...

Növbədənkənar Prezident seçkiləri yeni reallıqların təzahürüdür - Emin Hacıyev

Siyasət Materials 15 Dekabr 2023 19:19 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Məlum olduğu kimi, 15 dekabr 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının İdarə Heyətinin geniş tərkibli iclası keçirilib. İclasda Prezident cənab İlham Əliyevin namizədliyi irəli sürülmüş, qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib. Bu gün Azərbaycan beynəlxalq aləmdə güclü iqtisadiyyata malik olan, nüfuzlu və öz sözünü deyən ölkələrdən birinə çevrilib. Müasir dünyamızda baş verən proseslər, dəyişikliklər yeni çağırışlar yaradır. Ölkəmizdə növbədənkənar Prezident seçkilərinin keçirilməsi yeni yaranmış reallıqların təzahürüdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Emin Hacıyev deyib.

O bildirib ki, 20 il öncə xalqımız müdrik seçim edərək Ulu Öndər Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı cənab İlham Əliyevə səs verərək onu Prezident seçdi.

“Ötən illərdə ölkəmizin sürətli tərəqqisi, əldə etdiyi uğurlar və ən əsası torpaqlarımızın işğaldan azad edilməsi bu seçimin nə dərəcədə düzgün olduğunun göstəricisidir.

Fevral ayının 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərini əminliklə Zəfər seçkisi adlandırmaq olar. Uzun illər davam edən işğaldan sonra ilk dəfə Azərbaycanın bütün ərazilərində keçiriləcək bu seçki tariximizin şanlı səhifələrinə həkk olacaqdır.

Növbəti fərəh doğuran məsələ ondan ibarətdir ki, 30 ildən sonra ilk dəfə işğaldan azad edilmiş ərazilərimizə qayıdan vətəndaşlarımız öz doğma torpaqlarında səsvermə hüququnu həyata keçirə biləcəklər. Bu təkcə keçmiş məcburi köçkünlərimizin deyil, hər bir azərbaycanlının qürur mənbəyidir.

Əminliklə bildirirəm ki, müdrik Azərbaycan xalqı 7 fevralda keçiriləcək seçkilərdə yenə inkişafa, əmin-amanlığa, sabitliyə - öz liderinə səs verəcək. “Qarabağ Azərbaycandır!” şüarını dilindən düşürməyən xalqımız, uzun illər çox böyük zəhmət hesabına bu şüarı yaradan və həyata keçirən ölkə rəhbərinin yeni seçkilərdə əlbəttə ki, yanında olacaq, xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək”, - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti