Bakı. Trend:
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşünün nəticəsində əldə olunan razılıq bundan ibarət idi ki, Azərbaycan və Ermənistan xarici işləri nazirləri sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsinin danışıqları üzrə görüşsünlər, digər tərəfdən, delimitasiya və demarkasiya Komissiyası da öz işini davam etdirsin.
Bu barədə Trend-in suallarını cavablandırarkən politoloq İlyas Hüseynov deyib.
O qeyd edib ki, Almaniya kansleri Olaf Şoltsun iştirakı ilə keçirilən görüş nəticəsini verir.
"Lakin xüsusilə vurğulamaq istəyirəm ki, siyasi danışıqların getdiyi bir dövrdə Cənubi Qafqazda gərginliyi artırmaq istəyən qüvvələr fəaliyyətdədir. Xüsusilə Ermənistan Rusiya maraqlarına zərbə vurulması fonunda Fransanın bu mövqeləri əldə etmə mübarizəsi gedir.
Eyni zamanda, kütləvi şəkildə Ermənistanın silahlandırılmasına cəhd göstərilir. Ermənistan Baş naziri Münhen danışıqlarından sonra Parisə səfər edir, Makronla görüşdə Fransanın Ermənistana dəstəyi ifadə edilir, ardınca Fransanın müdafiə naziri İrəvana səfər edir, hərbi texnikanı oraya daşıyır.
Bu sülh, sabitliyə və təhlükəsizliyə təhdid kimi qiymətləndirilir. Nəzərə almaq lazımdır ki, bütün bunlar sülh danışıqları ilə paralel icra olunur. Biz Ermənistanı konstruktiv olmağa çağırırıq", - deyə o bildirib.