...

Ermənistan kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini bizə təqdim etmir - Ramil İsgəndərli

Siyasət Materials 4 Oktyabr 2022 15:36 (UTC +04:00)
Ermənistan kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini bizə təqdim etmir - Ramil İsgəndərli
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azad olunmuş ərazilərdə aşkar olunmuş kütləvi məzarlıqlar məhkəmədən kənar və özbaşına törədilən qətllərin nəticəsidir.

Trend-in məlumatına görə, bunu Hüquqi Təhlil və Araşdırmalar İctimai Birliyinin rəhbəri Ramil İsgəndərli deyib.

O bildirib ki, bu qətllər nəticəsində bu cür kütləvi məzarlıqlar tək Xocavənd rayonunun Edilli kəndində yox, eyni zamanda, işğaldan azad olunan digər ərazilərimizdə də, Xocalı kəndlərindən birində, Kəlbəcərin Başlıbel kəndində, Ağdam, Füzuli rayonlarında və digər ərazilərdə aşkar olunub.

"Ərazilər tədricən minalardan təmizləndikcə bu cür kütləvi məzarlıqların aşkarlanması labüddür. Çünki Ermənistan beynəlxalq hüquq nornmalarına zidd olaraq bizə kütləvi məzarlıqların yerləşdiyi ərazilərin xəritəsini təqdim etmir və bununla da beynəlxalq hüquq normalarını pozur. Eyni zamanda, bu məhkəmədən kənar və özbaşına qətllərin törədilməsi Nürnberq Beynəlxalq Hərbi Tribunalının Nizamnaməsinə və Cenevrə Konvensiyasının üçüncü maddəsinə əsasən, beynəlxalq humanitar hüquq normalarının pozulması və müharibə cinayəti sayılır. Eyni zamanda, müharibə qaydaları barədə Haaqa Konvensiyasında da mülki əhaliyə, müharibədə iştirak etməyən əhaliyə, əsir və girovlara qarşı bu cür törədilmiş cinayətlər təbii ki, beynəlxalq humanitar hüquqa əsasən, müharibə cinayəti sayılır. Həmçinin, biz bu məsələyə insan hüquqları prizmasından yanaşsaq, bu, beynəlxalq konvensiya və digər hüquqi sənədlərdə yaşamaq hüququnun pozulmasıdır. Hansı ki, bu, insan hüquqları sistemində vacib yerlərdən birini tutur və Ermənistan bu törətdiyi əməllərə görə cəzasını almalıdır.

Digər tərəfdən, itkin düşmüş ailələr beynəlxalq hüquq normalarına görə, öz itkin düşən ailə üzvləri haqqında məlumat almaq hüququna malikdirlər. Biz görürük ki, bu kütləvi məzarlıqların müfəssəl məlumatını Ermənistan bizə verməməklə həmin ailələrin hüquqlarını da pozub. Ümid edirəm ki, minalar təmizləndikcə, kütləvi məzarlıqlar aşkarlandıqca müvafiq ekspertizalardan sonra itkin düşmüş şəxslərin taleyi də məlum olacaq", - R.İsgəndərli deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti