Bakı. Trend:
Ermənistan insan haqlarından, bölgədə sülhün və stabilliyin bərqərarında maraqlı olmasından sürəkli danışır. Lakin əsir düşmüş azərbaycanlı əsgərə qarşı vəhşi, insanlıqla bir araya sığmayan davranış qarşı tərəfin əsl mahiyyətini bir daha üzə çıxarır.
Bu gün sosial şəbəkələrin Ermənistan seqmentində Azərbaycan hərbçisinə işgəncə verilməsinin və döyülməsinin əks olunduğu kadrlar yayılıb.
Qafan rayonundakı yollardan birinin kənarında əlləri bağlı əsgər döyülür. O, yerə yıxılanda isə başına təpiklə vurulur.
Videokadrları yayan ermənilər bunu az qala "erməni şücaəti","Ermənistan Ordusunun igidliyi" kimi qələmə verir.
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu istiqamətində əlverişsiz hava şəraitində məhdudgörmə səbəbindən Azərbaycan Ordusunun iki hərbi qulluqçusu ərazidə istiqaməti itirərək azıblar. Onlardan biri aprelin 11-i saxlanılıb.
Müdafiə Nazirliyinin aprelin 10-u yaydığı rəsmi məlumata görə, əsgərlər - 2004-cü il təvəllüdlü Bəbirov Aqşin Qabil oğlu və 2003-cü il təvəllüdlü Axundov Hüseyn Əhliman oğlu itkin düşüblər. Sözügedən əsgərlərin yaxınları onların aprelin 5-i itkin düşdüklərini bildiriblər.
Yayılmış həmin videogörüntülərlə bağlı Baş Prokurorluğun İstintaq idarəsində Cinayət Məcəlləsinin 115.2-ci (əsir düşmüş şəxslərə işgəncə vermə, onlarla qəddar və ya qeyri-insani rəftar etmə) maddəsi ilə cinayət işi başlanıb.
Qeyd olunan videogörüntülərlə bağlı zəruri istintaq-əməliyyat tədbirləri həyata keçirilməklə hərbi qulluqçumuza qarşı işgəncə verən, qəddar və qeyri-insani rəftar edən şəxs və ya şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində tədbirlər görülür.
"Bəyan edirik ki, Azərbaycan vətəndaşlarına qarşı qanunsuz əməllərə yol verən şəxslərin milli və beynəlxalq məhkəmə məsuliyyətinə cəlb edilməsi məqsədilə xarici ölkələrin müvafiq orqanlarına müraciətlərin göndərilməsi və həmin şəxslərin cəzalandırılması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq edilməsi təmin olunacaq", - Baş Prokurorluğun açıqlamasında deyilir.
Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva da Ermənistan tərəfindən saxlanılan Azərbaycan hərbi qulluqçusuna qarşı işgəncə və qeyri-insani rəftarla bağlı faktlara münasibət bildirib.
"Ermənistan kütləvi informasiya vasitələrində bu gün yayımlanan video və fotolarda Azərbaycan hərbi qulluqçusuna münasibətdə beynəlxalq sənədlərə zidd olaraq işgəncə və digər qeyri-insani hərəkətlərin törədilməsi aydın şəkildə öz təsdiqini tapır. Belə ki, yayılmış videoda Azərbaycanlı hərbi qulluqçunun əl-qolu bağlanmış vəziyyətdə döyülməsi, ləyaqətinin alçaldılması müşahidə edilir", - bəyanatda vurğulanır.
Yayılmış kadrlarla bağlı artıq beynəlxalq təşkilatlara da müraciət olunur.
“Hərbi əsirlərlə rəftar haqqında” III Cenevrə Konvensiyasına əsasən, döyüş əməliyyatlarında bilavasitə iştirak etməyən şəxslərlə bütün hallarda insani rəftar edilməlidir və hərbi əsirlər hər zaman xüsusən zorakılıq əməlləri, hədələnməkdən müdafiə olunmalıdır.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı nümayəndəliyi təcili olaraq həmin hərbi qulluqçularımıza baş çəkilməsini və onların vəziyyəti ilə bağlı məlumatların verilməsini təmin etməlidir.
Ermənilər isə vəhşiliklərinə haqq qazandırmaq üçün ən müxtəlif yollara əl atırlar.
İlk əvvəl bəyan edildi ki, sən demə, döyülən şəxs Zəngəzur mis-molibden kombinatının 57 yaşlı gözətçisini "qətlə yetirərək onun mobil telefonunu qəsb edib".
Daha sonra İrəvan bəyan etdi ki, həmin şəxs Ermənistanda sözügedən mobil telefonla dəfələrlə sosial şəbəkələrdə canlı yayıma çıxıb, "400-500 ermənini qətlə yetirdiyni etiraf edib".
Sonda açıqlandı ki., həmin şəxsi döyənlər "qətlə yetirilmiş gözətçinin ailə üzvləridir".
Əvvəla, gözətçinin "qətlə" yetirilməsi ilə bağlı iddia nə ilə sübut olunur? Həmin erməninin ailə üzvləri necə və hansı yollarla vəhşicəsinə döyülmüş şəxsə baxan kimi qatilin məhz o olduğunu müəyyənləşdirdilər?
Mobil telefon qəsb edilibsə belə, onun yerini, yəni lokasiyanı təyin etmək cəmi bir neçə saat tələb edən məsələdir.
Ermənistan ordusu, bu ölkə ilə şərti dövlət sərhədinin yaxınlığında yaşayan sakinlər Azərbaycana və azərbaycanlılara zooloji nifrətləri ilə yanaşı, barbar mahiyyətlərini bilaixtiyar göstərdilər.
Eyni zamanda, fərq də göz qabağındadır.
Köməksiz azərbaycanlı əsgərə işgəncə verən ermənilər insanpərvərliyi, humanizmi Azərbaycan əsgərindən öyrənməlidir.
Döyüşdə erməni əsgər yaralı vəziyyətdə ələ keçir - əsgərlərimiz dərhal yaralrını sarıyırlar, sonra da tibb maşını ilə hospitala göndərirlər.
Ermənistanın Gorus şəhərindən Azərbaycanın Xankəndi şəhərinə yollanan erməni yaryolda huşunu itirir, halı pisləşir - azərbaycanlı əsgərlər onu həkimlərə təhvil verirlər, azərbaycanlı həkimlər də təcili tibbi yardım maşını ilə onu Xankəndinə, xəstəxanaya çatdırırlar.
Fərq budur.
Fərq olduğu üçün, bu gün yayılmış kadrlarda vəhşicəsinə döyülərək işgəncələrə məruz qalmış əsgərimizə qarşı cəlladlıq edənlər də məsuliyyətə cəlb olunmalıdır.
Olunacaqlar da.