...

Regionda baş verən gərginliyin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür - Deputat

Siyasət Materials 8 Sentyabr 2023 14:45 (UTC +04:00)
Regionda baş verən gərginliyin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün regionda baş verən gərginliyin bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Ermənistan bir tərəfdən sülh danışıqlarında iştirak etdiyini imitasiya edir, digər tərəfdən, hərbi təxribatlara hazırlaşır. Yayılan məlumatlardan da görünür ki, Ermənistan Azərbaycanla şərti sərhəddə hərbi fəallığını artırmaqda davam edir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, eyni zamanda, Ermənistan aktiv şəkildə xarici ölkələrdən silah-sursat tədarük edir.

“Bütün bunlar onu göstərir ki, Ermənistan sülh tərəfdarı deyil, sözdə başqa, əməldə isə başqa addımlar atırlar. Ermənistan bu yolla beynəlxalq ictimaiyyəti aldatmağa, özünü günahsız kimi qələmə verməyə çalışır. Bu bir daha Ermənistanın əsl mahiyyətini, Paşinyanın riyakarlığını və ikiüzlülüyünü göstərir”, - deyə A.Həsənova bildirib.

O qeyd edib ki, 44 günlük Vətən müharibəsində Ermənistanın kapitulyasiyasından sonra Azərbaycan humanistlik nümayiş etdirdi, Ermənistan 30 il ərzində Azərbaycan ərazilərini işğal altında saxlamaqla şəhərlərimizi, yaşayış məntəqələrimizi, kəndlərimizi məhv etsə də, Azərbaycan yenə də sülh təşəbbüsü ilə çıxış etdi, regionda dayanıqlı sülhün yaradılasının tərəfdarıdır və bunun üçün üzərinə düşən bütün öhdəliklərini yerinə yetirir.

“Lakin Ermənistan tərəfi 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatla üzərinə götürdüyü öhdəlikləri hələ də yerinə yetirmir, əksinə, yeni təxribatlara əl atmaqla vəziyyəti daha da gərginləşdirir. Bəyanata əsasən, Ermənistan qanunsuz silahlı qüvvələrini Azərbaycanın Qarabağ ərazisindən çoxdan çıxarmalı idi, lakin bu gün hələ də qanunsuz silahlı birləşmələr Azərbaycan ərazilərini tərk etməyib, əksinə, Ermənistan bu qanunsuz qüvvələrin təchizatını daha da artırır.

Bu, onu göstərir ki, Ermənistan regionda yeni münaqişə ocağı yaratmaq niyyətindədir. Əlbəttə ki, burada Ermənistan tək deyil, ona dəstək verən havadarları da vəziyyətin gərginləşməsində böyük rola malikdir. Lakin onlar anlamır və ya anlamaq istəmirlər ki, bu cür çirkin əməllərlə Azərbaycanı öz haqlı mövqeyindən çəkindirmək mümkün deyil.

Azərbaycanın güclü, peşəkar, müasir silahlarla təchiz edilmiş ordusu var və Ermənistanın hər bir təxribatına layiqli cavab verməyə hazırdır. “Dəmir yumruq” hər zaman yerindədir və indi daha güclüdür”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti