...

TDT-nin IX Zirvə Görüşü Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geosiyasi nizamın formalaşmasına təkan verəcək - Tamam Cəfərova

Siyasət Materials 14 Noyabr 2022 09:53 (UTC +04:00)
TDT-nin IX Zirvə Görüşü Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geosiyasi nizamın formalaşmasına təkan verəcək - Tamam Cəfərova

Bakı. Trend:

Noyabr ayının 11-də Özbəkistanının Səmərqənd şəhərində Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşü türk dövlətləri arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Şübhəsiz ki, bu Zirvə Görüşü Cənubi Qafqaz və Mərkəzi Asiyada yeni geosiyasi nizamın formalaşmasına ciddi təkan verəcək.

Bu fikirləri Trend-ə açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat qeyd edib ki, məlum olduğu kimi 3 oktyabr 2009-cu ildə türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşündə iştirakçı dövlətlər - Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə tərəfindən imzalanan və Türk Şurasının yaranmasına gətirib çıxaran Naxçıvan müqaviləsi imzalanıb. Naxçıvan müqaviləsi Türk Dövlətləri Təşkilatının yaranmasının və türk birliyinin əsasında, özəyində dayanır. Bu gün türk dünyası Türk Dövlətləri Təşkilatı (TDT) müstəvisində vahid məqsədlər ətrafında konsoldasiya olur, sıralarını genişləndirir, bütövləşir, əməkdaşlığını dərinləşdirir və inkişaf edir.

Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib deyən millət vəkili Tamam Cəfərova bildirib ki, Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi təşkil edir. Azərbaycan bu sahədə kifayət qədər mühüm işlər görmüş, təşkilata üzv olan dövlətlərin hər biri ilə sıx əməkdaşlıq qurmuş, iqtisadi, siyasi, mədəni bütün sahələrdə möhkəm əlaqələr formalaşdırmışdır.

Türk Dövlətləri Təşkilatının IX Zirvə Görüşündə çıxış edən cənab Prezident İlham Əliyev türk dünyasında əməkdaşlığın vacibliyini vurğulayaq bildirib: “Türk dünyası böyük bir ailədir. Türk dünyası bir-birimizin milli maraqlarını nəzərə alaraq bundan sonra da qarşılıqlı dəstək və həmrəylik göstərməlidir. Siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, rəqəmsal transformasiya, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə, müdafiə sənayesi kimi sahələrdə də əməkdaşlığımızı fəallaşdırmalıyıq”.

Cənab Prezident çıxışında bir məqamı da xüsusilə vurğulayıb ki, “Türk dünyası təkcə müstəqil türk dövlətlərindən ibarət deyil, onun coğrafi sərhədləri daha genişdir”.Bəli, türk dünyası çox geniş coğrafi arealı əhatə edir. Və bu arealda yaşayan bütün soydaşlarımızın həyat şəraiti Türk Dövlətləri Təşkilatının daim diqqət mərkəzində olmalıdır. Bu istiqamətdə ölkə Başçımız xüsusilə qeyd etmişdir ki, “Türk Dövlətləri Təşkilatının üzvləri olan ölkələrdən kənarda yaşayan soydaşlarımızın hüquqlarının, təhlükəsizliyinin, milli kimliyinin qorunması, onların assimilyasiyaya uğramaması kimi məsələləri artıq təşkilat çərçivəsində daimi əsasda diqqətdə saxlamağın vaxtı gəlib çatmışdır”. Burada ən vacib məsələlərdən biri odur ki, soydaşlarımız yaşadıqları digər ölkələrdə öz ana dillərində təhsil almaq imkanlarına sahib olmalıdırlar. Təəsüflər olsun ki, Azərbaycan dövlətinin hüdudlarından kənarda yaşayan 40 milyon azərbaycanlının əksəriyyəti bu imkanlardan məhrumdur.Əminik ki, türk dövlətlərindən kənarda yaşayan soydaşlarımızın öz ana dilində təhsil almaq hüquqlarının təmin olunması məsələsi daim təşkilatın gündəliyində olacaqdır.

Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələr arasında bütün sahələrdə əməkdaşlığın sıx inkişaf etdiyini deyən millət vəkili Tamam Cəfərova bildirib ki,son zamanlar dünyada baş verən geosiyasi proseslər fonunda Türk dövlətləri öz əməkdaşlıq sahələrini daha da genişləndirmək istiqamətində səyləri artırıb. Azərbaycan torpaqlarının işğaldan azad edilməsi ilə təşkilatda əməkdaşlığın mahiyyətcə yeni mərhələyə keçidi başlayıb. Cənubi Qafqazda yeni reallıqların yaranması Mərkəzi Asiya ilə əməkdaşlığın formatına da öz təsirini göstərib. Zəngəzur dəhlizinin açılması Türk dövlətləri ilə tranzit əlaqələrinin inkişafına şərait yaradacaq, nəqliyyat sahəsində yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.Həmçinin onu da deməliyik ki, Türk Dövlətləri Təşkilatı təkcə siyasi-mədəni deyil, həm də yaxın gələcəkdə türk dövlətlərinin hərbi ittifaqının qurulmasının da əsasını qoyub. İnanırıq ki, yaxın gələcəkdə hərbi sahədə də aktiv fəaliyyətin şahidi ola bilərik. Millət vəkili Tamam Cəfərova belə deyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti