...

Zəngəzur dəhlizinin açılması Azərbaycan-Türkiyə ticari əlaqələrini daha da canlandıracaq - Cem Küçük

Siyasət Materials 13 İyun 2023 16:37 (UTC +04:00)
Zəngəzur dəhlizinin açılması Azərbaycan-Türkiyə ticari əlaqələrini daha da canlandıracaq - Cem Küçük

Bakı. Trend:

Zəngəzur dəhlizinin açılması Azərbaycan və Türkiyə arasındakı ticarət əlaqələrini daha da canlandıracaq.

Trend xəbər verir ki, bu sözləri türkiyəli jurnalist, yazıçı Cem Küçük TurkicWorld-a özəl açıqlamasında deyib.

“Rəcəb Tayyib Ərdoğan 12-ci Türkiyə Prezidenti olaraq ilk səfərini Şimali Kipr Türk Respublikası və Azərbaycana etdi. Azərbaycan Rəcəb Tayyib Ərdoğanın ən önəm verdiyi ölkələrdən biridir. Türkiyə istər pis, istər yaxşı gündə Azərbaycanın yanındadır”, - deyə o əlavə edib.

C.Küçük onu da qeyd edib ki, Azərbaycan bölgədə əsas rol oynayan ölkələrdəndir.

“Qarabağın 30 illik işğaldan azad edilməsi və Zəngəzur dəhlizinin açılması ticarəti daha da canlandıracaq. Azərbaycan və Türkiyənin bir araya gəlməsi ilə bölgədə böyük güc yaranacaq. Bu, həm dosta, həm də düşmənə Azərbaycan və Türkiyənin gücünü göstərəcək. Güclü Azərbaycan güclü Türkiyə deməkdir”, - deyə türkiyəli jurnalist vurğulayıb.

O hesab edir ki, “bir millət, iki dövlət” prinsiplərinə əsaslanan Azərbaycan və Türkiyə arasında hərbi, texnologiya, ticarət və digər mühüm sahələrdə əlaqələr daha inkişaf etdiriləcək.

“Azərbaycan Prezidenti İlham Əliyevin prezidentliyi dövründə ölkədə çox vacib işlər görülüb. İki ölkə arasında xüsusilə hərbi əməkdaşlıq daha da inkişaf edəcək”, - deyə C.Küçük bildirib.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan Azərbaycanda səfərdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti