Bakı. Trend:
Azərbaycanda sosial xarakterli fövqəladə mühit rejiminə dair tələblər və bu vəziyyətin aradan qaldırılmasına dair tədbirlər müəyyən edilir.
Trend-in məlumatına görə, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Fövqəladə vəziyyət haqqında” qanuna yeni – "Sosial xarakterli fövqəladə mühit rejimi" (I-I) fəsli əlavə edilir.
Layihəyə əsasən, sosial xarakterli fövqəladə mühit Azərbaycan Respublikasının bütün ərazisində və ya ayrı-ayrı yerlərində əhalinin həyat fəaliyyəti şəraitinin pozulmasına, o cümlədən insanların ölümünə, əhalinin sağlamlığına, əmlaka və ya ətraf mühitə əhəmiyyətli dərəcədə zərərin vurulmasına səbəb olan və ya səbəb ola bilən fövqəladə halların nəticəsində yaranan, lakin fövqəladə vəziyyətin tətbiq edilməsinə əsas hesab edilməyən mühitdir.
Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərə gəlincə isə qanun layihəsinə əsasən, aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
- İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata
keçirilməsini məhdudlaşdıran tədbirlər istisna olmaqla, sosial
xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin fövqəladə
mühitin aradan qaldırılması, o cümlədən zərər çəkmiş şəxslərə
köməklik göstərilməsi üçün bütün zəruri tədbirlər həyata
keçirilir.
- Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə
tədbirlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna,
digər normativ hüquqi aktlara və Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq, yaranmış
fövqəladə mühitin kəskinliyindən irəli gələn hədlər çərçivəsində
həyata keçirilir.
- Sosial xarakterli fövqəladə mühitin aradan qaldırılması üzrə
tədbirlərin təxirəsalınmadan və qarşılıqlı əlaqəli şəkildə həyata
keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aidiyyəti dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən
ibarət komissiya (qərargah) yaradılır. Sosial xarakterli fövqəladə
mühitin aradan qaldırılması üzrə komissiyanın (qərargahın)
fəaliyyəti qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən
edir.
- Azərbaycan Respublikasının dövlət orqanlarının (qurumlarının),
yerli özünüidarə orqanlarının, mülkiyyət formasından asılı
olmayaraq bütün hüquqi şəxslərin vəzifəli şəxsləri, Azərbaycan
Respublikası vətəndaşları, Azərbaycan Respublikasında olan
əcnəbilər və vətəndaşlığı olmayan şəxslər sosial xarakterli
fövqəladə mühit rejiminin tətbiq edildiyi zaman müəyyən edilmiş
davranış qaydalarına riayət etməli, onlara tapşırılmış vəzifələri
vaxtında yerinə yetirməli və sosial xarakterli fövqəladə mühitin
aradan qaldırılması üçün görülən qəza-xilasetmə və digər
təxirəsalınmaz işlərin həyata keçirilməsinə zəruri hallarda yardım
göstərməlidirlər.
- Azərbaycan Respublikası vətəndaşlarının, Azərbaycan
Respublikasında olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin
sosial xarakterli fövqəladə mühit rejimi tətbiq edilən ərazidə
görülən zəruri təhlükəsizlik tədbirləri haqqında tam və obyektiv
məlumat almaq hüququ vardır.
- Sosial xarakterli fövqəladə mühit rejiminin tətbiqi zamanı həmin
fövqəladə mühitin aradan qaldırılması üzrə tədbirlərin növləri və
həyata keçirilməsi qaydası və dövlət ehtiyatlarının yaradılması,
istifadə edilməsi və bərpası qaydası müvafiq icra hakimiyyəti
orqanı tərəfindən müəyyən olunur.
- Sosial xarakterli fövqəladə mühit aradan qaldırıldıqdan sonra
əhalinin normal həyat fəaliyyətinin bərpa edilməsi nümayəndələri bu
Qanunun 2-3.3-cü maddəsində nəzərdə tutulan komissiyanın
(qərargahın) tərkibinə daxil olan aidiyyəti dövlət orqanları
(qurumları) tərəfindən təmin edilir. Sosial xarakterli fövqəladə
mühit aradan qaldırıldıqdan dərhal sonra bu Qanunun 2-2.3-cü
maddəsində nəzərdə tutulan normativ hüquqi akt ləğv edilir”.
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.