...

Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsini qadağan edən dəyişikliklər və cərimələr təsdiqləndi

Siyasət Materials 28 Yanvar 2023 12:33 (UTC +04:00)
Azərbaycanda telefonların IMEI nömrəsinin dəyişdirilməsini qadağan edən dəyişikliklər və cərimələr təsdiqləndi

Bakı. Trend:

Prezident İlham Əliyev “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən sellülar (mobil) xidmətlərdən istifadə ilə əlaqədar, mobil cihazların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qeydiyyatı aparılmalıdır. Mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin (tək və bənzərsiz olaraq yaradılmış beynəlxalq identifikasiyanı (eyniləşdirməni) göstərən nömrə) dəyişdirilməsi və ya surətinin köçürülməsi, habelə mobil operator tərəfindən İMEİ nömrələri mobil cihazların qeydiyyat sisteminin qara səhifəsində olan mobil cihazlara (İMEİ nömrələri uyğunlaşdırılmış ağ səhifədə olan mobil cihazlar istisna olmaqla) telekommunikasiya xidmətlərinin göstərilməsi qadağandır.”

Bundan başqa Prezident İlham Əliyev Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu da imzalayıb.

Qanuna əsasən mobil cihazın qeydiyyatının aparılmasından yayınmaq məqsədilə mobil cihazın İMEİ nömrəsinin dəyişdirilməsinə və ya surətinin köçürülməsinə görə fiziki şəxslər üç yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.

Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək, hüquqi şəxslər doqquz min manatdan on iki min manatadək məbləğdə cərimə edilir.”.

Bu Qanun 2023-cü il aprelin 1-dən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti