Bakı. Trend:
21 mart 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici
işlər naziri Ceyhun Bayramov Brüsseldə keçirilən Nüvə Enerjisi
Sammiti çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər
naziri Məhəmməd İşaq Dar ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə nazir
Azərbaycan və Pakistan arasında qarşılıqlı etimad, həmrəylik və
hörmətə əsaslanan ikitərəfli dostluq münasibətlərini, əməkdaşlıq
perspektivlərini, bölgədəki cari vəziyyəti müzakirə ediblər.
Nazir Ceyhun Bayramov həmkarını xarici işlər naziri təyin olunması
münasibətilə səmimi təbriklərini çatdırıb və bu məsuliyyətli
vəzifəsində ona uğurlar arzulayıb.
İki ölkə arasında əməkdaşlığın, o cümlədən mövcud siyasi dialoqun
yüksək səviyyəsindən məmnunluq ifadə olunub, bütün istiqamətlərdə
ali və yüksək səviyyəli səfərlərin, o cümlədən təmasların
əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Pakistan arasında iqtisadiyyat, nəqliyyat, ticarət və
digər sahələrdə əməkdaşlığın geniş potensialının olduğu diqqətə
çatdırılıb.
Görüşdə nazir Ceyhun Bayramov həmkarını BMT-nin İqlim Dəyişikliyi
üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu
sessiyasına (COP29) hazırlıq işləri, işğaldan azad olunmuş
ərazilərimizdə bərpa və yenidənqurma işləri, ağıllı şəhər və yaşıl
enerji layihələri, davam edən mina təhdidi, habelə
Azərbaycan-Ermənistan normallaşma prosesi barədə ətraflı
məlumatlandırıb.
Görüşdə nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər regional
və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
xxx
16:38
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Belçikanın Brüssel şəhərində keçirilən Atom Enerjisi Sammiti çərçivəsində Pakistanın xarici işlər naziri İshaq Darla görüşüb.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında qeyd edilib.
Tərəflər iqtisadiyyat, nəqliyyat və kommunikasiya sahələrində əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparıblar.
Eyni zamanda, COP29-la əlaqədar hazırlıq işləri və münaqişədən sonrakı regional vəziyyət müzakirə olunub.