Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Azərbaycan-Ermənistan sərhəddinin demilitasiyası üzrə danışıqları aktivləşdirməyə çağırır və bu prosesi dəstəkləməyə hazırdır.
Trend çərşənbə günü xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Nabila Massralinin bəyanatında deyilir.
"Aİ dünən Ermənistan-Azərbaycan sərhəddində hərbi qulluqçuların ölümü və ya yaralanması ilə nəticələnən silahlı toqquşmalarla əlaqədar təəssüf hissini ifadə edir. Əvvəlki öhdəliklərə, o cümlədən 1991-ci il Almatı bəyannaməsinə uyğun olaraq 2022-ci ilin oktyabrında Praqada əldə edilmiş ərazi bütövlüyünün qarşılıqlı tanınması ilə bağlı öhdəliklərə riayət olunmalıdır", - bəyanatda deyilir.
Xatırladaq ki, aprelin 11-i saat 16:20 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətindəki üzbəüz mövqelərini müxtəlif çaplı silahlardan istifadə etməklə atəşə tutub. Ermənistan tərəfinin təxribatının qarşısını alarkən Azərbaycan Ordusunun hərbi qulluqçuları Zalov Vidadi Nizami oğlu, Həsənov Elşad Qabil oğlu və Tağıyev Səbuhi Gündüz oğlu şəhid olub. Ermənistan tərəfinin növbəti təxribatı zamanı baş vermiş məlum hadisələr ilə əlaqədar olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər maddələri ilə cinayət işi başlanılaraq təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.