...

Brüssel görüşünün nəticələri Azərbaycanın növbəti diplomatik uğurudur - Deputat

Siyasət Materials 8 Aprel 2022 13:13 (UTC +04:00)
Brüssel görüşünün nəticələri Azərbaycanın növbəti diplomatik uğurudur - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Aprelin 6-da Prezident İlham Əliyevin Brüsselə səfəri, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Ermənistan baş naziri Nikol Paşinyanla görüşləri və əldə olunan nəticələr Azərbaycanın növbəti diplomatik uğurudur.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O qeyd edib ki, görüş nəticəsində verilən bəyanat Azərbaycanın maraqlarına tam uyğundur.

“Bu görüş Cənubi Qafqazda sabitlik, təhlükəsizlik və inkişaf üçün olduqca mühümdür. Belə ki, görüş nəticəsində sülh danışıqları üçün konkret prosesə başlamağa, mümkün sülh sazişini hazırlamağa və bu saziş üçün bütün zəruri elementləri həll etməyə qərar verilib. Bundan əlavə görüşdən əldə olunan daha bir mühüm nəticə həssas məsələ olan delimitasiya ilə bağlı işçi qrupu, birgə komissiya ilə bağlı razılığa gəlinməsidir.

Görüşün nəticələri onu deməyə əsas verir ki, Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaratdığı yeni reallıqlar, sülh razılaşması üçün irəli sürdüyü 5 maddədən ibarət təklifi həm Avropa, həm də ermənilər tərəfindən qəbul edildi. Bu isə o deməkdir ki, regionda sülh prosesləri Azərbaycanın irəli sürdüyü gündəlik əsasında aparılır”, - deyə deputat bildirib.

O qeyd edib ki, Prezident İlham Əliyevin görüşləri və apardığı danışıqlar nəticəsində postmüharibə dövründə yeni format – Brüssel sülh gündəliyi yarandı.

“İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də keçirilib, bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Proseslərin davamı və inkişafı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları keçirilib. Bütün bu proseslər Azərbaycanın mövqeyi və maraqlarına uyğun olub. Aprelin 6-da 4 saat yarımdan artıq davam edən görüşün nəticəsi isə cənab Prezident İlham Əliyevin dünyada böyük nüfuzunun göstəricisidir”, - deyə A.Həsənova əlavə edib.

Deputat əlavə edib ki, görüş nəticəsində verilən bəyanatda mühüm məqamlardan biri də odur ki, sənəddə “Dağlıq Qarabağ” ifadəsi və ya keçmişin qalığı olan ATƏT-in Minsk Qrupu həmsədrlik institutuna istinad yoxdur.

“Sözügedən fakt onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində yaranmış yeni reallığa əsaslanır. Münaqişə həll olunduğuna görə ATƏT-in Minsk Qrupu lazımsız təsisata çevrilib. Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranmışdır. Bütün bu proseslər cənab Prezident İlham Əliyevin apardığı qətiyyətli və düşünülmüş siyasətinin məntiqi nəticəsidir. Azərbaycan 44 günlük Vətən müharibəsi zamanı döyüş meydanında əldə etdiyi qələbəni siyasi müstəvidə də davam etdirməkdədir”, - deyə A.Həsənova əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti