...

Xocalıda günahsız insanların amansızcasına qətliamı bəşər tarixində misli görünməmiş faciə idi - Sevil Mikayılova

Siyasət Materials 25 Fevral 2022 16:41 (UTC +04:00)
Xocalıda günahsız insanların amansızcasına qətliamı bəşər tarixində misli görünməmiş faciə idi - Sevil Mikayılova

Bakı. Trend:

30 il bundan əvvəl bir gecədə törədilən Xocalı soyqırımı bir şəhəri yer üzündən sildi. Günahsız insanların amansızcasına qətliamı bəşər tarixində misli görünməmiş faciə, xalqımızın qan yaddaşı, xeyirin şərə məğlubiyyəti idi. Xocalı soyqırımı erməni cinayətidir və dünya birliyi tərəfindən ona siyasi qiymətin verilməsi tarixi ədalətin bərpa olunması üçün ən düzgün yoldur. Bu məsələ Azərbaycanın 1996-cı ildə qoşulduğu, BMT Baş Assambleyasının 1948-ci ildə qəbul etdiyi Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyaya uyğun olaraq beynəlxalq hüquq müstəvisində həllini tapmalıdır.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Böyük Zəfərlə xalqımız Vətənimizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olan bütün müharibə qurbanlarının ruhu qarşısında öz mənəvi borcunu yerinə yetirdi.

"Torpaqlarımız bütövləşdi, müqəddəs bayrağımızı Ana torpağa sancdıq. Biz qalibik. Bizim istəyimiz ədalətin hüquq müstəvisində zəfər çalması, erməni vandalizminin tarix qarşısında məsuliyyətə cəlb olunması, Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsidir.

Bu illər ərzində Heydər Əliyev Fondu tərəfindən misilsiz işlər görüldü. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən etibarən həyata keçirilən “Xocalıya ədalət” kampaniyası bu istiqamətdə mühüm addım oldu. Məhz bu kampaniya çərçivəsində Xocalı soyqırımı barədə həqiqətlər dünya birliyinə olduğu kimi tanıdılıb, 26 ölkə, eləcə də ABŞ-ın 24 ştatı artıq bu cinayəti soyqırımı kimi qəbul edib.
Hər birimizin qəlbində dərin iz qoymuş bu qanlı hadisə düzgün siyasi qiymət alana qədər mübarizəmiz davam edəcək. Xocalı təkcə bir xalqa, bir millətə qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş qanlı cinayətdir. Onun sərhədlərini coğrafiyası ilə məhdudlaşqırmaq olmaz. Susqunluq, yaxud etinsızlıq Xocalı qurbanlarına hörmətsizlik deyil, bəşərin gələcək təhlükəsizliyinə təhdiddir", - deyə deputat bildirib.

S.Mikayılova qeyd edib ki, biz Xocalıya ədalət istəyirik, yalnız milli mənsubiyyətinə görə qətlə yetirilmiş insanlar, məhv edilmiş yüzlərlə talelər, viran qalmış yurd təkcə Azərbaycan xalqına qarşı deyil, bəşərə qarşı yönəlmış vəhşilikdir. Ona görə də zaman-zaman baş qaldıran erməni faşizmi və millətçiliyi beynəlxalq birlik üçün çağırış olmalıdır. Məhz Xocalı müstəvisində həmrəylik bir çox faciələrin qarısını almaq üçün xilas olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti