...

Türkiyə ilə Azərbaycan münasibətləri yeni müstəviyə keçir - Ümit Nazmi Hazır

Siyasət Materials 14 İyun 2023 18:19 (UTC +04:00)
Türkiyə ilə Azərbaycan münasibətləri yeni müstəviyə keçir - Ümit Nazmi Hazır

Bakı. Trend:

Türkiyənin enerji mərkəzi olmaq iddiası ilə yanaşı, Azərbaycanın enerji resurslarının Qərb üçün əhəmiyyəti artıb, bu baxımdan iki ölkə arasındakı əməkdaşlıq yeni müstəviyə keçir.

Trend xəbər verir ki, bu sözləri TurkicWorld-a özəl açıqlamasında türkiyəli politoloq Ümit Nazmi Hazır deyib.

“Türkiyədə dövlət ənənəsinə uyğun olaraq, seçilmiş Prezident xaricə ilk dövlət səfərini Şimali Kipr Türk Respublikasına və Azərbaycana edir. Bu, Azərbaycanın Türkiyə üçün əhəmiyyətinin və siyasi mövqeyinin göstəricisidir. Rəcəb Tayyib Ərdoğanın bu ənənəyə uyğun hərəkət etməsi Türkiyə-Azərbaycan münasibətlərində yüksək əməkdaşlıq və qardaşlıq bağının bundan sonra da davam edəcəyini, iki ölkə arasında hərbi əməkdaşlığın artacağını göstərir”, - deyə türkiyəli politoloq qeyd edib.

Ü.N.Hazırın sözlərinə görə, ikinci Qarabağ müharibəsi zamanı Türkiyənin Azərbaycana göstərdiyi dəstək iki ölkə arasında təhlükəsizlik inteqrasiyasını daha artırdı.

“İkinci Qarabağ müharibəsi regional vəziyyəti tamamilə dəyişdi. İki ölkə Ermənistanla münasibətlərin normallaşma prosesi, İranın Azərbaycana qarşı düşmənlik davranışının artması, Rusiya ilə balanslı münasibətlər və Azərbaycanın İsraillə Türkiyə arasında münasibətlərin normallaşmasına töhfəsi məsələlərində ortaq mövqedən çıxış edəcəklər”, - deyə o vurğulayıb.

Qeyd edək ki, 13 iyun tarixində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə keçirilən seçkilərdən sonra Azərbaycana ilk rəsmi səfərini edib.

Səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Prezident Ərdoğan birgə mətbuata bəyanatla çıxış ediblər.

"Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Biz bu istiqamətdə öz səylərimizi artıracağıq. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək”, - deyə Azərbaycan Prezidenti bildirib.

Çıxış zamanı Ərdoğan Zəngəzur dəhlizi ilə bağlı məsələlərin sürətli həll edilməli olduğunu bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti