Bakı. Trend:
ABŞ Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olacağına ümid edir.
Trend xəbər verir ki, bu barədə brifinq zamanı ABŞ Dövlət Departamentinin mətbuat katibinin birinci müavini Vedant Patel Qafqaz üzrə danışıqlar üzrə baş müşaviri Lui Bononun Bakıya son səfərinin təfərrüatları ilə bağlı sualı cavablandırarkən deyib.
"Biz bu məsələləri ilə məşğul olanda bu iki ölkə arasında sülh və Cənubi Qafqazda davamlı sülh arzu və ümidimizi ön plana çıxarırıq", - deyə o bildirib.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Bakıya səfər edib. O, Azərbaycan və Ermənistan arasında sülhün təşviqində ABŞ-ın dəstəyini vurğulayıb.
Xatırladaq ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan iyunun 27-29-da Virciniya ştatının Arlinqton şəhərindəki Corc Şultz adına Milli Xarici Əlaqələr Tədris Mərkəzində ikitərəfli danışıqlar aparıblar. Onlar Vaşinqtonda olarkən dövlət katibi Antoni Blinken və prezidentin köməkçisi, milli təhlükəsizlik müşaviri Ceyk Sallivanla görüşüblər.
Nazirlər və onların komandaları Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında ikitərəfli Saziş layihəsi üzərində işi davam etdiriblər. Onlar əlavə maddələr üzrə razılığa gəliblər və saziş layihəsi üzrə qarşılıqlı anlaşma əldə ediblər, eyni zamanda bəzi əsas məsələlər üzrə mövqelərin daha da inkişaf etdirilməsini tələb etdiyini etiraf ediblər.