...

Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev irsini daima yaşadacaq - Deputat

Siyasət Materials 2 Fevral 2024 10:00 (UTC +04:00)
Azərbaycan gəncliyi Ulu Öndər Heydər Əliyev irsini daima yaşadacaq - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bildiyiniz kimi hər bir ölkənin gəncliyi onun gələcəyi və aparıcı qüvvəsidir. Hal-hazırda ölkəmizdə gənc nəslə diqqət göstərilməsi, onların layiqli vətəndaş kimi yetişdirilməsi dövlət siyasətimizin prioritet istiqamətlərindən biridir.

Bunu Trend-ə Milli Məclisin deputatı Emin Hacıyev deyib.

O qeyd edib ki, Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ulu Öndərin 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra bu istiqamətdə məqsədyönlü addımlar atılmağa başlanıldı.

"Uzaqgörən, qətiyyətli siyasətçi olan dahi şəxsiyyət ilk görüşlərindən birini gənclərlə keçirmiş və onlara dərin inam bəslədiyini ifadə etmişdir. Beləliklə, Heydər Əliyev gənclər siyasətini düzgün və uğurlu formalaşdırmaqla dövlətin sağlam təməlini qoymuşdur. Azərbaycan gənclərinin vətənə sədaqət ruhunda tərbiyə edilməsi Ulu Öndərin azərbaycançılıq ideologiyasının mühüm istiqamətlərindən biri idi. Məhz onun rəhbərliyi ilə uğurlu gənclər siyasətinin formalaşdırılması üçün qanunvericilik bazası yaradıldı və mühüm layihələr həyata keçirildi

Bu gün də əhalimizin önəmli hissəsini təşkil edən gənclər cəmiyyətimizin ən vacib resursu kimi qəbul edilir. Ölkəmizin gənclər siyasəti ilə əlaqəli bütün dövlət qurumları fəaliyyətləri çərçivəsində gənclərin təhsilinə, iştirakçılıq məsələsinə, məşğulluğun dəstəklənilməsi və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsinə dəstək verilir. Bütün bunlar möhtərəm Prezident cənab İlham Əliyevin gənc nəslə diqqətinin təzahürüdür. Gənclər siyasətinin mütəmadi olaraq təkmilləşdirilməsi ilə gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, yaradıcı gəncliyin formalaşmasına şərait yaradılmışdır.

Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində bir sıra mühüm nəticələr əldə edilmişdir. Həyatın bütün sahələrində gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmiş və könüllülük hərəkatı genişlənmişdir. Vətən müharibəsində Azərbaycan gəncliyi öz Vətənini nə qədər sevdiyini, ona bağlı olduğunu və canını verməyə belə hazır olduğunu bütün dünyaya nümayiş etdirdi. Vətən uğrunda, torpaq uğrunda irəli gedənlərin əksəriyyəti gənclər idi. Bu, hər birimiz üçün qürur mənbəyidir.

Eyni zamanda qeyd etmək istərdim ki, azərbaycanlı gənclərinin inkişafı naminə verilən mühüm və əlamətdar qərarlardan bir neçəsi “Gənclər üçün Prezident Mükafatı”nın, gənc kadrların irəli çəkilməsi siyasətinin təcəssümü olan “Yüksəliş” müsabiqəsinin və respublikamızın 55 şəhər və rayonunda fəaliyyət göstərən Gənclərin İnkişaf və Karyera Mərkəzinin təsis edilməsi olmuşdur. Elm, təhsil, mədəniyyət və incəsənət sahələrində istedadlı gənclərin aşkar olunması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi üçün əlverişli mühitin formalaşdırılması və peşəkarlıq səviyyəsinin yüksəldilməsi üçün kompleks tədbirlər həyata keçirilir. Bununla yanaşı olaraq gənclərin məşğulluğunun dəstəklənməsi və sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi sahəsində 2011-ci ildən başlayaraq bir sıra təlim kursları, seminarlar, praktiki məşğələlər, əmək yarmarkaları və intellektual yarışlar keçirilmişdir.

Ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilik irsi və ideyalarından bəhrələnən müstəqil və suverenliyini tam bərpa etmiş Azərbaycan gəncliyi möhtərəm Prezident cənab İlham Əliyevin siyasi kursunu hamılıqla dəstəkləyir və ona sadiqdir. Əminəm ki, gəncliyimiz dövlətimizin rifahı və tərəqqisi naminə yorulmadan çalışacaq, onu daha uca zirvələrə qaldıracaqdır!", - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti