Bakı. Trend:
Məlum olduğu kimi oktyabr ayının 24-də Milli Məclisdə siyasi partiyaların nümayəndələrinin iştirakı ilə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin müzakirəsi məqsədilə ictimai dinləmə keçirildi.İlk öncə onu deməliyik ki, siyasi partiya rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə keçirilən ictimai dinləmə Milli Məclisin müzakirələrə açıq olduğunu və ictimai rəyin öyənilməsində maraqlı olduğunu bir daha nümayiş etdirdi. Siyasi plüralizmin hökm sürdüyü dinləmədə tədbir iştirakçıları layihə ilə bağlı təmsil etdikləri partiya üzvlərinin iradəsini sərbəst ifadə etmək imkanı əldə etdi. Bu baxımdan deməliyik ki, “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi siyasi partiyaların fəallığının artırılması və sağlam rəqabət mühitinin formalaşması üçün geniş imkanlar yaratmaqla yanaşı, ölkəmizdə iqtisadi və siyasi islahatların vəhdətinin qorunduğunun növbəti təzahürüdür.
Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.
Deputat açıqlamasında bildirib ki, yeni qanunun qəbul olunması zərurəti zamanın tələbindən irəli gəlir. Nəzərə alsaq ki, “Siyasi partiyalar haqqında” Azərbaycan Respublikasının mövcud Qanunu 1992-ci il 3 iyun tarixində, 30 il bundan əvvəl qəbul edilib və artıq müasir dövrün tələblərinə bir o qədər də uyğun gəlmir və yeni dövrün yeni çağırışları ilə səsləşmir. Yeni qanun layihəsinin hazırlanması Azərbaycan Respublikasında demokratik təsisatların inkişafı, siyasi sistemin təkmilləşdirilməsi, müasirləşdirilməsi, siyasi münasibətlərin sağlam zəmində qurulması istiqamətində atılmış mühüm addımdır. Çoxpartiyalı sistemin daha da inkişafı və siyasi sistemin təkmilləşdirilməsi üçün qanunvericilik sahəsində atılan bu addım təqdirəlayiq haldır. Eyni zamanda, bu, ali qanunverici orqanın fəaliyyətinin yeni siyasi konfiqurasiyanın tələblərinə uyğun qurulduğunun göstəricisidir. Bir qayda olaraq dövlət siyasətinin formalaşması, həyata keçirilməsi və qərarların qəbulu zamanı ictimai-siyasi rəyin nəzərə alınması demokratik cəmiyyətin, eləcə də siyasi plüralizmin mövcudluğunun əsas göstəricisi kimi qiymətləndirilməlidir.Şübhəsiz ki, "Siyasi partiyalar haqqında" yeni qanun layihəsi ölkəmizdə siyasi dialoqun təşviq olunmasına və konstruktiv siyasi münasibətlər sisteminin möhkəmlənməsinə təkan verəcək.
Fikirlərinin davamı olaraq millət vəkili Tamam Cəfərova bildirib
ki, yeni qanun layihəsinin hazırlanması ilə əlaqədar Milli Məclisdə
təmsil olunan bütün siyasi partiyalar Milli Məclisin sədrinə
müraciət ünvanlayıblar. Ötən müddət ərzində 39 siyasi partiya öz
təkliflərini rəsmi olaraq Milli Məclisə təqdim edib. Həmçinin,
qanun layihəsinin ilkin variantı Milli Məclisin saytında
yerləşdirilib. Bu isə Ali qanunverici orqanın bu mütərəqqi qanunun
qəbul olunması prosesində şəffaflığın təmin olunmasına, bütün
siyasi partiyaların və cəmiyyətin fəal üzvlərinin prosesdə rahat
iştirakını təmin etməyə çalışdığının əyani göstəricisidir.
Qanunun layihəsi hazırlanarkən beynəlxalq təcürbəyə geniş istinad
olunub deyən millət vəkili Tamam Cəfərova qeyd edib ki, layihənin
hazırlanması zamanı 20-dən artıq ölkənin təcrübəsi, o cümlədən
Venesiya Komissiyasının siyasi partiyaların fəaliyyətinin
tənzimlənməsi üzrə 2010-cu və 2020-ci illərdə qəbul etdiyi
tövsiyələr, nəzərdən keçirilib. Bu faktın özü yeni qanunun
beynəlxaq standartlara cavab verəcəyinin göstəricisidir.
Bütün siyasi partiyalara təkliflərini vermək üçün şərait yaradılıb. Şübhəsiz ki, yeni qanun layihəsi xüsusilə siyasi partiyalar arasında ciddi müzakirə olunur. 6 fəsil, 30 maddədən ibarət olan yeni qanun layihəsində dəyişikliklərin olması da gözlənilən və təbii bir prosesdir.
Şübhəsiz ki, bu qanun layihəsi Azərbaycanda həyata keçirilən islahatlar fonunda formalaşan yeni siyasi sistemin tələblərinə cavab verəcək mütərəqqi bir sənəd olacaqdır. Hazırlanan sənədin ictimai əhəmiyyəti və onun siyasi sistemdə yaradacağı dəyişikliklər müsbət qiymətləndirilməlidir. Diqqət yetirilməli olan əsas məqamlardan biri də layihənin ölkədə həyata keçirilən çoxşaxəli islahatlar prosesinə uyğun olaraq mövcud siyasi sistemin təkmilləşməsinə xidmət etməsidir.Millət vəkili Tamam Cəfərova belə deyib.