...

Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz gücə çevrilib - Sahil Kərimli

Siyasət Materials 3 İyun 2022 17:33 (UTC +04:00)
Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz gücə çevrilib - Sahil Kərimli

Bakı. Trend:

Azərbaycan dünyanın enerji təhlükəsizliyinin təmin edilməsində əvəzedilməz gücə çevrilib. Bu gün Avropanın inkişaf etmiş dövlətləri Azərbaycanın enerji resurslarından yararlanmaq üçün böyük səylər göstərirlər. Hazırda dünyada baş verən proseslər fonunda yeni reallıqlar yaranıb. Azərbaycanın bölgədəki nüfuzu və beynəlxalq rolu daha da artır. Hazırda dünyanın enerji xəritəsi yenidən tərtib edilir və Azərbaycan bu prosesdə ön cərgədə yer alır. Prezident İlham Əliyevin güclü iradəsi, bir neçə onilliklər sonraya hesablanmış hədəfləri imkan verir ki, ölkəmiz bundan sonra da inkişaf yolu ilə getsin.

Bunu SƏS TV-yə açıqlamasında Trend BİA-nın Baş direktor müavini, siyasi ekspert Sahil Kərimli bildirib.

S.Kərimli bildirib ki, son günlərdə Azərbaycanda çox böyük tarixi hadisələr baş verir.

"Keçən həftə biz Azərbaycan-Türkiyə qardaşlığının simvoluna çevrilən "Teknofest" festivalının fəxrini yaşadıq. Bu həftə isə Azərbaycan çox böyük tədbirə ev sahibliyi etdi. Bildiyimiz Bakı Enerji həftəsi çərçivəsində keçirilən Neft-qaz sərgisində dünyanın bir çox ölkələrindən Azərbaycanın tərəfdaşları, müxtəlif beynəlxalq, iqtisadi qurumların nümayəndələri iştirak etdilər. Biz bununla bir daha bütün dünyaya sübut etdik ki, Azərbaycan dünyanın əvəzedilməz tərəfdaşıdır.

Bildiyimiz kimi, 90-cı illərin əvvəllərində Azərbaycanda çox mürəkkəb bir siyasi vəziyyət hökm sürürdü. Ölkəmiz uçurum qarşısında idi. Həmin dövrdə hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev ilk növbədə Azərbaycanda ictimai-siyasi sabitliyi bərqərar etməyə başladı, silahlı qruplaşmaların qarşısı alındı, cinayətkar dəstələr zərərsizləşdirildi. Azərbaycan inkişaf mərhələsinə qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin səyi nəticəsində Azərbaycan təbii ehtiyatlarını, enerji resurslarını, Xəzər dənizinin imkanlarını dünyaya açdı. Həmin siyasət sonrakı illərdə Prezident İlham Əliyev tərəfindən uğurla, qətiyyətlə davam etdirildi və Azərbaycan bu gün dünyada xüsusi çəkiyə, nüfuza malik bir ölkəyə çevrilib. Azərbaycan durmadan yeni nəhəng layihələr üzərində işləyir və neft-qaz, enerji resurslarını dünaya təqdim edir. Yeni enerji mənbələrinin axtarılması, xüsusilə də yaşıl enerjiyə keçidlə bağlı layihələr, bu prosesə nüfuzlu xarici şirkətlərin cəlb edilməsi olduqca təqdirəlayiqdir", - deyə S.Kərimli əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti