Bakı. Trend:
Təəssüf hissi ilə qeyd etməliyik ki, Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın soydaşımızın aqibəti ilə bağlı heç bir məlumat yoxdur. Baxmayaraq ki, Azərbaycan dövləti bu günə qədər bununla bağlı narahatlığını bütün beynəlxalq təşkilatlara, əlaqədar qurumlara çatdırıb. Ancaq bütün bunlara rəğmən, heç bir beynəlxalq təşkilat həmin məsələ ilə bağlı Ermənistan hər hansı təzyiqi göstərməyib. Bu baxımdan Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) fəaliyyətini qeyri-qənaətbəxş və yarıtmaz hesab etmək olar.
Bununla bağlı Trend-ə açıqlama verən Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Birinci Qarabağ müharibəsi dövründə itkin düşən minlərlə soydaşımızın taleyinə hələ də aydınlıq gətirilməməsindən narahatlıqla danışıb: “BQXK Birinci Qarabağ müharibəsindən sonrakı müddət ərzində həmin istiqamətdə heç bir aktivlik sərgiləməyib, itkin düşən vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi üçün prinsipial fəaliyyət ortaya qoymayıb. Halbuki bu, təşkilatın bilavasitə işi, əsas vəzifəsidir. BQXK-nın bu məsələdə lazımi fəallıq nümayiş etdirməməsi Azərbaycan xalqında narazılıq doğurmaqla yanaşı, həmin təşkilatın nüfuzuna da mənfi təsir göstərir, bu qurumun gücünə, səmimiyyətinə, ədalətinə olan inamı zəiflədir”.
Respublika Veteranları Təşkilatının sədr müavini söyləyib ki, itkin düşmüş şəxslərlə bağlı məsələ Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının hər zaman diqqət mərkəzində olub: “İtkin düşən soydaşlarımızla bağlı məsələ hər bir Azərbaycan vətəndaşı, dövlət və qeyri-dövlət qurumu kimi Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının da diqqət mərkəzində olub. Bununla bağlı təşkilatımızda müxtəlif tədbirlər keçirilib, bir sıra beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb. Məlum məsələ bu gün də təşkilatımızın əsas diqqət mərkəzindədir. Biz hər zaman dövlətimizin bu yöndəki səylərini qətiyyətlə dəstəkləmişik və bundan sonra da dəstəkləməkdə davam edəcəyik”.
“İtkin düşən vətəndaşlarımızın taleyinə aydınlıq gətirilməsi yalnız həmin şəxslərin yaxınlarını, ailə üzvlərini deyil, bütün Azərbaycan xalqını düşündürən məsələdir: “Birinci Qarabağ müharibəsində itkin düşən 4 minə yaxın soydaşımızın aqibəti ilə bağlı yaranmış qeyri-müəyyənlikdən sadəcə həmin şəxslərin ailə üzvləri, yaxınları, qohumları narahat deyil. Bundan Azərbaycan xalqı və dövləti narahatdır. Həmin şəxslərin aqibətinə aydınlığın gətirilməsi, onların taleyinin müəyyənləşdirilməsi bizim üçün prinsipial məsələdir və dövlətimiz bundan sonra da bu istiqamətdəki səylərini davam etdirəcək.
Yaxşı olar ki, erməni yalanlarına alət olan, Azərbaycana qarşı əsassız və gülünc ittihamlar irəli sürən bəzi ermənipərəst dövlətlər də beynəlxalq qanun və konvensiyaları, insan haqlarını əsas tutaraq bu məsələyə diqqət yetirsinlər. İrəvandan tələb etsinlər ki, həmin şəxslər, onların aqibəti ilə bağlı Azərbaycan tərəfini məlumatlandırsın. Həmin şəxslərin aqibəti haqqında məlumat almaq ölkəmizin haqqıdır və ölkəmiz gec-tez bu məsələyə də aydınlıq gətirilməsini təmin edəcək”, - deyə polkovnik vurğulayıb.
Qeyd edək ki, avqustun 30-u dünyada Beynəlxalq İtkinlər Günüdür.