Bakı. Trend:
Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra Cənubi Qafqaz regionuna qayıdır.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili Beynəlxalq Astronavtika Federasiyasının oktyabrın 1-də Bakıda keçirilən Nazirlər və parlament üzvləri üçün 13-cü toplantısında çıxışı zamanı deyib.
"Deyim ki, bu çox rasional seçimdir. Rasional seçimdir, çünki bu, ənənələrə qayıdışdır, burada, 50 il əvvəl, 1973-cü ildə Azərbaycanın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə Bakıda 24-cü Qurultay keçirilib. Bu il biz Ulu Öndərin 100 illik yubileyini qeyd edir, xatirəsini ehtiramla yad edirik. İndi ölkəmiz ən böyük kosmik tədbirə - 2023-cü ildə 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edir. Bu o deməkdir ki, Beynəlxalq Astronavtika Konqresi yarım əsrdən sonra yenidən bölgəmizə qayıdır. Bu konqres həm məzmununa, həm də iştirakçıların sayına görə bütün əvvəlkilərdən daha çox təmsil olunur.
Siz çox rasional seçim etdiniz, çünki Bakı bu regionun qəlbidir”, - deyə o bildirib.
Qeyd edək ki, Beynəlxalq Astronavtika Federasiyasının Nazirlər və parlament üzvləri üçün (MMOP) beynəlxalq konqresi 2009-cu ildən etibarən təşkil edilir.
Sayca 13-cü toplantı oktyabrın 2-dən 6-dək ölkəmizin ev sahibliyi edəcəyi 74-cü Bakı Beynəlxalq Astronavtika Konqresi ərəfəsində keçirilir.
Paytaxt Bakı 1950-ci ilin oktyabr ayından etibarən keçirilən bu mötəbər tədbirə ev sahibliyi hüququnu 2019-cu ilin oktyabr ayında ABŞ-ın paytaxtı Vaşinqtonda Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasına keçirilən seçkilər zamanı qazanıb.
Ölkəmiz bu tədbirə ilk dəfə 1973-cü ildə Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərliyi dövründə ev sahibliyi edib.