...

Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır - Tamam Cəfərova

Siyasət 19 Yanvar 2022 14:18 (UTC +04:00)
Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır - Tamam Cəfərova

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşü zamanı böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevə abidə ucaldılması məsələsinə ölkə başçısının böyük diqqət, qayğı və həssaslıqla yanaşmasını və qısa zamanda bununla əlaqədar müvafiq Sərəncam imzalamasını yaxşı xatırlayırıq. Dünən cənab Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin paytaxtın ən gözəl yerlərindən birində ucaldılmış heykəlinin açılışında iştirak etməklə, onun əziz xatirəsinə dövlətin göstərdiyi hörmət və ehtiramı bir daha nümayiş etdirmiş oldu.

Abidə Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdə ucaldılıb. Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir.

Bu sözləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Millət vəkili açıqlamasında bildirib ki, Hacı Zeynalabdin Tağıyev Azərbaycan tarixində zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır. Hacı Zeynalabdin Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı.

T.Cəfərova qeyd edib ki, Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusilə qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir, bu günə qədər Bakını, Sumqayıtı təmiz içməli su ilə təmin edir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmiş, Bakıda tramvay xətlərinin açılmışdır. Bu gün Bakıya əlavə gözəllik verən, Bakının memarlığına töhfə verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyevdir. Z.Tağıyevin ən önəmli layihələrindən birinin də Azərbaycanlı qızlar üçün ilk dünyəvi məktəb açılmasının olduğunu qeyd edən Tamam Cəfərova bildirdi ki, Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdır.

Azərbaycan xalqı qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır deyən millət vəkili xüsusilə diqqətə çatdırıb ki, hələ 2000-ci illərin əvvəllərində Zeynalabdin Tağıyevin qəbrinin yerləşdiyi Pir Həsən ziyarətgahı abadlaşdırılmışdır. 2003-cü ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə onun evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilmişdir.

T.Cəfərova xüsusilə vurğulayıb ki, müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir. Azərbaycanın multikultural dövlət kimi, müasir dövlət kimi dünyada tanıdılmasında Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Məhz Fondun fəaliyyəti nəticəsində Azərbaycan daha çox tanınır və məhz bu amil bizə İkinci Qarabağ müharibəsi dövründə kömək göstərdi. Çünki Azərbaycan xalqı yaxşı bilir ki, o vaxt erməni lobbisi və onun havadarları Azərbaycan haqqında olmazın yalanlarını uydurub media məkanına atmışlar. Ancaq uzun illər ərzində Heydər Əliyev Fondunun müxtəlif ölkələrdə fəaliyyəti və Azərbaycanın müasir, mütərəqqi dövlət kimi tanıdılması bu təbliğatı alt-üst etmişdir.

Heydər Əliyev Fondu ilə yanaşı Vətən müharibəsindən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir. Xeyriyyəçilik ənənələri davam edir və cəmiyyətdə çox yüksək qiymətləndirilir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti