Bakı. Trend:
Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası iki ölkə arasında dialoqun sağlamlaşdırılması ilə bağlı Rusiyanın vasitəçilik səylərinin vacib istiqamətidir.
Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
"Moskvanın bu prosesdə məsləhətçi rolu 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli bəyanatında qeydə alınıb. Məlum olduğu kimi, mayın sonunda müvafiq ikitərəfli komissiya yaradılıb və iki ölkənin sərhədində Azərbaycan və Ermənistan nümayəndələrinin ilk tanışlıq görüşü keçirildi. Biz öz tərəfimizdən azərbaycanlı və erməni dostlarımızı Rusiya ərazisində qəbul etməyə hazırıq. Əminik ki, ölkəmizin peşəkar imkanları, post-sovet məkanında delimitasiya və demarkasiya sahəsində təcrübəsi Azərbaycan-Ermənistan sərhədində və ümumilikdə bütün regionda təhlükəsizliyi möhkəmləndirmək iqtidarındadır. Hesab edirik ki, bu və ya digər tədbirlərin icra olunmasının konkret müddətlərini Bakı və İrəvan müəyyənləşdirəcək. Biz isə öz tərəfimizdən onlar bu qərarları qəbul etdikdən sonra məlumat verəcəyik", - M.Zaxarova deyib.
(Tərcümə: Orxan Nəbiyev)