...

Laçın yolundakı məntəqə barədə gerçəklər: Ermənilər nəyi gizlədir?

Siyasət Analytics 1 May 2023 11:37 (UTC +04:00)
Laçın yolundakı məntəqə barədə gerçəklər: Ermənilər nəyi gizlədir?
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

Qarabağda yaşayan ermənilər arasında revanşizm və terrorizmi təbliğ edənlər "Azərbaycana qarşı bütün vasitələrlə mübarizə"ni təklif edirlər. Bu aşkar şəkildə terrorçuluğa və silahlı diversiyalara, təxribatlara çağırış olduğundan ən sərt cavabı verilə bilər.

Azərbaycanın Ermənistanla şərti dövlət sərhədində, Həkəri çayı üzərində inşa edilmiş sərhəd nəzarət-buraxılış məntəqəsinin (SNBM) fəaliyyətə başlaması Ermənistanda və ermənilərdə isterikaya səbəb olub.

Sosial şəbəkələrin Ermənistan seqmentində SBNM-in dərhal ləğv edilməsi tələb olunur. Maraqlıdır ki, "ləğv" prosedurunun Rusiya Sülhməramlı Kontingentinin (RSK) komandanı, general-polkovnik Aleksey Lentsova həvalə edilməsini ermənilər qaçılmaz, zəruri və hətta məcburi əməl sayırlar.

Ssenarisi İrəvandan uzaqlarda, ABŞ, Rusiya və Fransadakı erməni diaspor təşkilatlarının rəhbərləri tərəfindən hazırlanmış prosesə start verilib.

Həmin prosesi Ermənistanın baş naziri Nikol Paşinyan da dəstəkləyir və komandasındakı funksionerlər vasitəsilə bildirir ki, Laçın-Gorus yolundakı SBNM mütləq götürülməlidir.

Ermənilər arasında revanşizm çağırışlarını narrativə çevirmək istəyənlərsə qarabağlı ermənilərdən total şəkildə silahlanaraq Azərbaycana qarşı "sistemli və sistemdənkənar müqavimət başlamağın labüdlüyü"nü vurğulayırlar.

Daha konkret olsaq, hazırda RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdə yaşayan ermənilərə mitinq, piket, yürüş, etiraz petisiyaları və s. yanaşı, "silahlı müqavimət", yəni Azərbaycan Ordusuna, Sərhəd Qoşunlarına, Dövlət Gömrük Xidmətinə və Daxili Qoşunlara, habelə digər müvafiq strukturlara qarşı terror aktları, diversiyalar və silahlı hücumlar təklif olunur.

Halbuki Azərbaycanın mərkəzi hakimiyyəti onillərdən bəri separatizm bəlasına mübtəla olmuş de-fakto vətəndaşlarına, yəni qarabağlı ermənilərə münasibətdə humanizm, imtiyazlı davranış və şəfqətli yanaşma nümayiş etdirir.

Ən azı ona görə ki, COVİD-19 koronavirus pandemiyası ilə bağlı karantin rejiminin tələblərinə uyğun olaraq Azərbaycanın quru sərhədləri qapalı olsa da, Laçın-Gorus yolundakı nəzarət-buraxılış məntəqəsindən (SBNM) ermənilər hər iki istiqamətdə sərbəst hərəkət edirlər.

İlk baxışdan bu, ermənilərə güzəşt və SBNM-də qeyri-legitim fəaliyyət təsiri bağışlasa da, belə deyil. İndi qarşımızda duran əsas məsələ Ermənistan rəhbərliyinin, İrəvandakı hakimiyyət mənsublarının, siyasətçilərin və medianı, habelə Xankəndindəki separatçı rejimin və dünyanın müxtəlif ölkələrindəki erməni diasporunun "Qarabağlı ermənilər nəqliyyat blokadasındadır!" şüarından, bu məzmundakı feyk propaqandadan məhrum etməkdir.

Qərb ölkələri və beynəlxalq təşkilatlar bundan sonra da Bakıdan "Laçın yolu ilə şəxslərin, yüklərin və nəqliyyat vasitələrinin maneəsiz hərəkət"i tələbini səsləndirməyə davam etsələr, real vəziyyəti və faktoloji situasiyanı təqdim edə bilərik.

Yəni buyurun, baxın, ermənilər Ermənistandan Xankəndinə və əks istiqamətdə heç bir problem olmadan hərəkət edirlər.

Onu da unutmayaq ki, SNBM istifadəyə verilənədək ermənilər hər iki istiqamətdə RSK-nın və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) avtomobillərində hərəkət ediblər. Belədə "güzəşt rejimi"nin hazırda tətbiq olunmağa başlandığından danışmağa dəyməz.

Qarabağlı ermənilərin Azərbaycan cəmiyyətinə və ən əsası ölkəmizin Konstitusiyasının tələbləri çərçivəsində mövcud qanunvericiliyə reinteqrasiyasını təmin etmək ani məsələ deyil.

Təbii, hər birimiz prosesin mümkün qədər tez, hətta sprint sürətilə reallaşmasını istəyirik və ən böyük arzumuz da hazırda RSK-nın müvəqqəti yerləşdiyi ərazilərdəki yaşayış məntəqələrində, xüsusilə də Xankəndində və Xocalıda bayrağımızın dalğalanmasıdır.

Lakin soyuqqanlı, rasional və praqmat olmalı, hadisələri tələsdirməməliyik.

Cənubi Qafqaz bölgəsində regional oyunçularla yanaşı, geosiyasi güclərin fəallaşmasını və Azərbaycana təzyiq göstərərək belə pressinq metodu ilə istəklərinə çatmağa çalışan qüvvələrin dəfələrlə aktiv hərəkət etməyə başladıqlarını nəzərə alsaq, hər addımızı atmazdan əvvəl ciddi təhlillər aparmalı, rəqiblərin mümkün davranışlarını və atacağımız addımın doğuracağı əks-sədanı hesablamalıyıq.

Unutmamalıyıq ki, Laçın yolunda hərbçilərimizə, sərhədçilərimizə və gömrükçülərimizə qarşı təxribatları gerçəkləşdirməyə çalışan qüvvələr artıq taktikalarını müəyyənləşdirməyə çalışırlar.

Ermənilərin Ermənistandan Xankəndində yasaq yükləri daşımağa çalışacaqları, yəni silah-sursat və canlı qüvvə keçirməyə cəhd edəcəkləri də şübhəsizdir.

Sərhədçilərimiz belə yükün və ya şəxslərin olduqları avtomobili müvafiq nəxarət-baxışdan sonra saxlayanda isə ermənilərin dezinformasiya-feyk və yalan propaqanda mexanizmləri işə salınacaq.

Onlar "qarabağlı ermənilərə qarşı blokada"dan, "etnik təmizləmə siyasəti reallaşdırmaq niyyəti" və s. kimi idiotik şüarlar söyləyəcəklər.

Bu səbəbdən də hazırda qarşımızda duran əsas məqsəd ermənilərnin istənilən təxribatının qarşısını dərhal almaqdır.

Zatən ermənilər artıq belə təxribatlara başlayıblar. Dünəndən etibarən sosial şəbəkələrdə SNBM-dən videolar paylaşan ermənilər, xüsusilə də Ermənistan sərhədlərindən kənarlarda yaşayanlar israr və inadla vurğulayırlar ki, sən demə, məntəqədə zəruri yoxlanışdan sonra keçənlər Şuşa rayonunun 4 kəndinin sakinləridir ki, onlar da "Gorusa getmək məcburiyyətində qalıblar".

Ermənilərin yaymağa çalışdıqları bu propaqanda narrativinin yalan olduğunu anlamaq üçün sözügedən videokadrlarda olan avtomobillərdən birinin dövlət nömrə nişanına baxmaq yetər. Həmin avtomobilin sürücüsü Azərbaycandan Ermənistana yox, Ermənistandan Azərbaycana hərəkət edir.

Bu gün isə Ermənistandakı "müxalifət" partiyaları, siyasətçilər və habelə, Xankəndindəki separatçı rejim ümumiyyətlə, illüziyalara qapılaraq "Laçın dəhlizinin 5 km enində olmasını və bu dəhlizin yalnız rusiyalı sülhməramlıların nəzarətinə verilərək orada tam maneəsiz, sərbəst hərəkətin təminatı"nı tələb ediblər.

Ermənilər iddia edirlər ki, Şuşa rayonundakı Böyük Qaladərəsi, Kiçik Qaladərəsi və Turşsu kəndlərindəki yerli sakinlər "tam blokada şəraitindədir". Halbuki, adları çəkilən kəndlərdəki ermənilər tam rahat, sərbəst şəkildə Laçın yolundan istifadə ediblər, indi də edirlər.

Ən əsası isə odur ki, videokadrlardan da göründüyü kimi, ermənilər SBNM-dən çox rahat şəkildə keçib gedirlər.

Mübahisə, sərt diskussiya, süni maneələr yoxdur.

Beləliklə, ermənilər əmin olurlar ki, Ermənistan hakimiyyətinin, siyasətçilərinin və ələlxüsus da Xankəndindəki terrorçu xuntanın aylardan bəri bəhs etdikləri "qəddar azərbaycanlılar" mifi tam yalan, fiksiyadır.

Az sonra qarabağlı ermənilər anlayacaqlar ki, Xankəndindəki rejim, İrəvandakı hakimiyyət, siyasətçilər və erməni diasporu onları fasiləsiz aldadımlar, avam yerinə qoyublar.

Vəziyyət dəyişəcək, özü də köklü və miqyaslı şəkildə.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti