Bakı. Trend:
Pakistan tez-tez siyasi dəyişikliklərə şahidlik etsə də, onun xarici siyasətindəki Azərbaycan amili üzrə paradiqmalar dəyişməz olaraq qalır.
Bunu Trend-ə açıqlamasında siyasi təhlilçi Aqşin Kərimov deyib.
O bildirib ki, Prezident İlham Əliyevin Pakistana dövlət səfəri iki ölkə arasındakı qarşılıqlı hörməti, strateji əlaqələri, təhlükəsizlik təsirlərindən yaranan effektiv modeli göstərməyə imkan verir.
"Yüksək səviyyəli əlaqələr iki ölkə arasında iqtisadi-ticari təsirlərin yaranmasını da şərtləndirir. Buna görə də Pakistan investisiya sektorunu canlandırmaqdan ötrü Azərbaycanın sərmayələrinə ehtiyac duyur. Danışıqlarda investisiya portfelləri üzrə müzakirələrin aparılması da bunu təsdiqləyir.
Nəticədə Azərbaycanla Pakistanın regional hadisələrə
yanaşmalarda strateji uyğunluqları güclənir.
Bu tərəfdaşlığın kritik müdafiəsi və strateji tərəfləri Cənab
Prezident İlham Əliyevin səfərinin işığında aydınlaşır."
Siyasi təhlilçi bildirib ki, Pakistan daxildəki siyasi hava şəraitindən asılı olmayaraq, Çinlə isti münasibətlərini qoruyub-saxlamaqdadır.
"Bu, "Bir Kəmər və Yol" Təşəbbüsünün flaqman layihəsi kimi Çin-Pakistan İqtisadi Dəhlizinin işə salınması ilə daha da möhkəmlənib. Azərbaycan da Çinlə əlaqələrinin səviyyəsini üst mərtəbələrə qaldırır və bu, güman ki, Azərbaycan-Pakistan əlaqələrinin inkişafına Pekinin diqqətini artıra bilər", - deyə o qeyd edib.
Siyasi ekspert Turab Rzayev isə bildirib ki, Azərbaycanla Pakistan arasında hərbi, tarixi, dini münasibətlər var.
"Bundan başqa, Mərkəzi Asiyadan türk tayfalarının Pakistan coğrafiyasının inkişafında, mədəniyyətinin formalaşmasında xüsusi rolu olub. Hazırda hər iki ölkə arasında güclü hərbi əməkdaşlıq mövcuddur. Ordular birgə təlimlər həyata keçirir, silahlı texnologiya mübadiləsi aparırlar.
Hazırda hərbi-siyasi münasibətlərin inkişaf etdirilməsini görürük. Pakistan Azərbaycana İkinci Qarabağ müharibəsində dəstək verən ölkələrdən biri idi. O cümlədən, Azərbaycan Pakistanda daşqınlardan əziyyət çəkən bölgələrə yardımlar edib. Hər iki ölkə həm ikitərəfli, həm də çoxtərəfli platformalarda bir-birinə daim dəstək göstərir və əlaqələrimiz bütün sahələrdə sürətlə inkişaf edir", - deyə o qeyd edib.