...

Bu ilin “Şuşa ili” elan olunması hər bir azərbaycanlını qürurlandırdı - Tamam Cəfərova

Siyasət Materials 6 Yanvar 2022 14:47 (UTC +04:00)
Bu ilin “Şuşa ili” elan olunması hər bir azərbaycanlını qürurlandırdı - Tamam Cəfərova

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Dünya azərbaycanlılarının həmrəylik günü və yeni il münasibətilə xalqa müraciəti bir çox mühüm məqamları özündə ehtiva etməklə bərabər, ölkə başçısının 2022-ci ili “Şuşa ili” elan etməsi kimi mühüm hadisə ilə yadda qaldı. Şuşa şəhərinin Azərbaycan xalqı üçün milli-mənəvi əhəmiyyətini nəzərə alaraq onu qeyd etməliyik ki, 2022-ci ilin “Şuşa ili” elan olunması dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bu nöqteyi-nəzərdən deyə bilərik ki, cənab Prezidentin 2022-ci ilin “Şuşa ili” elan olunması haqqında Sərəncamı olduqca mühüm tarixi, siyasi hadisədir.

Bu sözləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, 2021-ci ildə ölkəmizin əldə etdiyi ən böyük nailiyyət İkinci Qarabağ müharibəsinin nəticələrinin dünya tərəfindən qəbul olunmasıdır. Bu baxımdan cənab Prezidentin xalqa müraciətində qeyd etdiyi fikirlər olduqca mühümdür. Beləki, ölkə başçısı ilin yekunlarını həm də münaqişənin yekunları ilə birlikdə açıqlamışdır. Təqdim etdiyi mənzərəni isə müharibədən sonra cərəyan edən proseslərin Azərbaycanın haqlı mövqeyinin timsalı adlandırmışdır. Bu baxımdan cənab Prezidentin sözləri ilə desək, “...müharibə reallıqlarını, müharibədən sonrakı reallıqları qəbul etdirmək, hesab edirəm ki, siyasi baxımdan çox önəmli hadisə kimi sayıla bilər”. Bəli, müharibədə qazanılmış qələbə nə qədər mühüm idisə, onun nəticələrini beynəlxalq səviyyədə qəbul etdirmək də, həmin nisbətdə mühüm idi. Bu baxımdan, 2021-ci il olduqca mühüm nailiyyətlərlə yadda qaldı.

Cənab Prezident İlham Əliyevin xalqa müraciətində ən mühüm məqamlardan biri də bu ilin “Şuşa ili” elan olunmasıdır deyən millət vəkili bildirib ki, bu il Azərbaycan xalqı Şuşa şəhərinin əsasının qoyulmasının 270 illik yubileyini qeyd edəcək. Məhz, 2022-ci ilin “Şuşa ili” elan olunması cənab Prezident İlham Əliyevin müdrik, uzaqgörən siyasətinin növbəti dəfə təzahürüdür. Bu baxımdan qeyd etməliyik ki, ötən il Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan olunması və burada keçirilən bir çox mühüm tədbirlər torpağın əsl sahibinin qayıtdığını bir daha bütün dünyaya çatdırmış oldu. 28 illik işğal dövründə düşmən Şuşa şəhərini erməniləşdirməyə çalışsa da buna nail ola bilməyib. Şuşa şəhəri öz milli-mədəni, tarixi ruhunu düşmənin bütün barbarizminə qarşı qoruyub mühafizə edə bilib.

T. Cəfərova xüsusilə qeyd edib ki, ötən 1 ildə görülən işlər bir daha göstərir ki, Şuşa Qarabağın incisi kimi dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməkdədir. Ümumiyyətlə, Azərbaycan xalqının Şuşaya hər zaman xüsusi münasibəti olub. Tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanın tarixi hissəsinin qoruq elan edilməsi də 1977-ci ildə Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə baş tutub. Hələ 1977-ci ildən Şuşada abidələrin qorunması, görkəmli mədəniyyət və incəsənət xadimlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılıb. 28 illik işğal dövründən sonra yenidən Şuşa şəhərinin tarixi, mədəni, siyasi, strateji dəyəri özünə qaytarılır. Cənab Prezident İlham Əliyev Şuşa şəhərinin işğaldan azad olunması müjdəsini xalqa çatdırarkən “Şuşa sən azadsan”, “Şuşa biz qayıtmışıq”, “Şuşa biz səni dirçəldəcəyik” ifadələri önəmli məna daşıyırdı. Cənab Prezidentin məlum Sərəncamına əsasən deyə bilərik ki, bu gün biz bu mənanı daha yaxşı anlayırıq. Şuşada həyata keçirilən bərpa və quruculuq işləri, təşkil olunan mühüm tədbirlər və eləcə də, ölkə Başçısının dəfələrlə buraya səfərləri Şuşa şəhərinin tarixi, siyasi əhəmiyyətini bir daha ortaya qoyur. Bütün bunlarla yanaşı, Şuşa şəhərinin Azərbaycan üçün əlbəttə ki, strateji bir yer olduğunu hər birimiz unutmamalıyıq. Hamıya bəllidir ki, hər zaman Şuşaya kim nəzarət edirsə Qarabağa da nəzarət edir deyilir. Bu baxımdan da Şuşanın əhəmiyyəti çox böyükdür. “Şuşa İli”nin elan olunması bir daha məhz bu torpaqların əsl sahibinin kim olduğunu dünyaya sübut etdi.

Bir daha vurğulamalıyıq ki, bu ilin “Şuşa ili” elan olunması mühüm tarixi,siyasi hadisə olmaqla yanaşı, harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlını qürurlandırdı. Bir sözlə, bütün yollar bizi Şuşaya aparır , - deyə millət vəkili Tamam Cəfərova bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti