Bakı. Trend:
Avropa ölkələrində emissiyaların azaldılması əsasən, bərpaolunan enerjinin sürətlə artırılması sayəsində mümkün olub
Trend xəbər verir ki, bu sözləri Avropa İttifaqının (Aİ) iqlim fəaliyyəti üzrə komissarı Vopke Hoekstra COP29 çərçivəsində “Nazirlər dialoqu: Bərpa olunan mənbələrin üçqat artırılması və enerji səmərəliliyinin ikiqat artırılması üçün investisiyaların genişləndirilməsi” mövzusunda keçirilən tədbirdə deyib.
O vurğulayıb ki, ötən il Avropa İttifaqı ölkələrində emissiyaların həcmi 8 faiz azaldılsa da, qlobal səviyyədə 1,3 faiz artıb.
“Bu gün Avropanın elektrik enerjisinin yarıdan çoxu külək və günəş enerjisindən əldə edilir. Bu da bütün qalıq yanacaqlarını üstələyir. Bərpaolunan enerji yerli mənbələrdən əldə olunduğu üçün iş yerlərinin yaradılmasına xidmət edir, ekologiyanı qoruyur. Qeyd olunan hədəflərə nail olmaq onilliyin sonuna qədər qlobal istixana qazı emissiyalarını 10 milyard ton azaldacaq ki, bu da Avropa İttifaqı ölkələrinin üçillik ümumi emissiyalarından çoxdur. Bu, olduqca iddialı bir məqsəddir, ancaq düşünürəm ki, həyata keçirmək mümkündür”, - deyə o bildirib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.