Bakı. Trend:
Bu gün, oktyabrın 3-də Avropa Parlamentinin Cənubi Qafqazla əlaqələr üzrə nümayəndə heyətinin təsis yığıncağı keçirilib, qurumun sədri və müavinləri seçilib, o cümlədən Fransadan olan Natali Luazo sədrinin birinci müavini təyin edilib.
Azərbaycana olan dərin nifrətini gizlədə bilməyən, hər vəchlə ölkəmizə qarşı qərəz nümayiş etdirən bir şəxsin Cənubi Qafqazla əlaqələrdən məsul bir vəzifəyə gətirilməsi Fransanın regionda yeni oyunlarından xəbər verir.
Bu ilin fevralında Paşinyandan medal alarkən, “bundan sonra da dost Ermənistan və xalqının rifahı naminə aktiv fəaliyyət göstərəcəm” – deyən xanım Luazonun bu təyinatının Aİ-nin Cənubi Qafqazla əməkdaşlığına heç bir töhfəsi ola bilməz.
Digər tərəfdən, məlumdur ki, tərkibində bir çox fransızın olduğu Avropa İttifaqının müşahidə missiyası (EUMA) 2022-ci ildən ölkəmizə qarşı Ermənistan-Azərbaycan şərti sərhədində fəaliyyət apararaq hibrid təhdid yaratmağa çalışır.
Ötən il xanım Luazonun EUMA rəhbərinin müşayiəti ilə Laçınla sərhəddə anti-Azərbaycan bəyanatlar verməsi, Ermənistanın xeyrinə durmadan fəaliyyət aparması və bugünkü təyinatı kampaniyanın vahid mərkəzdən idarə olunduğunu və əlaqələndirilmiş formada aparıldığını bir daha sübut edir.
Azərbaycan istənilən təhdidin və çağırışın öhdəsindən gəlməyə qadir, regionun ən güclü ölkəsidir. Əgər, Avropa Parlamenti Luazo kimi insanlarla Cənubi Qafqazla əlaqələr qurmağı planlayırsa, bu niyyətinin indidən iflasa məhkum olduğunu anlamalıdır.
Ramid Namazov
Milli Məclisin deputatı,
Parlamentin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı
komissiyasının sədri