Azərbaycan dövlətinin bərpa və yenidən qurulmasını həyata keçirdiyi yurd yerlərimiz bu gün bir başqa büsata, başqa bir ovqata bürünüb.

Bunu Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib. Millət vəkili qeyd edib ki, hər il Novruz bayramı münasibətilə xalqımıza təbrik ünvanlayan dövlət başçısımız bu il qalib ölkəmizin vətəndaşlarına xoş arzu və niyyətlərini Qarabağın döyünən qəlbindən - Şuşadan çatdırdı.

Ümummilli Liderin xilaskarlıq missiyasını uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birlikdə Şuşada Cıdır düzündə bayram tonqalını alovlandırması, soydaşlarımızı bayram münasibəti ilə təbrik etməsi, tonqal ərafında səsləndirdiyi fikirlər düşmənə, onların havadarlarına növbəti siyasi mesaj oldu.

“Bu, böyük xoşbəxtlikdir. Allah Azərbaycan xalqının dualarını eşitdi. Hər il Novruz bayramı ərəfəsində hamımız yəqin ki, fikirləşirdik, bir-birimizə deyirdik, inşallah, gələn il Novruz bayramını Qarabağda qeyd edək, gələn il Novruz bayramını Şuşada qeyd edək və bu gün gəldi. 28 ildən sonra biz Şuşaya qayıtdıq. Novruz bayramını Cıdır düzündə qeyd edirik, tarixi ədaləti bərpa etmişik” – bayram tonqalını çatan Ölkə Prezidentinin tonqal ətrafında səsləndirdiyi bu fikirlər hər birimizdə qürur və iftixar yaradır.

2021-ci ilin Novruz bayramının düşmən tapdağından azad edilən torpaqlarda qeyd edilməsi müstəqil Azərbaycan dövlətinin tarixinin ən şanlı, qürurlu günlərindəndir.

Ölkə Prezidentimizin “Gəlmişik və burada dayanmışıq. Müzəffər Ordunun Ali Baş Komandanı kimi dayanmışam qədim Azərbaycan torpağında və heç kim bundan sonra bizi buradan çıxara bilməz”- sözləri düşmənə ən mühüm mesajdır.

Erməni vandallarının dağıdıb, viran qoyduğu şəhərlərin, kəndlərin yenidən dirçəldilməsi, Qalib xalqın Prezidentinin məşhur Cıdır düzündə bayram tonqalını alovlandırması mədəniyyətimizə, tariximizə, torpaqlarımıza sahib çıxmaq istəyən düşmənə tərs sillə olmaqla yanaşı, tarixi ədalətin bərpasının, Azərbaycan xalqının o torpaqlara qəhrəman xalq kimi, müzəffər dövlət kimi qayıtmasının daha bir təsdiqi oldu.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti