Bakı. Trend:
Fransa BMT-nın qətnamələrinə riayət etmir.
Trend-in məlumatına görə, bunu Tavini Huiraatira Partiyası sədr müavinin xarici əlaqələr üzrə müşaviri, Punaauia şəhərində Tavini-nin baş koordinatoru xanım Marania Vaianui Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfransda deyib.
O qeyd edib ki, BMT qətnamələrində qeyd edilir ki, biz müstəmləkəçilikdən azad olmalıyıq. “193 ölkə bizə dəstək göstərməlidir. Mən öz xalqımızın azadlığını istəyirəm ki, biz torpaqlarımızı azad edək, öz təbii sərvətlərimizdən səmərəli istifadə edək”, - deyə o əlavə edib.
Qeyd edək ki, Fransız Polineziyası (Mā’ohi Nui – yerli dildə) Parlamentinin Komissiya rəhbərləri və katibləri, habelə ölkənin hakim “Tavini” partiyasının rəhbər heyətinin Azərbaycana səfərə gəlib.
Dörd günlük səfərin məqsədi Azərbaycan və Fransız Polineziyası arasında parlamentlərarası, iqtisadi, humanitar, habelə elm, təhsil, idman, səhiyyə və digər sahələrdə əməkdaşlığın yaradılması imkanlarının nəzərdən keçirilməsidir.
Fransız Polineziyasının nümayəndə heyətinin səfəri XXI əsrdə kolonializm və onun yeni təzahürləri ilə mübarizə sahəsində fəaliyyət göstərən Bakı Təşəbbüs Qrupunun (BTQ) dəvəti ilə baş tutub. Səfər bu ilin aprel ayının 30-da BMT-nin Vyana Ofisində BTQ-nin təşkilatçılığı ilə keçirilmiş “Müstəmləkəçilikdən qurtuluş: assimilyasiyanın nəticələri və onun insan hüquqlarının həyata keçirilməsinə təsiri” adlı beynəlxalq konfrans çərçivəsində BTQ və Tavini partiyası arasında imzalanmış Əməkdaşlıq haqqında Sazişin müddəalarına uyğun olaraq təşkil olunur.
Qeyd edək ki, “Tavini” partiyası uzun illərdir ki, Fransız Polineziyasının Fransa əsarətindən azad olaraq, müstəqillik qazanması uğrunda mübarizə aparır.