...

44 günlük Vətən müharibəsi bütövlükdə dünya azərbaycanlılarının qələbəsidir - Tamam Cəfərova

Siyasət Materials 27 Aprel 2022 19:38 (UTC +04:00)
44 günlük Vətən müharibəsi bütövlükdə dünya azərbaycanlılarının qələbəsidir - Tamam Cəfərova

Bakı. Trend:

44 günlük Vətən müharibəsi bütövlükdə Dünya azərbaycanlılarının qələbəsidir. Çünki, bu qələbənin əldə olunmasında harada yaşamasından asılı olmayaraq dünya azərbaycanlılarının həmrəyliyi mühüm rol oynamışdır. Ona görə ki, həm Azərbaycanda yaşayan Azərbaycan vətəndaşları, həm də dünya azərbaycanlıları bir nöqtəyə vururdu, bir hədəfə çatmaq üçün çalışırdı. Hər birimiz hər gün öz əməyimizlə, işimizlə, hərə öz yerində bu Qələbə gününü yaxınlaşdırdıq. Torpaqlarımızın işğaldan azad olunmasından daha vacib və ali vəzifə yox idi. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyilə Şanlı Azərbaycan Ordusu bu vəzifəni qəhrəmanlıqla yerinə yetirdi. Azərbaycan xalqı 30 il davam edən mənasız danışıqlar əvəzinə öz gücünü ortaya qoydu, ədaləti, beynəlxalq hüququ bərpa etdi. Bütün dünyaya sübut etdi ki, biz böyük xalqıq və Azərbaycan xalqı heç vaxt işğalla barışmaq fikrində deyildi. Bu baxımdan, Azərbaycan həqiqətlərinin dünyaya çatdrılmasında, haqq-ədalət mübarizəsində xaricdə yaşayan azərbaycanlıların və diapora təşkilatlarının əməli fəaliyyəti xüsusilə qeyd olunmalıdır.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Ötən həftə Azərbaycan xalqının yaddaşında və eləcə də dövlətçilik tariximizdə dərin iz qoyan Dünya azərbaycanlılarının V Qurultayı Böyük Zəfərimizin növbəti Zəfər Paradı oldu: bu dəfə xaricdə yaşayan azərbaycanlıların və diapora təşkilatlarının iştirakı ilə. Azad Qarabağda, azad Şuşada keçirılən Qurultayın adı Zəfər qurultayıdır və bu, təbiidir. Çünki tarixi Zəfərdən sonra ilk dəfə idi ki, dünya azərbaycanlıları bir araya gəlib, qurultay keçirirdi. V qurultayı Ulu Öndər Heydər Əliyevin davamçılarının keçirdiyini vurğulayan millət vəkili qeyd etdi ki, Ulu Öndər Heydər Əliyevin Dünya azərbaycanlılarının qurultayında çıxışı zamanı dediyi “vaxt gələcək biz bu qurultayı Şuşada qeyd edəcəyik” ifadəsini hamımız yaxşı xatırlayırıq. Bəli, 30 ilə yaxın həsrətdən sonra o gün gəldi və azad Şuşa həmvətənlərimizi öz əzəməti ilə qarşıladı. Və bütün dünyaya göstərdi ki, 30 illik işğala baxmayaraq, Şuşa şəhəri öz ruhunu, tarxiliyini qoruyub-mühafizə edə bilib. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək, “mədəniyyətimizin paytaxtı olan Şuşa öz doğmalarını günəşli hava ilə qarşıladı və bu onu göstərir ki, bu, bizim tarixi torpağımızdır. Hətta təbiət, günəş də bizimlə həmrəydir”.

Fikirlərinin davamı olaraq millət vəkili T.Cəfərova dedi ki, cənab Prezident İlham Əliyev öz çıxışında bir çox məsələlərlə yanaşı 1992-ci ildə Qarabağ məsələsini həll etmək üçün mandat almış Minsk qrupunun “fəaliyyətinə” xüsusi toxunmuş və bildirmişdir ki, bu qrup 28 il boyunca status-kvonun saxlanılmasına çalışmışdır və faktiki olaraq heç bir nəticə əldə etməmişdir. İndi bu qrupun tarixçəsinə və hərəkətlərinə, verdiyi təkliflərə nəzər yetirərkən bir daha görmək olar ki, bu qrup məsələni həll etmək üçün yaranmamışdır. Keçmiş münaqişənin həllinə nail olmaq üçün yaradılmış Minsk qrupu faktiki olaraq 2019-cu ildə iflic olmuşdur. Onlar elə düşünürdülər ki, zaman keçdikcə nəsillər dəyişdikcə Azərbaycan xalqı bu vəziyyətlə barışacaq və işğal altında olan torpaqlarımız unudulacaq. Şübhəsiz ki, bu həm Ermənistanın, həm də havadarlarının çox böyük səhvi idi. Biz sübut etmişik ki, ölümə getməyə hazırıq. Müstəqillik dövründə vətənpərvərlik ruhunda yetişən gənclərimiz ölümə gedirdilər, Vətən uğrunda bilərəkdən ölümə gedirdilər. Harada yaşamasından asılı olmayaraq, Azərbaycan gəncliyi ilk öncə öz vətənpərvərliyi, milli-mənəvi dəyərləri və milli identikliyi ilə başqalarından fərqlənir. “Məsələ millətin birliyi, dövlətimizin ərazi bütövlüyü olduqda bütün dünya azərbaycanlıları “dəmir yumruq” kimi birləşib düşməni məhv etməyi yaxşı bilir”. Tamam Cəfərova belə deyib.

Bütün ağrılı məqamlara baxmayaraq, işğala baxmayaraq, bölgənin gələcəyi naminə Azərbaycan sülh gündəliyi təqdim edib deyən millət vəkili T.Cəfərova qeyd edib ki, bundan sonra Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması məsələsi gündəlikdədir. Azərbaycan konkret olaraq beş prinsipdən ibarət təklif irəli sürdü və Ermənistan bu beş prinsipi qəbul etdi. Ermənistan rəhbərliyi rəsmən bəyan etdi ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyır və Azərbaycana hər hansı bir ərazi iddiası yoxdur və gələcəkdə də olmayacaq.

Həm müharibə dövründə, həm də post-müharibə dövründə qazanılan uğurların əsasında Azərbaycan xalqının birliyi, bütövlükdə Xalq-İqtidar birliyi dayanır. Xalqımızın böyüklüyü, xalqımızın qələbəyə inamı, xalq-iqtidar birliyi və bütün dünya azərbaycanlılarının birliyi nəticəsində düşmən diz çökdürülmüşdür. Xalqın birliyi və sarsılmaz siyasi iradə post-münaqişə dövründə də sülh gündəliyini müəyyən edən tərəfdir. Şübhəsiz ki, Azərbacan regionun gələcək inkişafında və münasibətlərin normallaşma prosesində də gündəliyi müəyyən edən olacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti