Brüssel. Trend:
Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanla görüşdə saxlanılanların bir qisminin yaxın həftələrdə azadlığa buraxılması barədə razılıq əldə olunub.
Trend xəbər verir ki, bunu Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşdən sonra Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel mətbuata bəyanatında deyib.
Şarl Mişel hansı saxlanılanlardan söhbətin getdiyini dəqiq açıqlamayıb.
"Humanitar məsələlərə gəlincə, yaxın həftələrdə daha bir neçə məhbusun azad ediləcəyi anlaşılıb. Qarşılıqlı anlaşmanın gücləndirilməsinin vacibliyini vurğuladım ki, sadəcə olaraq azaraq digər tərəfə keçən əsgərlər əvvəlki kimi, sürətləndirilmiş şəkildə qarşı tərəfə verilməlidir. İtkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması və minalardan təmizlənməsi istiqamətində işlərin gücləndirilməsinin vacibliyini də müzakirə etdik", - deyə o bildirib.
Xatırladaq ki, mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə görüşüb.