Bakı. Trend:
Türkiyənin İstanbul şəəhrində "3+3" regional platforması üzrə xarici işlər nazirlərinin iclası keçirilib.
Trend xəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.
İclasda Azərbaycan, Ermənistan, İran və Rusiya xarici işlər nazirləri iştirak edib.
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Respublikasının görüşdə çıxış edib.
Çıxışda ölkəmizin təhlükəsizlik, iqtisadiyyat, ticarət,
energetika, nəqliyyat-kommunikasiyalar, ətraf mühitin mühafizəsi,
təbii və texnogen fəlakətlər və s. istiqamətlər üzrə mövcud
çağırışların regional əməkdaşlıq imkanlarına çevrilməsinə yönələn
baxışı, o cümlədən postmünaqişə dövründə regional sülh və
normallaşma prosesi üzrə mövqeyindən ətraflı bəhs olunub.
Nazir Ceyhun Bayramov “3+3” formatının görüşünə ev sahibliyinə görə
qardaş Türkiyə Respublikasına təşəkkür edib, mövcud çağırışlarla
mübarizədə ölkəmizin regional əməkdaşlıq və bu kimi formatlar
çərçivəsində məsləhətləşmələrə xüsusi əhəmiyyət verdiyini diqqətə
çatdırıb.
Xarici qüvvələrin regionda öz təhlükəli gündəlikləri, o cümlədən
ziddiyyətli hərbiləşdirmə ilə məşğul olmaqla, geosiyasi eskalasiya
və bölücü xətləri regionumuza proyeksiya cəhdlərini artırması
fonunda regional fəaliyyət və dialoqun daha da vacib olduğu
vurğulanıb.
Mövcud şəraitdə bölgə dövlətlərinin beynəlxalq hüququn prinsipləri,
xüsusilə suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı,
daxili işlərə qarışmama əsasında regionumuza sahib çıxmasının,
bölgəmizin problemlərinin həll yollarını məhz region çərçivəsində
axtarması, regional təhlükəsizliyimizi bölünməz anlayış olaraq
qəbul etməsinin əhəmiyyəti qeyd olunub.
Ölkəmizin müstəqilliyinin bərpa olunmasından bəri bölgə dövlətləri
ilə qarşılıqlı hörmət, maraqlar balansı və legitim təhlükəsizlik
narahatlıqları nəzərə alınmaqla qarşılıqlı faydalı əməkdaşlıq
etdiyi, bunun nəticəsində Bakı-Tbilisi-Qars, Şimal-Cənub dəhlizi
kimi bir sıra regional, o cümlədən qlobal əhəmiyyətli layihələrin
həyata keçirildiyi bildirilib. Birgə layihələrimizin Naxçıvan
Muxtar Respublikasını da əhatə etməsi, xüsusilə İran ərazisindən
keçərək Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan
Muxtar Respublikasını birləşdirən kommunikasiyaların tezliklə
tamamlanmasına dair ümidvarlıq ifadə olunub.
Keçmiş münaqişənin yekunlaşması, ölkəmizin ərazi bütövlüyü və
suverenliyinin bərpası ilə regional əməkdaşlıq üçün açılan yeni
imkanların fonunda Azərbaycanın Ermənistanla dayanıqlı sülh
quruculuğu prosesinin davam etdirilməsi və irəlilədilməsinə dair
qətiyyəti bir daha təsdiq olunub.
Sülh prosesinin qarşısında duran maneələrin aradan qaldırılmasının,
xüsusilə Ermənistanın təcavüz və işğalının bir daha
təkrarlanmayacağı və sülhün daxili siyasi və hüquqi vəziyyətdən
asılı olmayacağına zəmanət verən zəruri konstitusiya
dəyişikliklərinin vacibliyi vurğulanıb. Mövcud problemlərin gözardı
edilməsi ilə dayanıqlı sülh quruculuğunu təxirə salan “yarımçıq
sülh”ün Ermənistan tərəfindən təbliğatının "gizli gündəm"in
mövcudluğuna dair sual doğurduğu qeyd olunub.
Qeyd edək ki, ötən il 23 oktyabr tarixində Tehranda "3+3" formatında XİN başçılarının görüşü keçirilib. Azərbaycanın və Rusiyanın, Türkiyənin və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov, Sergey Lavrov, Hakan Fidan, Ararat Mirzoyan da "3+3" formatında görüşdə iştirak edib.