...

Dövlət azad edilmiş torpaqlarla yanaşı, digər şəhər və rayonların inkişafına da diqqət ayırır - Tamam Cəfərova

Siyasət Materials 1 Fevral 2022 16:42 (UTC +04:00)
Dövlət azad edilmiş torpaqlarla yanaşı, digər şəhər və rayonların inkişafına da diqqət ayırır - Tamam Cəfərova

Bakı. Trend:

Məlum olduğu kimi, Azərbayycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 30-da Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinə rəsmi səfərdə olmuşdur. On səkkiz il ərzində cənab Prezident İlham Əliyev 18 dəfə Gəncə şəhərində rəsmi səfərdə olub. Gəncə Azərbaycanın ikinci şəhəridir və ölkə Başçısının buraya diqqəti həmişə yüksək səviyyədə olub. Gəncə şəhərinin kompleks inkişaf planı həm təsdiqlənib, həm də uğurla icra edilir. Gəncə şəhərində bir çox layihələr icra edilib və bu layihələrin icrası davam edir. Xüsusilə, qeyd etməliyik ki, Gəncəyə gedən yollar tam müasirləşdirilib, Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib, Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Bütün bunlar Gəncə şəhərinin strateji əhəmiyyətinə və dinamik inkişafına dövlət tərəfindən göstərilən xüsusi diqqət və qayğının nəticəsidir.

Bu sözləri Trend-ə Azərbayycan Respublikasının Prezidenti İlham Əliyevin Gəncə şəhərinə səfərini şərh edərkən Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, dövlət azad edilmiş torpaqlar, yəni Qarabağ və Zəngəzur ilə yanaşı, bütün başqa şəhər və rayonların inkişafına diqqət ayırır. Bu gün ölkə qarşısında bir çox vacib və təxirəsalınmaz məsələlər həllini gözləyir, lakin, bunlarla yanaşı, Gəncə şəhərinin daha da inkişaf etməsinə töhfə verəcək hər bir təşəbbüs dövlət tərəfindən dəstəklənir. Regionların Sosial-İqtisadi İnkişafı Dövlət proqramlarının icrasında Gəncə şəhəri həmişə xüsusi yerdə olub, Gəncənin inkişafı və şəhərin problemlərinin həlli daim diqqət mərkəzindədir. Azərbaycanın bütün regionlarında olduğu kimi, Gəncə şəhərində də əhalinin rifah halının və həyat şəraitinin yüksəldilməsi istiqamətində bütün zəruri addımlar dövlət tərəfindən atılır.

Son illərdə Gəncənin əsas infrastruktur layihələrinin böyük əksəriyyəti öz həllini tapıb. Gəncəyə gedən yollar tam müasirləşdirilib, həm Bakı-Gəncə avtomobil yolunun, həm də Gəncə-Qazax-Gürcüstan sərhədi yolunun çəkilişi başa çatıb. Gəncəyə Bakıdan dəmir yolu xətti də tam modernləşdirilib. Bu, əslində, Şərq-Qərb nəqliyyat dəhlizinin bir parçasıdır. Gəncənin səhiyyə və təhsil infrastrukturu yenilənib. Gəncədə 245 çarpayılıq şəhər xəstəxanası yenidən tikilib və əlavə 200 çarpayılıq modul tipli xəstəxana quraşdırılıb.

Yanvarın 30-da cənab Prezident İlham Əliyev Gəncə şəhərinə səfəri çərçivəsində burada 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzinin açılışını etdi. Gəncədə “Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu istismara verildi.

Millət vəkili T.Cəfərova, həmçinin bildirib ki, Gəncə şəhərinin strateji əhəmiyyətindən danışanda, İkinci Qarabağ müharibəsi dövründə Gəncə şəhərinin və gəncəlilərin erməni faşizminə qarşı göstərdikləri mübarizəni və qəhramanlığı xüsusilə qeyd etməliyik. Belə ki, İkinci Qarabağ müharibəsi dövründə Gəncə dəfələrlə cinayətkar Ermənistan ordusu tərəfindən bombalanıb. Şəhərə 13 raket atılıb, onlardan 8-i partlayaraq əfsuslar olsun ki, insanların həyatına son qoyub, beş raket isə partlamayıb. Bu da öz növbəsində onu göstərir ki, Ermənistan ordusu nə vəziyyətdə idi. Ancaq bu namərd atəş nəticəsində həlak olan vətəndaşlarımız yaşamalı idi. Onların arasında uşaqlar (6 uşaq həlak oldu), qadınlar, yaşlı insanlar da var idi. Təkcə Gəncə şəhərində 26 mülki vətəndaş namərd atəş nəticəsində həlak oldu, erməni faşizminin qurbanı oldu. Gəncə şəhəri həm “Toçka-U”, həm “SCUD” raketləri ilə atəşə tutulurdu. Əlbəttə, bu, hərbi cinayətdir və hərbi cinayət kimi dünya tərəfindən tanınmalıdır. Bu baxımdan, Gəncədə inşa olunacaq Memorial Kompleks böyük əhəmiyyət daşıyır. Memorial Kompleks təqribən dörd hektarda yaradılacaq. Dağıdılmış binalar olduğu kimi qalacaq. Yəni, bu yaddaş silinməməlidir. Hər bir azərbaycanlı erməni vəhşiliyini unutmamalıdır. Cənab Prezident İlham Əliyevin müsahibəsində qeyd etdiyi kimi, “... Sülh olmalıdır, ancaq heç vaxt erməni vəhşiliyini, erməni faşizmini unutmamalıyıq. Erməni faşizmini məğlub etdik. Elə etməliyik ki, erməni faşizmi bundan sonra heç vaxt baş qaldırmasın”.

Bəli, Azərbaycanın Müzəffər Ordusu, Xalq-Ordu-İqtidar birliyinin təntənəsi sayəsində erməni faşizmini məğlub etdi, ancaq o, məhv edilməyib. Erməni faşizminin bütün təzahürləri yer üzündən silinməlidir. Gərək digər ölkələr də, beynəlxalq ictimaiyyət də bu məsələdə həmrəy olsun. Erməni faşizminin XXI əsrdə törətdiyi bu dağıntılar hamı üçün gərək bir nümunə olsun ki, faşizmin yaxşısı, pisi yoxdur. Erməni havadarları, Ermənistanın arxasında dayanan dairələr də bunu bilməlidirlər, dərk etməlidirlər və bizim tarixi missiyamızı qiymətləndirməlidirlər, biz hansı bəlanı məhv etdik.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti