...

Dünyaşöhrətli yazıçı V.Hüqoya görə “sülh sivilizasiyanın fəziləti, müharibə isə onun cinayətidir - Tamam Cəfərova

Siyasət Materials 4 May 2022 20:36 (UTC +04:00)
Dünyaşöhrətli yazıçı V.Hüqoya görə “sülh sivilizasiyanın fəziləti, müharibə isə onun cinayətidir - Tamam Cəfərova

Bakı. Trend:

Cənubi Qafqazın son 30 il tarixinə diqqət yetirmək kifayətdir ki, Qafqazda kimin fəzilətli, kimin isə cinayətkar dövlət olması aydın olsun. Azərbaycan daima bütün mübahisə və münaqişələrin dinc yolla həll edilməsinin tərəfdarı olub. Hətta II Qarabağ müharibəsinə Azərbaycan əks-hücum əməliyyatı kimi başlayıb. II Qarabağ müharibəsindən Azərbaycan qalib ölkə kimi çıxsa da, məğlub tərəfə dərhal sülh və əməkdaşlıq təklif etmişdir. Lakin Ermənistan Azərbaycanın sülh təkliflərini ardıcıl olaraq rədd edirdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 aprel tarixində ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda post-münaqişə dövrünün bir sıra mühüm məsələlərinə, həmçinin Ermənistan ilə gələcək münasibətlər və Cənubi Qafqazda sülh və əməkdaşlıq perspektivləri haqqında məsələlərə diqqət çəkib, olduqca vacib tezisləri ictimaiyyətin diqqətinə çatdırıb.

Bu fikirləri Trend-ə millət vəkili Tamam Cəfərova bildirib.

Millət vəkili bildirib ki, hal-hazırda Ermənistan və Azərbaycan arasında sülh və əməkdaşlıq münasibətləri üçün real zəmin formalaşıb. Uzun illər Ermənistana havadarlıq edən qüvvələrin başları qlobal rəqabətə qarışdığına görə öz proksi dövlətlərinə nə silah, nə də dollar-avro formasında yardım edə bilmirlər. Belə şəraitdə daima böyük qüvvələrə sığınan, Azərbaycanla üz-üzə gəlməkdən çəkinən Ermənistan, mövcud məsələləri vasitəçilərsiz müzakirə etməyə məcbur qalır. Beynəlxalq konfransda prezident Ermənistan hökümətinin Azərbaycanın irəli sürdüyü 5 təməl prinsipi qəbul etdiyini bildirdi. Bu prinsiplər tərəflər arasında imzalanacaq sülh müqaviləsinin təməlini təşkil edir. Qafqazda uzunmüddətli və dayanıqlı sülhün birinci baza şərti məhz bu sülh müqaviləsidir. Lakin sülhün uzunmüddətli və dayanıqlı olmasına digər amillər də yardımçı olmalıdır.

Belə amillərdən biri sərhədlərin delimitasiya və demarkasiyasıdır. Ermənistan təklif edilmiş prinsiplərə əsaslanaraq Azərbaycanla delimitasiya prosesinin başlanması üçün birgə işçi qrupunun yaradılmasına razılıq verib. Konfransda Azərbaycan prezidentinə sərhədlərin delimitasiya prosesində baza kimi hansı xəritələrin götürüldüyünə dair sual verilmişdir. Ölkəmizin başçısı cavabında bildirmişdir ki, Azərbaycan “1918-ci ildən və hətta ondan əvvəlki dövrün xəritələrindən başlayaraq Sovet İttifaqının dağıldığı dövrə qədərki” mövcud bütün xəritələri araşdırıb, onu birgə işçi qrupunun danışıqlar tərkibinə qatacaqdır. “Qeyd edək ki, adı çəkilən dövrlərdə Ermənistan və Azərbaycana arasında sərhəd fərqli xəttlər üzrə keçirdi. 1918-ci ilin xəritəsi var ki, İrəvan o zaman Azərbaycanın tərkib hissəsi idi. 1920-ci ilin noyabr ayının xəritəsi var ki, Zəngəzur o zaman Azərbaycanın tərkib hissəsi idi. Bununla yanaşı, bu gün İran-Ermənistan sərhədi boyu olan ərazilərdə o zaman azərbaycanlılar yaşayırdı və o torpaqların erməni xalqına heç bir aidiyyəti yox idi. 1920-ci ilin noyabrında sovet hakimiyyəti Zəngəzuru Ermənistana vermək qərarı qəbul etdi. Lakin bu ərazi Ermənistana veriləndə o bugünkü sahəyə - 42 kilometrlik sahəyə malik deyildi, ərazi daha ensiz idi”.

Fikirlərinin davamı olaraq millət vəkili vurğulayıb ki, bu tezis ölkə başçısının bir neçə gün qabaq Şuşada Dünya Azərbaycanlılarının V Qurultayında verdiyi siyasi mesajlarla səsləşir. Dünya Azərbaycanlılarının V Qurultayında cənab Prezident bildirmişdir ki, Azərbaycanın təklif etdiyi sülh müqaviləsi “Ermənistan üçün yeganə çıxış yolu və bəlkə də son şansdır”. Prezidentə görə əgər Ermənistan bundan imtina etsə, Azərbaycan da Ermənistanın ərazi bütövlüyünü tanımayacaqdır. Sərhədlərin delimitasiya və demarkasiya məsələsinə gəldikdə isə Azərbaycan prezidenti Ermənistana xəbərdarlıq edir ki, əgər Ermənistan bu məsələdə yenə mifik “böyük Ermənistan” xülyalarından və ya hüquqazidd digər mövqelərdən çıxış etsə, onda Azərbaycan da iki ölkə arasından keçən sərhədin 1918 və 1920-ci illərə uyğun keçirilməsində israr edə bilər.

“Qeyd edilən müddətlərdə İrəvan və Zəngəzurun Azərbaycanın tərkibində olmasını nəzərə alsaq, bunu Ermənistana həm xəbərdarlıq, həm də mövcud riskləri nəzərə alaraq rasional və konstruktiv siyasətə dəvət kimi təfsir etmək olar”. Tamam Cəfərova belə deyib.
Cənubi Qafqazda sülh və əməkdaşlığın digər faktoru iqtisadi münasibətlərin bərpa olunmasıdır. Ölkə başçısı bu istiqamətdə Azərbaycanın Gürcüstanla münasibətlərini nümunə çəkir. İki ölkə arasında enerji, nəqliyyat, investisiya və s. sahələr üzrə sıx inteqrasiya qarşılıqlı etimad və siyasi birliyin əsasını təşkil edir. Bu strateji tərəfdaşlığın nəticəsi kimi 44 günlük müharibə zamanı Gürcüstan Rusiyadan Ermənistana gedən silah daşımalarının qarşısını almaq üçün öz quru sərhədini və hava məkanını bağlamışdı. Prezident analoji xahiş məktublarının Qazaxıstan, Türkmənistan və İrana göndərildiyini bildirsə də, Gürcüstandan fərqli olaraq bu ölkələrin ərazisindən Ermənistana silahların daşındığını bildirdi. Azərbaycan müdrik dövlətdir, cənub və Xəzər dənizi üzrə qonşularının müharibə zamanı Ermənistana silah daşınmasına imkan verdiyinə ağıllı cavab vermişdir. Bütün tərəflərə bu addımın mehriban qonşuluq siyasətinə uyğun olmadığını çatdıran Azərbaycan, bununla belə həmin ölkələrlə münasibətlərin korlanmasına yönələn addımlar atmadı. Əksinə hər üç ölkə ilə münasibətləri yeni mərhələyə çıxarıb, bütün tərəflərin yararlanmasını özündə ehtiva edən faydalı əməkdaşlıq platforması təklif etdi.

Türkmənistanla Dostluq yatağının birgə istismar edilməsi üzrə memorandum, Türkmənistan qazının İran ərazisi boyunca Azərbaycana nəql edilməsi, İranla yeni nəqliyyat dəhlizi memorandumunun imzalanması, Qazaxıstan ilə Türk Dövlətləri Təşkilatı səviyyəsində qarşılıqlı əməkdaşlıq Azərbaycanın bu ölkələrlə mövcud mübahisələrini dinc yolla həll etməyə imkan verib, bütün tərəfləri iqtisadi fayda əlaqələri ilə bir-birinə bağladı. Ermənistan II Qarabağ müharibəsindən sonra Azərbaycanın İran ilə mübahisələri üzərində spekulyasiya etməyə cəhd göstərsə də, İranla yeni nəqliyyat dəhlizinin açılması İrəvanı diplomatik məğlubiyyətə düçar etdi. Vurğulayaq ki, yeni dəhlizin açılması xəbəri Ermənistan xarici işlər nazirinə Türkiyədə Antalya diplomatik forumunda iştirak etdiyi zaman, baş nazirə isə Framsada səfərdə olduğu vaxt çatmışdır. Ermənistan KTMT və Avrasiya İqtisadi İttifaqı üzrə müttəfiqi olan Qazaxıstana çox ümid etsə də, Bakının düşünülmüş addımları bu istiqamətdə də bütün spekulyasiyaları sıfra endirdi.

Sülh və əməkdaşlığın digər vacib şərti beynəlxalq güclərin tərəflərə ədalətli və bərabər yanaşmasıdır. Müharibədən sonra Avropa İttifaqı Ermənistana 2,6 milyard avro yardım ayırmışdı. Azərbaycana ilk vaxtlar bundan xeyli az yardım ayrılsa da, sonradan Avropa İttifaqı öz səhvini düzəldib, Azərbaycana da 2 milyard avro yardım paketi ayırmışdı. Yardımın qeyri-bərabər ayrılmasını Ermənistan öz gündəliyinin Avropa İttifaqı tərəfindən dəstəklənməsi kimi şərh edirdi və Azərbaycanla sülh müqaviləsini imzalamaqdan, sərhədləri delimitasiya-demarkasiya etməkdən, iqtisadi əlaqələri bərpa etməkdən imtina edirdi. Amma Brüsselin buraxdığı səhvini düzəltməsi Ermənistanda Bürsselə bağladıqları ümidləri də yox etdi. “Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini ehtimallar üzərində deyil, praqmatizm, qarşılıqlı fayda və maraqlar üzərində qurur. Aİ öz sərhədlərində sabitlik olmasını istəyir, Azərbaycanın enerji potensialına, nəqliyyat-kommunikasiya infrastrukturuna böyük maraq göstərir. Aİ yeni reallıqları tam olaraq qəbul edir. Azərbaycan Aİ ilə yaxın münasibətlərin qurulmasını istəyir, qarşısına üzvlük kimi qeyri-real hədəflər qoymur, müasir texnologiyalara, Avropanın enerji bazarına daha geniş çıxış istəyir. Bu, Avropanın enerji strategiyası ilə tamamilə uzlaşır. Azərbaycan Aİ-nin Cənubi Qafqaz region ölkələrinə eyni bucaq altından yanaşmasının tərəfdarıdır”. Prezident İlham Əliyev konfransda bu fikirləri səsləndirib.

Millət vəkilinin fikincə, hal-hazırda bütün adı çəkilən faktorlar Azərbaycanın xeyrinə işləyir. Bu isə Ermənistanın daha sığınacağı, ümid etdiyi bir yerin olmadığı anlamına gəlir. Ermənistan ya müstəqil və rasional dövlət davranışı nümayiş etdirib, Azərbaycanla münasibətləri normallaşdırmalı, ya da Azərbaycan prezidentinin hələ müharibə zamanı dediyini kimi öz bayrağını aşağı endirib, digər dövlətin tərkibinə muxtar respublika kimi daxil olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti