...

Azərbaycan xalqı 9 Noyabr - Dövlət Bayrağı Gününü qürurla qeyd edir - Deputat

Siyasət Materials 9 Noyabr 2024 14:35 (UTC +04:00)
Azərbaycan xalqı 9 Noyabr - Dövlət Bayrağı Gününü qürurla qeyd edir - Deputat
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycan xalqı 9 Noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününü qürurla qeyd edir. Bayraq dövlətimizin rəmzi, müstəqilliyimizin, süverenliyimizin, milli kimliyimizin təcəssümüdür.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

Deputat bildirib ki, Azərbaycan xalqı artıq bu günü qalib xalq kimi və ərazi bütövlüyü tam təmin edilmiş şəraitdə qeyd edir.

“Bu gün üçrəngli bayrağımız ölkəmizin bütün guşələrində qürurla dalğalanır. Azərbaycan Prezidenti İlham Əliyev hər zaman dövlət bayrağımıza böyük diqqət və sevgi ilə yanaşıb.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət bayrağı Günü kimi qeyd edilir. Dövlət bayrağındakı üç rəng XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunu ifadə edir və bu gözəl bayrağımızın müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir”, - deyə deputat vurğulayıb.

A.Həsənova qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub.

“Təəssüf ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Nəhayət ki, 70 illik fasilədən sonra Azərbaycan xalqı yenidən öz bayrağına qovuşdu, üçrəngli bayrağımız yenidən dalğalanmağa başladı. Dövlət bayrağımız 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilən sessiyada Muxtar Respublikanın Dövlət bayrağı kimi qəbul edildi.

Daha sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırdı. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxıldı və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etdi.

Eyni zamanda, Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra üçrəngli bayrağımız ümumxalq referendumu ilə qəbul edilən Konstitusiyada da öz əksini tapdı. Ulu Öndər bayraq haqqında deyirdi: “Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu gün Azərbaycan bayrağı, Azərbaycan bir çox nüfuzlu beynəlxalq təşkilatların önündə dalğalanaraq varlığımızı, gücümüzü, müstəqilliyimizi, suverenliyimizi və milli kimliyimizi bütün dünyaya nümayiş etdirir.

“Prezident İlham Əliyevin milli ideyalara bağlılığı, həm də üçrəngli bayrağımıza münasibətdə açıq-aydın görünür. İşğaldan azad edilən ərazilərimizdə Prezident İlham Əliyev tərəfindən üçrəngli bayrağımızın ucaldılması xalqımız üçün çox sevindirici və qürurverici, eyni zamanda tarixi hadisə idi. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfər bayrağımızı 30 illik həsrətdən sonra doğma yurdumuza geri qaytardı və bu gün bayrağımız həmin ərazilərdə də qürurla dalğalanır və biz çox xöşbəxt xalqıq ki, bu tarixi hadisələrə şahidlik edirik.

Harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı üçün müstəqil Azərbaycan Respublikasının üçrəngli Dövlət bayrağı fəxr, fəxarət mənbəyidir və hər bir azərbaycanlı bayrağımızı qorumalı, sevgi bəsləməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 75-ci maddəsinə əsasən hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə - bayrağına, gerbinə və himninə hörmət etməlidir”, - deyə deputat əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti