...

Moskva Bəyannaməsi Azərbaycanın növbəti diplomatik uğurudur - Tamam Cəfərova

Siyasət Materials 24 Fevral 2022 10:51 (UTC +04:00)
Moskva Bəyannaməsi Azərbaycanın növbəti diplomatik uğurudur - Tamam Cəfərova

Bakı. Trend:

Moskva Bəyannaməsi Azərbaycanın Rusiya ilə qarşılıqlı əlaqələrini müttəfiqlik səviyyəsinə qaldırır və Azərbaycanın maraqlarına cavab verir. Bəyannamə tərəflər arasında bərabərhüquqlu münasibətləri yüksək səviyyədə tənzimləyən sənəddir, hər iki tərəfin, o cümlədən də Rusiyanın üzərinə ciddi öhdəliklər qoyur. Bu öhdəlik Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, separatizmə qarşı mübarizə, bir birinin daxili işlərinə qarışmamaq və digər məsələləri əhatə edir.

Türkiyə ilə imzalanmış Şuşa bəyannaməsi kimi, Rusiya ilə Moskva bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir. Azərbaycan öz müstəqil siyasətinə, təhlükəsizliyinə əlavə zəmanət qazanır.”

Bunu Trend-ə Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

İmzalanmış Bəyannamə Azərbaycana yeni imkanlar qazandırır və Azərbaycanı daha da gücləndirir. Vətən müharibəsində əldə etdiyimiz zəfərdən sonra Cənubi Qafqazda yeni bir regional nizam, konfiqurasiya formalaşır. Bu yeni konfiqurasiyanın əsas oyunçuları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada, hər iki ölkə ilə müttəfiqlik bəyannamələrinin imzalanması bu yeni konfiqurasiyanı rəsmən təsbit edir. Qazandığımız hərbi zəfərin siyasi-diplomatik cəbhədə daha da möhkəmləndirilməsi, Azərbaycanın regionda yaratdığı yeni reallığın tam olaraq qəbul edilməsi mühüm əhəmiyyət kəsb edir. Hər iki bəyannamə bu məqsədə xidmət edir. Sürətlə dəyişən, təhdidlərin durmadan artdığı bir dünyada bütün güc mərkəzləri ilə münasibətləri ən yüksək səviyyəyə çatdırmaq ölkəmizin milli təhlükəsizliyinin qorunmasını təmin edir. Türkiyə və Rusiya ilə müttəfiq olmaq, habelə yaxın zamanlarda Avropa İttifaqı ilə ikitərəfli sazişin imzalanması perspektivi peşəkar diplomatiya, habelə siyasi iradə, güc və müvafiq bacarıqların təzahürüdür.

Deputat açıqlamasında bildirib ki, Rusiya ilə ölkəmizin yüksək səviyyəli əlaqələri var. İki ölkə prezidentləri arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibəti formalaşıb. Bu il ölkələrimiz arasında diplomatik münasibətlərin yaranmasının 30 illiyi tamam olur. Ötən müddət ərzində iki ölkə arasında strateji tərəfdaşlığın mahiyyətini müəyyən edən sənədlər imzalanmışdır. Hazırda ölkələrimiz arasında siyasi münasibətlər ən yüksək səviyyəyə çatıb. Rusiya Azərbaycanın qonşusu, dünyanın ən güclü ölkələrindən və BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən biridir. Ölkələrimiz arasında tarixən dərin mədəni, humanitar, iqtisadi əlaqələr mövcuddur. Rusiyada milyonlarla azərbaycanlı yaşayır və işləyir.

Tamam Cəfərova bildirib ki, 90-cı illərin əvvəllərində Azərbaycanın Rusiya ilə münasibətlərində bir çox problemlər müşahidə olunurdu. Bu o cümlədən, Ümummilli lider Heydər Əliyevdən əvvəl hakimiyyətdə olmuş qüvvələrin xarici siyasət istiqamətində buraxdığı səhvlərlə əlaqədar idi. Lakin Azərbaycanda Heydər Əliyev timsalında praqmatik siyasətçinin hakimiyyətə gəlməsi Azərbaycanın Rusiya ilə münasibətlərinə müsbət istiqamətdə güclü impuls verdi. 2000-ci ildə V. Putinin Rusiya prezidenti seçilməsi isə bu münasibətlərin daha intensivliklə inkişafına şərait yaratdı. Rusiya Azərbaycanın şimal qonşusu və vacib iqtisadi tərəfdaşıdır. O cümlədən Rusiya Azərbaycanın siyasi rəqibi Ermənistanın siyasi-hərbi müttəfiqidir. Azərbaycan Rusiya ilə münasibətlərini inkişaf etdirməli və Cənubi Qafqazda mövcud ittifaqlar sistemini öz xeyrinə dəyişməlidir. Bu siyasətin empirik dəlillərini biz Ümummilli lider Heydər Əliyevin və müzəffər Prezident İlham Əliyevin xarici siyasətində müşahidə edə bilərik. Azərbaycan rəhbərlərinin məntiqi siyasəti Rusiyanın Ermənistana marağını zəiflədib, Azərbaycanla münasibətlərini inkişaf etdirməyə yönəlmişdi. Rusiya rəhbərliyi hətta bu müqavilədən çox əvvəl Azərbaycanın Rusiya üçün əhəmiyyətini dəfələrlə qeyd etmişdir. Ermənistanla Rusiya arasında hərbi-siyasi sahədə 200-ə yaxın saziş imzalansa da, II Qarabağ müharibəsi zamanı Rusiya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi, müharibədən sonra sərhəd zonasında yaranan gərginlik vaxtlarında isə İrəvanın rəsmi müraciətlərinə rəğmən birbaşa və ya KTMT səviyyəsində Azərbaycana təzyiq göstərmədi. Bütün bu faktlar Azərbaycanın Moskva bəyannaməsinə qədər Rusiya ilə münqasibətlərinin praktiki faydalarını göstərir.

Tamam Cəfərova fikirlərinin davamı olaraq qeyd etdi ki, bu nöqteyi-nəzərdən Moskva Bəyannaməsi xüsusi əhəmiyyətə malikdir. Moskva Bəyannaməsi Azərbaycan və Rusiya arasında münasibətləri yeni – müttəfiqlik səviyyəsinə qaldıracaqdır. Burda Azərbaycana bu müttəfiqliyin nə dərəcədə zəruri olması, Moskva Bəyannaməsinin Şuşa bəyannaməsi ilə qarşılıqlı əlaqəsi və Rusiya-Azərbaycan arasında müttəfiqliyin nə dərəcədə bərabərhüquqlu olması haqqında qanunauyğun suallar formalaşır.

Zənnimizcə sonuncu sualdan başlamaq daha məntiqəuyğundur. Bəyannamənin preambula hissəsində, "iki ölkənin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığının genişləndirilməsinə dönməz sadiqlikləri" ifadə edilir. Bu hissə Azərbaycan və Rusiyanın iqtisadi, siyasi, hərbi imkanlarının nəzərəçarpan dərəcədə fərqlənməsinə rəğmən bərəbərhüquqlu əməkdaşlığı özündə ehtiva edir. Azərbaycanın dünyanın ikinci hərbi qüvvəsi ilə müttəfiqlik səviyyəsində bərabərhüquqlu əlaqə qurması bizim siyasi kapitalımızın və nüfuzumuzun artmasına şərait yaradır.

Cari bəyannamənin qardaş Türkiyə ilə imzalanan Şuşa bəyannaməsi ilə qarşılıqlı əlaqədə təhlil etmək məqsədilə bəyannamənin 16-cı bəndinə nəzər yetirmək vacibdir. Bəyannaməyə görə, "təhlükəsizliyin təmin edilməsi, sülhün və sabitliyin qorunub-saxlanması məqsədilə Rusiya Federasiyası və Azərbaycan Respublikası bir-birinə BMT Nizamnaməsi, ayrı-ayrı beynəlxalq müqavilələr əsasında və Tərəflərdən hər birinin beynəlxalq-hüquqi öhdəliklərini nəzərə almaqla hərbi yardım göstərilməsi imkanını nəzərdən keçirə bilərlər". Müşahidə etdiyimiz kimi 16-cı bənd bizim Şuşa bəyannaməsi ilə bağlı suala birbaşa cavab verir. Azərbaycan və Rusiyanın Bəyannamədə razılaşdırdıqları qərara görə cari müqavilə dövlətlərin digər müqavilələrlə öz üzərinə götürdüyü öhdəliklərə ziddiyyət təşkil etmir. Başqa sözlə desək Moskva Bəyannaməsi Şuşa Bəyannaməsini istisna etmir, onun əhəmiyyətinə xələl gətirmir. Beləliklə, əgər Şuşa bəyannaməsi ilə Azərbaycan NATO-da ABŞ-dan sonra ikinci güclü orduya malik Türkiyə ilə siyasi-hərbi müttəfiqlik qurmuşdursa, Moskva Bəyannaməsi ilə biz qlobal miqyasda qüdrətinə görə ikinci yerdə duran Rusiya ilə müttəfiqlik əlaqəsi yaratmışıq.

Tamam Cəfərova qeyd edib ki, qonşu ölkələrlə yüksək səviyyəli münasibətlərin qurulması Prezident İlham Əliyevin prioritet hesab etdiyi sahələrdəndir. Vətən müharibəsində tarixi Zəfər qazanılmasında bu amil böyük rol oynayıb. Azərbaycanın qonşu Gürcüstan və İranla münasibətləri yüksək səviyyədədir. Məsələyə həm də regional aspektdən nəzər yetirək. Bildiyimiz kimi, Azərbaycanın İran, Rusiya, Ermənistan, Gürcüstan və Türkiyə ilə quru sərhədləri var. Şuşa Bəyannaməsi bizim Türkiyə ilə, Moskva bəyannaməsi isə Rusiya ilə münasibətlərimizi müttəfiqlik səviyyəsinə qaldırır. Gürcüstan ilə çoxlu sayda birgə həyata keçirilən strateji regional layihələri nəzərə alsaq, Tiflis ilə də münasibətlərimizi strateji tərəfdaşlıq kimi nəzərdən keçirtmək olar. İran prezidentinin bu yaxınlarda sərhəd bölgələrə səfər edib, Azərbaycandan keçəcək Şimal-Cənub marşrutu çərçivəsində dəmiryolunun vəziyyəti ilə tanış olmasını, İran ərazisindən Türkmənistan qazının nəql edilməsini nəzərə alıb, İran ilə münasibətlərin strateji tərəfdaşlıq istiqamətində inkişaf etdiyi qənaətinə gələ bilərik. Belə şəraitdə Azərbaycanın regional rəqibi Ermənistan, Azərbaycanın müttəfiq, strateji tərəfdaş və vacib tərəfdaşlarının əhatəsində qalmış olur. Bu fakt Ermənistanın daxili və xarici siyasətinə təsirsiz ötüşə bilməz. Ermənistan mətbuatına diqqət yetirsək, bir çox dairələr Moskva Bəyannaməsinin yaradacağı geosiyasi reallıqdan artıq vahiməyə düşüb. Ümid etmək olar ki, bu fakt Ermənistanın konstruktiv istiqamətdə addımlanmasına stimul verib, Azərbaycanla qarşılıqlı sürətdə ərazi bütövlüyünün tanınması əsasında sülh müqaviləsi imzalanmasını şərtləndirəcək. Moskva Bəyannaməsinin müvafiq 9 və 10-cu bəndləri bu məsələyə xüsusi toxunur: "9. Rusiya və Azərbaycan regionda sabitlik təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və ...(Ermənistanla) münasibətlərin normallaşdırılması üçün əsas kimi çıxış etmiş ...bəyanatlarının müddəalarının həyata keçirilməsi üzrə səylərə ...dəstək verəcəklər; 10. Tərəflər ... qarşılıqlı fəaliyyət göstərəcək və region dövlətləri arasında uzunmüddətli sülhün yaradılması üzrə regional və beynəlxalq səviyyələrdə sıx əməkdaşlıq edəcəklər".

Gördüyümüz kimi Azərbaycan rəhbərliyinin xarici siyasət sahəsində atdığı hər bir addım milli maraqlara əsaslanaraq, digər məsələlərlə qarşılıqlı koordinasiya və balanslaşdırılmış şəkildə həyata keçirilir.

Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması yollarının axtarışında Rusiya bizim əsas tərəfdaşımızdır. Bunun üçün imkanlar var. Azərbaycan sülh müqaviləsi üzərində işə başlamağa hazır olduğunu dəfələrlə bəyan edib. Azərbaycana müharibə lazım deyil. Ərazi bütövlüyünün hərbi yolla bərpa olunması məcburi tədbir idi və müharibədən sonrakı mərhələdə bu məsələni siyasi metodlarla həll etməyə Azərbaycan hazırdır. Rusiya və Azərbaycan birgə səyləri ilə Qafqazda sülhün, Xəzər regionunda və Avrasiya məkanında əməkdaşlığın möhkəmləndirilməsi işində böyük nailiyyətlər əldə olunacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti