...

Dövlətimizin başçısının “El Pais” qəzetinə müsahibəsi Azərbaycanın yaratdığı yeni reallıqların çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir - Deputat

Siyasət Materials 19 Dekabr 2021 15:40 (UTC +04:00)
Dövlətimizin başçısının  “El Pais” qəzetinə müsahibəsi Azərbaycanın yaratdığı yeni reallıqların çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir - Deputat

Bakı. Trend:

Prezident İlham Əliyevin Brüsell görüşləri diplomatiyamızın növbəti uğurudur. Cənab Prezidentin uğurlu və qətiyyətli siyasətinin nəticəsidir ki, artıq Avropa İttifaqı və NATO kimi beynəlxalq təşkilatlar Azərbaycanın 44-günlük Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallıqların qəbul etməyə və onun mövqeyini dəstəkləməyə başlayıblar. Dövlətimizin başçısının dekabrın 14-də İspanyanın “El Pais” qəzetinə verdiyi müsahibəsi də Azərbaycanın yaratdığı yeni reallıqların beynəlxalq ictimaiyyətə bir daha çatdırılması baxımından böyük əhəmiyyət kəsb edir. Bu baxımdan müsahibənin harda verildiyinə diqqət yetirilməsi də, müsahibə Brüsseldə Aİ və NATO rəsmiləri ilə görüşlərin keçirildiyi yerdə baş tutmuşdur, xüsusilə vacibdir.

Trend-in məlumatına görə, bunu Millət vəkili Tamam Cəfərova dekabrın 14-də Prezident İlham Əliyevin İspanyanın “El Pais” qəzetinə verdiyi müsahibə ilə bağlı açıqlamasında deyib.

Tamam Cəfərova bildirib ki, Prezidentin müsahibə zamanı irəli sürdüyü birinci tezis vəziyyətin Rusiya sülhməramlı qüvvələrinin Qarabağda məsuliyyət daşıdığı ərazidə Ermənistan-Azərbaycan sərhədində olan vəziyyətlə müqayisədə daha stabil olması idi. Bunun səbəbi, cənab Prezidentin vurğuladığı kimi, Ermənistanın qisas almaq cəhdlərindən vaz keçməməsidir. İkinci Qarabağ müharibəsində məğlubiyyət onlar üçün çox ağrılı oldu. Bu məğlubiyyət demək olar ki, onların otuz ildir davam edən “yenilməz ordusu”, “gücü”, “əsgər və komandirlərinin cəsarəti” haqqında müharibə təbliğatını və ideoloji zəminini darmadağın etdi. 44 gün davam edən müharibə zamanı Ermənistan ordusu tamamilə məhv edildi və onlar ötən il noyabrın 10-da kapitulyasiya aktına imza atmaq məcburiyyətində qalaraq, bizim 44 günlük müharibədə geri almadığımız əraziləri geri qaytarmağa razılıq bildirdilər. Buna görə də Ermənistan cəmiyyətində, siyasi spektrində revanşizm əlamətləri görünür. Buna görə də Rusiya sülhməramlılarının xidmət etdiyi ərazidə buna imkanın olmadığını dərk edərək, onlar dövlət sərhədində hərbi təxribatlar törətməyə cəhd göstərirlər.

Azərbaycan prezidentinin Qərb strukturları ilə görüşlər aralığında verdiyi müsahibədə Rusiyanın Cənubi Qafqazda oynadığı rolu konstruktiv dəyərləndirdiyini vurğulayan millət vəkili qeyd etmişdir ki, eyni mövqeni ölkə başçısı daha əvvəl Soçi görüşündə də ortaya qoymuşdur. “Müqayisə üçün bildirək ki, Azərbaycan dövlət başçısından fərqli olaraq Ermənistanın hökümət başçısı Nikol Paşinyan Soçi görüşü zamanı Qarabağda insidentlərin əksinə, çox olmasını bildirərək, dolayısı olaraq Rusiya sülhməramlı kontingentinin fəaliyyətini tənqid etmişdir. Ermənistandan fərqli olaraq Azərbaycan Rusiya ilə müttəfiq olmasa da, strateji tərəfdadır. Strateji tərəfdaş və ardıcıl siyasətə malik dövlət kimi Azərbaycan, Rusiyanın vasitəçiliyi ilə baş tutan Soçi görüşündə ərsəyə gətirdiyi mövqeyi Qərb strukturlarının vasitəçiliyi ilə baş tutan tədbirlər seriyasında da təsdiqləmişdir. Bu o deməkdir ki, Ermənistandan fərqli olaraq Azərbaycanın siyasəti situativ yox, ardıcıl və əsaslıdır.

Millət vəkilinin fikrincə, müsahibədən danışarkən zaman faktorunun nəzərə alınması vacibdir. Bu müsahibə Stokholmda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Ermənistanın siyasi təxribat üzündən baş tutmamış görüşündən, Soçidə üç siyasi liderin görüşündən və Beynəlxalq Ədalət Məhkəməsinin Azərbaycan leyhinə çıxartdığı qərardan sonra baş tutmuşdur. Bu görüşlər müəyyən siyasi zəmin formalaşdırmış, bir çox məsələlər ilə bağlı tərəflərin ortaq və fərqli mövqelərini müəyyən etmişdir. Müsahibədə Azərbaycan prezidenti tərəfindən münasibət bildirilən belə fərqli mövqelərdən biri Ermənistanın iddiasına görə Azərbaycanın guya onun ərazi bütövlüyünə qəsd etməsidir. Ölkəmizin başçısı rəsmi İrəvanın iddialarının niyə əsassız olmasını arqument və faktlarla sübuta yetirdi. Bildirildi ki, Azərbaycan və Ermənistan arasında dövlət sərhədi təyin olunmayıb. Buna səbəb 1990-cı illərin əvvəlində hər iki ölkənin müstəqilliyinin bərpasından dərhal sonra Azərbaycanın həmin hissəsinin işğalının baş verməsidir. Ötən ilin noyabrında İkinci Qarabağ müharibəsi bitəndə ərazidə iqlim şəraiti əlverişsiz olduğundan, cari ilin may ayında qar əriməyə başlayandan dərhal sonra Azərbaycan Ordusu dövlət sərhədinə tərəf hərəkət etməyə başladı. Sərhədin haradan keçməsi ilə bağlı olan anlayışımıza əsasən, ordumuz dövlət sərhədində mövqe tutdu.

Ermənistanın irəli sürdüyü ittihamın əsasız olmasına daha bir arqumenti qeyd edən millət vəkili bildirdi ki, Ermənistan Rusiya ilə ikitərəfli əsasda qarşılıqlı müdafiə öhdəliklərinə malikdir, həmçinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı da onun ərazi bütövlüyünə zəmanət verir. Ermənistan ilə sərhəd məsələsi gündəmə gələndə Ermənistan rəhbərliyi KTMT-yə dəfələrlə kömək üçün müraciət etsə də, KTMT-nin Nizamnaməsi üzv-dövlətlərin ərazi bütövlüyünün kollektiv əsasda müdafiəsini məqsəd kimi müəyyənləşdirməsinə baxmayaraq, təşkilatdan heç bir müsbət cavab gəlməmişdir. Bu ziddiyyətin yeganə rasional izahı odur ki, KTMT üzvləri Ermənistanın iddialarını əsassız sayıb, Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü pozmadığında əmindirlər.

Ölkə başçısı tərəfindən müsahibə zamanı səsləndirilən növbəti vacib mesaj - regionda bütün təhdid yarada biləcək cəhdlərin qarşısının alınması ilə bağlıdır. Ölkə Başçımız bildirdi ki, Azərbaycan sülhün tərəfdarıdır. Ona görə də Azərbaycan rəsmi İrəvanın manevrlərini, yenidən qruplaşmalarını və təhlükəli ola biləcək hərbi potensial yaratmaq üçün cəhdlərini izləyir. Bütün təhlükələr dərhal aradan qaldıracaqdır. Cənab Prezident bu mesajı ilə Ermənistana dolayısı olaraq xatırladır ki, Azərbaycanın qonşu ölkənin ərazisində baş verən proseslərin yüksək dəqiqliklə müşahidə edilməsi üçün peşəkar kəşfiyyat xidmətlərindən tutmuş yüksək texnoloji peyklərə qədər hər cür imkanlara malikdir. Ermənistanda bu peyklərin II Qarabağ müharibəsi zamanı onun məğlub edilməsində oynadığı rolu unutmamalıdırlar.

Millət vəkilinin fikrincə, prezidentin sözlərində Ermənistanın hərbi potensialı yaratmaq cəhdləri ilə bağlı ifadələri həm də onun xarci havadarlarına ünvanlanmışdır. Ermənistan, iqtisadiyyatı dağınıq olan, ordusu isə məğlub edilmiş bir ölkədir. Onun hərbi potensialının bərpası heç cür daxili qüvvələr hesabına baş verə bilməz. Bunun yeganə yolu xarici qüvvələr ilə münasibətləri normallaşdırıb, bu istiqamətdə onlardan yardım almaqdır. Bu səbəbdən Azərbaycan prezidentinin xəbərdarlıqları Ermənistanı hərbi poetnsialını bərpa etməklə təhlükəsiz etməyə cəhd edənlərə yönlənib və bu siyasətin səhv olması anlamına gəlir. Ermənistanın xarici havadarları bu siyasəti davam etdirsələr Ermənistanı təhlükəsiz etmək əvəzinə, məqsədlərinin təmamilə əksini əldə etmiş olacaqlar.

Müsahibə çərçivəsində dövlətimizin başçısının toxunduğu əsas məsələlərdən biri də sülh sazişi haqqında səsləndirdiyi fikirlərdir. Cənab Prezident bir daha bildirdi ki, Azərbaycan Ermənistanla sülh danışıqlarına və sülh razılaşması üzərində işləməyə başlamağa hazırdır. Amma Ermənistan rəhbərliyindən heç bir cavab verilməyib. Bu, onların sülh istəmədiyini göstərir, çünki imzalandığı təqdirdə sülh razılaşmasının əsas müddəalarından biri də hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı tanınması olacaq və Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Ermənistan nə ərazi bütövlüyünü tanıdığını, nə də tanımadığını söyləyir. Ermənistan öz əsassız bəyanatları ilə danışıqlar prosesini məhv etdi. İndi Ermənistanın sanki bu məsələ ilə bağlı heç bir mövqeyi yoxdur. Ümid edirik ki, Avropa tərəfdaşları Ermənistanı bu mövqeyinin gələcəyinin olmamasına inandıra biləcəklər. Prezident İlham Əliyev belə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti