...

Şuşa Bəyannaməsi Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır - Tamam Cəfərova

Siyasət Materials 29 Yanvar 2022 17:35
Şuşa Bəyannaməsi Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır - Tamam Cəfərova

Trend-i buradan izləyin

Bakı. Trend:

Parlamentin yaz sessiyası çərçivəsində fevralın 1-də keçiriləcək ilk plenar iclasının gündəliyinə “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi qanun layihəsi daxil edilib. Milli Məclis Şuşa Bəyannaməsini təsdiq edəcək. “Şuşa Bəyannaməsi”nin təsdiq edilməsi iki qardaş ölkənin müttəfiqliyik nümunəsinin məntiqi zirvəsinə yüksəlişi deməkdr. Əlbəttə ki, regionda yeni inkişaf mərhələsinin əsası qoyulur.

Millət vəkili Tamam Cəfərova Trend-ə açıqlamasında belə deyib.

Deputat qeyd edib ki, iyun ayının 15-də Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış Müttəfiqlik haqqında Şuşa Bəyannaməsi siyasi - diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edir. Bəyannamə iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırdı və bütün dünya bunun, bu reallığın şahidi oldu. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır və böyük bir tarixə əsaslanır. Təsadüfi deyil ki, Şuşada Türkiyə lideri ilə Bəyannamə imzalayarkən Azərbaycanın dövlət başçısı hər kəsin yadına Qars müqaviləsini saldı. O qeyd etdi: “Tarixi Qars müqaviləsi düz yüz il əvvəl imzalanıb. Bu da böyük rəmzi məna daşıyır. Yüz ildən sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında imzalanmış birgə bəyannamə bizim gələcək işbirliyimizin istiqamətini göstərir”.

Bəyannamə həmçinin, iki qardaş ölkənin tarixi sınaqlardan birgə, üzü ağ, alnıaçıq çıxdığının, xalqlarımızın böyük liderləri, öndərləri Mustafa Kamal Atatürkün və Heydər Əliyevin “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir”, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” kəlamlarının əbədiləşdirilməsinin təcəssümü, eləcə də bu yanaşma və fəlsəfi konsepsiyaya sadiqliyin təntənəsi idi.

Deputat qeyd etdi ki, sənəddə strateji əhəmiyyət kəsb edən bütün əməkdaşlıq istiqamətləri əhatə olunur. Bəyannamədə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi münasibətlər, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti və s. məqamlar əksini tapır. Həmçinin Bəyannamədə enerji təhlükəsizliyi, Cənub Qaz Dəhlizinin Türkiyə, Azərbaycan və Avropa üçün önəmi göstərilir. Eyni zamanda hərbi əməkdaşlıq amilinə də xüsusi yer verilib. Bu, tarixi nailiyyətdir. İki qardaş ölkə bundan sonra da hər zaman bir yerdə olacaq. Bundan sonra da bir-birimizin təhlükəsizliyini təmin edəcəyik. İlk növbədə, bundan sonrakı dönəmdə Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə qarşı üçüncü dövlətin müdaxiləsi halı olmayacaq. Bu sənədin imzalanması ilə Türkiyə-Azərbaycan hərbi alyansının qurulması rəsmiləşdi. Bu, Azərbaycan və Türkiyə ordularının bir kontingentdə birləşməsi və bir addımlaması deməkdir. Ən əsası mühüm məqamlarda hər iki ölkənin Silahlı Qüvvələrinin hərəkəti koordinasiya ediləcək. Hər iki ölkənin ordusunda baş verəcək dəyişiklik mütləq şəkildə digərinə də təsir edəcək. Bu bəyannamə Azərbaycan üçün böyük bir şansdır. Şuşa bəyyanaməsindən danışanda burada Qars müqaviləsinə istinad edilir. Qars müqaviləsinə görə, Naxçıvanın təhlükəsizliyinin qarantı Türkiyədir. Şuşa bəyannaməsi ilə isə Türkiyə Qarabağ və Azərbaycanın digər bölgələrinin təhlükəsizliyinin qarantına çevrilir.

Sözsüz ki, “Şuşa Bəyannaməsi” təsdiq etdi ki, Azərbaycanla Türkiyə arasındakı münasibətlərin bütün dünyada analoqu yoxdur. Çünki, iki qardaş ölkə qarşılıqlı münasibətlərin beynəlxalq səviyyədə mövcud olan şərtlər nəzərə alınmaqla, onlara tam əməl edilməklə qurulduğunu təsdiq edirlər. “Şuşa Bəyannaməsi” tarixi, milli, regional və qlobal miqyaslı siyasi-hüquqi təmələ söykənir və sənədin konkret müddəalarına nəzər saldıqda iki ölkə arasında, region ölkələrini əhatə edən və daha geniş geosiyasi məkanda təsir gücü ola biləcək çox aktual və maraqlı məqamları görə bilirik.

Tamam Cəfərova bildirdi ki, iki qardaş ölkənin, Türkiyə və Azərbaycanın ortaq dəyərləri, maraqları hər iki ölkənin inkişaf dinamikasına öz müsbət təsirini göstərməkdədir və bu dəyərləri, eləcə də maraqları liderlərin qətiyyəti, siyasi iradəsi hər zaman təminat altına alır. Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanmış Şuşa Bəyannaməsi bütün dünyanın barışmalı olduğu tarixi gerçəklikdir. Hər iki ölkənin ümumi maraqlarının qorunmasında imkanların birləşdirilməsinə, eləcə də müştərək maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənən saziş Bakı və Ankaranın başçılığı altında yeni regional geosiyasi konfiqurasiyanın qurulmasının başlanğıcıdır. Bu, regionda 200 ilə yaxın davam edən geosiyasi konfiqurasiyaların dağıdılması və bundan sonra Azərbaycan-Türkiyə tandeminin rəhbərliyi altında davam edəcək yeni regional düzənin başlanğıcı deməkdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti