Bakı. Trend:
Prezident İlham Əliyevin 26 iyun Silahlı Qüvvələr Günündə Kəlbəcər rayonuna səfəri çərçivəsində komando hərbi hissəsinə döyüş bayrağının verilməsinə həsr olunmuş təntənəli mərasimdə iştirak etməsi olduqca mühüm rəmzi məna daşıyır. Belə ki, 24 dekabr 2021-ci ildə birinci komando hərbi hissəsi azad edilmiş Hadrutda istifadəyə verilmişdir. 6 ay sonra Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasimi təşkil olunur. Bu, onu göstərir ki, İkinci Qarabağ müharibəsindən sonra ordu quruculuğu prosesi sürətlə gedir və komando qüvvələri bütün digər silahlı birləşmələrlə bərabər ölkə qarşısında duran bütün vəzifələri yerinə yetirmək, ərazi bütövlüyünü müdafiə etmək və sərhədlərimizi qorumaq üçün bütün imkanlara malikdir. Bu, bir daha Azərbaycan ordusunun gücünün və "dəmir yumruğun" sarsılmazlığının nümayişi idi.
Bu fikirləri Trend-ə Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, Azərbaycan xalqı Silahlı
Qüvvələrimizlə fəxr edir. Artıq 2 ildir ki, xalqımız 26 İyun
tarixini müzəffər xalq kimi, qalib ölkə kimi Ordu Gününü qeyd edir.
Müzəffər Azərbaycan Ordusu tarixi missiyanı şərəflə yerinə yetirdi.
Azərbaycan xalqı bütün gücünü səfərbər edib tarixi şərəfli
missiyanı yerinə yetirdi. Dünyanın hansı yerində yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlı Silahlı Qüvvələrimizlə qürur
duyur.
Millət vəkili Tamam Cəfərova qeyd edib ki, ötən 30 ilə yaxın
Azərbaycan torpaqları işğal altında idi. Ötən müddət ərzində
xalqımız beynəlxalq hüququn işləmədiyinin, ədaləti bərpa etmək üçün
güc amilinin hər şeydən daha vacib olduğunun şahidi oldu. Bu gün
hər birimiz görürük ki, beynəlxalq hüququn norma və prinsipləri
işləmir, beynəlxalq təşkilatlar faktiki olaraq fəaliyyəti formal
şəkildə davam etdirir.
"Şübhəsiz ki, beynəlxalq hüququ bərpa etmək üçün Azərbaycan güc toplamalı idi deyən millət vəkili Tamam Cəfərova bildirib ki, ötən dövr ərzində Azərbaycan siyasi, iqtisadi, hərbi baxımdan güc topladı. Beynəlxalq təşkilatlar qarşısında Azərbaycan özünün haqlı mövqeyini uğurla nümayiş etdirdi. Nəticədə bütün bunlar tarixi qələbəmizi daha da yaxınlaşdırdı. Və Xalq-Ordu-Dövlət birliyinin sarsılmazlığı sayəsində Azərbaycan tək başına beynəlxalq hüququ bərpa etdi.
Bu gün böyük fəxr hissi ilə deyə bilərik ki, biz qalib insanlar kimi yaşayırıq. Bütün dünya azərbaycanlıları yaşadıqları yerlərdə başlarını dik tutub qalib xalqın nümayəndələri kimi yaşayırlar. Azərbaycan Silahlı Qüvvələri tarix qarşısında, əcdadlarımızın ruhu qarşısında və gələcək nəsillər qarşısında tarixi missiyasını uğurla icra etdi. Bu tarixi Qələbə daim bizim tariximizdə olacaq. Biz daim bu tarixi Qələbə ilə fəxr edəcəyik.
Həmçinin millət vəkili Tamam Cəfərova açıqlamasında işğaldan azad olunan ərazilərdə həyata keçirilən quruculuq işlərinə də xüsusilə diqqət çəkib. Millət vəkili bildirib ki, bu gün bütün dünya Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyi quruculuq və bərpa işlərini heyranlıqla izləyir.
Cənab Prezident İlham Əliyev Kəlbəcər rayonuna səfəri çərçivəsində “İstisu” sanatoriyasının təməlqoyma mərasimində də iştirak etmişdir. Qeyd etməliyik ki, İstisu qəsəbəsinin inkişafı ilə bağlı artıq konkret addımlar atılır. İlk növbədə, yeni su zavodunun tikintisi nəzərdə tutulur. Su zavodunun təməli qoyuldu. Vaxtilə məşhur olan İstisu suyu yenidən buraxılacaq, istehsal olunacaq, Azərbaycanda istehlak olunacaq və ixrac ediləcək. Əlbəttə, bu Kəlbəcər rayonunun iqtisadi potensialının nə qədər yüksək olduğunun göstəricisidir. Eyni zamanda onu da deməliyik ki, Kəlbəcər və Laçın rayonlarının bərpası azad edilmiş digər rayonlara nisbətən daha çətindir. Hərbi xidmət nöqteyi-nəzərdən Kəlbəcər-Laçın zonası həm iqlim, həm relyef, həm də təbiət baxımından ən çətin bölgədir. Kəlbəcər və Laçın rayonlarının inkişafı ilə bağlı lazımi addımlar atılır. Keçən il 4 su elektrik stansiyası istifadəyə verilib. Bu il isə 5 su elektrik stansiyasının istifadəyə verilməsi təmin ediləcək.
Görülən bütün bu işlər ölkəmizin iqtisadi gücünün göstəricisi olmaqla yanaşı, qurub-yaradan xalq olmağımızın da göstəricisidir. Cənab Prezidentin çıxışında dediyi kimi “Azərbaycan xalqı qurub-yaradan xalqdır. Azərbaycan xalqı tamamilə dağılmış 10 min kvadratkilometr ərazidə yeni həyat qurur”. İşğaldan azda olunmuş ərazilərimizdə artıq, yeni həyatın təzahürləri görünür. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat işləri gedir. Hərtərəfli iş görülür - infrastruktur işləri, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, məscidlərimizin bərpası, muzeylər, hava limanları, dəmir yolları, tunellər. Cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil. Bu, onu göstərir ki, biz bu torpaqların sahibləriyik. Və torpaq sahibində olanda canlanır, çiçəklənir", - Millət vəkili Tamam Cəfərova belə deyib.