Bakı. Elçin Mehdiyev – Trend:
Vətən müharibəsi günlərində İtaliya dövləti konstruktiv mövqeyi ilə seçilən ölkələrdən biri oldu. Həm döyüşlər davam edərkən, həm də müharibədən sonra İtaliya rəsmi səviyyədə Azərbaycanın haqq mübarizəsinə dəstək bəyanatları verdi.
Bunu Trend-ə politoloq Ceyhun Əhmədli deyib.
C.Əhmdli bildirib ki, ümumiyyətlə, Azərbaycan xalqı 44 gün ərzində ona qarşı kimin dost, kimin düşmən mövqeyində dayandığını çox aydın şəkildə görə bildi:
“Prezident İlham Əliyev də Azərbaycan xalqının maraqlarından çıxış edərək, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçiriləcək iqtisadi layihələrə ilk növbədə məhz müharibə dövründə ölkəmizə dəstək olan dövlətlərin cəlb olunacağını bildirib. Beləliklə, Qarabağın bərpası və yenidən qurulması prosesində iştirak edəcək xarici şirkətlərin mənsub olduğu ilk ölkələr artıq bəllidir. Bunlar Türkiyə və İtaliyadır. Hər iki ölkəni təmsil edən şirkətlərlə müvafiq müqavilələr artıq imzalanıb. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan İtaliya ilə xüsusən “yaşıl enerji”, “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyaları əsasında sıx əməkdaşlıqda maraqlıdır”.
Politoloq vurğulayıb ki, Vətən müharibəsi zamanı Avropa İttifaqının ailəsində qatı ermənipərəst qüvvələrin də yer aldığını gördük:
“Xüsusən, Fransa, Lüksemburq, Hollandiya kimi ölkələrin riyakar və ədalətsiz yanaşmaları bizdə böyük təəsüf hissi yaratdı. Bu mənada, həmin ailənin üzvü olan İtaliyanın Azərbaycanın haqq davasına dəstək olması böyük fədakarlıq tələb edirdi. Ermənipərəst dairələrin təzyiqinə baxmayaraq, İtaliya əsil prinsipiallıq nümayiş etdirərək Azərbaycanla strateji tərəfdaşlığın ruhuna uyğun addım atdı.
İtaliya Azərbaycanın Avropa İttifaqında ən mühüm iqtisadi tərəfdaşıdır. Qarşılıqlı ticarət dövriyyəsi 6 milyard dollardan çoxdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Azərbaycan neftinin əsas alıcısı qismində İtaliya çıxış edir. Ölkəmizin 2021-ci ildə ixrac etdiyi xam neft və neft məhsullarının yarısı məhz bu ölkəyə göndərilib.
Hazırda İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. İtaliya Azərbaycanın təşəbbüsü ilə reallaşan “Cənub Qaz Dəhlizi” layihəsinin açar ölkələrindən biridir. Məlum olduğu kimi, bu layihənin əsas seqmenti olan TAP-ın icrası zamanı beynəlxalq anti-Azərbaycan dairələri tərəfindən süni maneələrin yaradılması cəhdlərinin şahidi olduq. Məhz Azərbaycanla İtaliya arasındakı strateji tərəfdaşlıq münasibətlərinin sayəsində erməni lobbisinin də fəal iştirak etdiyi bu məkrli kampaniya iflasa uğradı”.