Bakı. Trend:
Baş nazir Əli Əsədov COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində bir sıra görüşlər keçirib.
Trend xəbər verir ki, Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 12-də Bakıda keçirilən COP29 Liderlər Sammitinin açılış mərasimi çərçivəsində Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif, İspaniya Krallığı Hökumətinin sədri Pedro Sançez və FIFA-nın prezidenti Canni İnfantino ilə görüşlər keçirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.