...

"Siyasi partiyalar haqqında" yeni qanun siyasi münasibətlər sisteminin möhkəmlənməsinə təkan verəcək

Siyasət Materials 9 Sentyabr 2022 13:30 (UTC +04:00)
"Siyasi partiyalar haqqında" yeni qanun siyasi münasibətlər sisteminin möhkəmlənməsinə təkan verəcək

Bakı. Trend:

“Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi partiyaların fəallığının artırılması və sağlam rəqabət mühitinin formalaşması üçün geniş imkanlar yaratmaqla yanaşı, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunduğunun növbəti təzahürüdür.

Yeni qanun layihəsinin hazırlanması Azərbaycan Respublikasında demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış mühüm addımdır. Çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilik sahəsində atılan bu addım təqdirəlayiq haldır. Şübhəsiz ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ölkəmizdə siyasi dialoqun təşviq olunmasına və konstruktiv siyasi münasibətlər sisteminin möhkəmlənməsinə təkan verəcək.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat açıqlamasında bildirib ki, məlum olduğu kimi Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar yeni qanunun layihəsinin hazırlanması ilə bağlı Milli Məclisin sədrinə müraciət ünvanlayıblar. Cari ilin iyulun 26-da Milli Məclis layihə ilə bağlı təkliflərin təqdim edilməsi üçün dövlət qeydiyyatına alınmış siyasi partiyalara müraciət etmişdir. Ötən müddət ərzində 39 siyasi partiya öz təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Həmçinin, qanun layihəsinin ilkin variantı Milli Məclisin saytında yerləşdirilib. Bu isə Ali qanunverici orqanın bu mütərəqqi qanunun qəbul olunması prosesində şəffaflığın təmin olunmasına, bütün siyasi partiyaların və cəmiyyətin fəal üzvlərinin prosesdə rahat iştirakını təmin etməyə çalışdığının əyani göstəricisidir.

“Siyasi partiyalar haqqında” yeni qanunun qəbul olunmasına ehtiyacın zərurətdən yarandığını deyən millət vəkili qeyd edib ki, bu gün ölkədə bütün istiqamətlər üzrə ardıcıl və məqsədyönlü islahatlar həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən dövlət idarəçiliyinin bütün istiqamətlərini əhatə edən çoxşaxəli islahatlar aparılır, ölkənin daha da qüdrətlənməsi və dünya birliyində yüksək mövqe tutması, xalqın rifah halının daha da yüksəldilməsi üçün genişmiqyaslı tədbirlər görülür, eləcə də həyata keçirilən müxtəlif xarakterli dövlət proqramları cəmiyyətin bütün üzvlərini əhatə edir. Ölkə Prezidentinin təşəbbüsü və iradəsi ilə Azərbaycanda artıq siyasi islahatların yeni mərhələsi başlanıb, siyasi sistemin yeni konfiqurasiyası formalaşmaqdadır və bu, iqtidar-müxalifət münasibətlərinin müzakirələr vasitəsilə inkişaf etdirilməsinə söykənir. Bu baxımdan nəzərə alsaq ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının mövcud Qanunu 1992-ci il 3 iyun tarixində, 30 il bundan əvvəl qəbul edilib və artıq müasir dövrün tələblərinə bir o qədər də uyğun gəlmir və yeni dövrün yeni çağırışları ilə səsləşmir. Bu baxımdan “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması olduqca labüddür .

Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova qeyd edib ki, qanunun layihəsi hazırlanarkən beynəlxalq təcürbəyə geniş istinad olunub. Layihənin hazırlanması zamanı 20-dən artıq ölkənin təcrübəsi, o cümlədən Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi tövsiyələr, nəzərdən keçirilib. Bu faktın özü yeni qanunun beynəlxaq standartlara cavab verəcəyinin göstəricisidir.

Bütün siyasi partiyalara təkliflərini vermək üçün şərait yaradılıb. Milli Məclisin saytında yerləşdirilən layihə ilkin versiyadır. Qanunun ictimai müzakirəsi də keçiriləcək, Milli Məclisdə üç oxunuşda müzakirəyə çıxarılacaq. Şübhəsiz ki, yeni qanun layihəsi xüsusilə siyasi partiyalar arasında ciddi müzakirə olunur. 6 fəsil, 30 maddədən ibarət olan yeni qanun layihəsində dəyişikliklərin olması da gözlənilən və təbii bir prosesdir.

Ümumən onu deməliyik ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin hazırlanması ölkədə insanların siyasi fəaliyyət azadlığı, plüralizm, dövlət, partiyalar və vətəndaşlar arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində atılmış mütərəqqi addımdır. Millət vəkili Tamam Cəfərova belə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti