Bakı. Trend:
Növbəti Azərbaycan vətəndaşı İran molla rejimi tərəfindən qondarma ittihamlarla həbs edilib. Azərbaycan vətəndaşlarına qarşı bu cür qərəzli münasibət molla rejminin əsl mahiyyətini açıq nümayiş etdirir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin deputatı Sevinc Hüseynova bildirib ki, Azərbaycan vətəndaşı Fərid Səfərlinin İranda həbs olunması İranın Azərbaycana qarşı düşmənçilik siaysətinin tərkib hissəsidir.
O qeyd edib ki, illər boyu İran Azərbaycana qarşı düşmənçilik siyasəti aparıb. “Ancaq Azərbaycan hər zaman mehriban qonşuluq siyasətini, sülhsevərliyini ortaya qoymuşdu. İranın düşmənçilik siyasətinin əsl siması isə Vətən müharibəsində Azərbaycanın tarixi zəfərindən sonra üzə çıxdı, maskalanmış siyasət yırtıldı.
Biz hər zaman İran tərəfindən Ermənistanın silahlandırılmasının, ona dəstək göstərilməsinin şahidi olumuşuq. İranda səfirliyimizə qarşı olan hücum, cinayəti tördən şəxsə qarşı hər hansı bir tədbirin görülməməsi də İranın düşmənçilik siyasətinin göstəricisidir.
Bütün bunları nəzərə alaraq bu yaxınlarda Azərbaycan Xarici İşlərNazirliyi bəyanat verərək vətəndaşlarımızı bu ölkəyə səfər etməkdən çəkinməyə çağırış etdi. Çünki vətəndaşlarımız İranda xoşagəlməz hallarla rastlaşa bilərlər. Yaxşı olardı ki, vətəndaşlarınmız bu cür səfərlərdən çəkinsinlər”, - deyə deputat əlavə edib.
Milli Məclisin deputatı Cavid Osmanov isə bildirib ki, İran artıq Azərbaycan vətəndaşları üçün təhlükəli bir ölkəyə çevrilib. “Günahsız Azərbaycan vətəndaşları qondarma ittihamlarla, o cümlədən casusluq ittihamı ilə İranda həbs edilir, onlara qarşı qondarma ittihamlar irəli sürülür.
Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin İranda qondarma casusluq ittihamı ilə həbs olunması da İranın əsl mahiyyətini göstərir. Bu əlbəttə ki, ilk belə hadisə deyil. Bir çox Azərbaycan vətəndaşları İran xüsusi xidmət orqanları tərəfindən bu yolla həbs edilib. Hələ 2008-ci ilin oktyabr ayında azərbaycanlı alim Rəşid Əliyev də İranda qondarma bəhanə ilə həbs edilmişdi.
İran xüsusi xidmət orqanlarının məqsədi bu yolla Azərbaycan vətəndaşlarını hədələyib onları əməkdaşlığa cəlb etməkdir. Bunu edə bilmədikdə isə vətəndaşlarımıza qarşı qondarma ittihamlar irəli sürürlər. Hesab edirəm ki, Azərbaycan vətəndaşları İranın təhlükəli bir ölkə olduğunu nəzərə alaraq bu ölkəyə səfər etməkdən çəkinməlidirlər. İrana səfər edən heç bir Azərbaycan vətəndaşının təhlükəsizlinə zəmanət yoxdur. Çünki İran Azərbaycana qarşı düşmənçilik siyasəti həyata keçirir, İrana səfər edən Azərbaycan vətəndaşlarını hədəfə götürərək onlardan ölkəmizə qarşı istifadə etməyə çalışır. Azərbaycanda İranın casus şəbəkəsinin ifşa edilməsi də bunu aydın şəkildə göstərir”, - deyə o qeyd edib.
C.Osmanov vurğulayıb ki, İranın Azərbaycana qarşı qərəzli syasəti uzun illərdir ki, davam edir və xüsusilə də 44 günlük Vətən müharibəsindən sonra daha geniş və açıq vüsət alıb.
“Müharibə zamanı İranın açıq şəkildə Ermənistanın yanında olması İranın əsl mahiyyətini ortaya qoydu. İran Azərbaycanın qələbəsini və regionda yeni reallıqlar yaratmasını həzm edə bilmir. Bu baxımdan Azərbaycan vətəndaşları bunu nəzərə alaraq İrana səfər etməyin təhlükəli olduğunu və ciddi problemlərlə üzləşə biləcəklərini nəzərə alaraq bu ölkəyə getməkdən çəkinməlidirlər”, - deyə deputat əlavə edib.