Bakı. Trend:
İndiyədək Azərbaycanın Qarabağ bölgəsindəki erməni sakinlərə humanitar yardımlar çatdırılıb və bundan sonra da davam etdiriləcək.
Trend xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev “X” (tvitter) sosial şəbəkə hesabında paylaşımında bildirilib.
Qeyd edək ki, paylaşımda yardımların statistikası göstərilib.
Sözügedən statistikada göstərilib ki, Qarabağın erməni sakinlərinə 22 sentyabrda ümumi 40 ton məhsul olan 2 yük maşını çatdırılıb. Həmin yük maşınlarında 6 min çörək, 1200 qutu ərzaq və 1200 qutu gigiyenik məhsul, 9 600 uşaq bezi yer alıb.
Sentyabrın 23-də göndərilən yardımda isə 40 ton benzin, 24 ton dizel yanacağı olub. 25 sentyabrda Xankəndidəki partlayışda əziyyət çəkən 200 nəfər üçün tibbi ləvazimatlar göndərilib. 26 sentyabrda isə 65 500 ədəd müxtəlif növ gigiyenik məhsullar, bir yük maşınında 500 yataq dəsti, 30 ton benzin, 34 ton dizel yanacağı, iki yük maşınında 22,3 ton içməli su, iki yük maşınında 40 ton un göndərilib.
Qeyd edək ki, Azərbaycan Ordusunun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirləri separatçıların təslim olması ilə nəticələnib. Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciətini nəzərə alaraq, tam atəşkəs haqqında razılaşma əldə olunub və 2023-cü il sentyabrın 20-də saat 13:00-da lokal xarakterli antiterror tədbirləri dayandırılıb. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının təklif etdiyi kimi, Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabrın 21-də Yevlaxda görüş keçirilib. Görüş zamanı erməni tərəfi bağça və məktəblərin istilik sistemləri, təcili tibbi yardım və yanğınsöndürmə xidmətlərinin ehtiyacları təmin olunmaqla yanacağın təchiz edilməsi və humanitar dəstəyin həyata keçirilməsi istəyib.